Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ərçivan qəsəbəsində səyyar qəbul və görüş

11 noyabr 2016 | 16:00

Noyabrın 11-də Ərçivan qəsəbəsində keçirilən səyyar qəbul və görüşdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədovun, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, kənd təsərrüfatı ilə məşğul olan təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən səyyar qəbul və görüşdə ictimaiyyətin nümayəndələri, fermer və sahibkarlar onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqlarla əlaqədar rayonda, o cümlədən Ərçivan qəsəbəsində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat vermiş, görüş iştirakçılarını əsas diqqəti kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi üçün həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət etmişdir.
RİHB-nın Ərçivan qəsəbəsi üzrə nümayəndəsi Cəbrayıl Salmanov və Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva çıxış edərək ərazidə görülən geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat vermiş, xüsusən əkin sahələrinin dövriyyəyə buraxılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə mövcud olan problemlər və çıxış yolları barədə fikirlərini bildirmişlər. Qeyd olunmuşdur ki, Ərçivan qəsəbəsində cari ildə fərdi təsərrüfatlarda 349 hektarda, pay və bələdiyyə torpaqlarında 577,5 hektarda əkinlər aparılmışdır. 14 hektarda çəltik, 64 hektarda dənli bitkilər, 50 hektarda paxlalılar, 110 hektarda bostan bitkiləri, 464 hektarda tərəvəz, 20 hektarda qarğıdalı, 160 hektarda kartof əkinləri keçirilmişdir. Qəsəbə bələdiyyəsi tərəfindən icarəyə verilən torpaq sahələrinin xeyli hissəsində əkin aparılmaması  narahatlıq doğurur. Bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar bələdiyyə tərəfindən təsirli tədbirlər görülür. Qəsəbə ərazisində kənd təsərrüfatının inkişafı üçün əkin sahələrinə gedən yolların texnikanın hərəkəti üçün açılması, kanalların istiqaməti üzrə dəyişdirilməsi, texnikadan və gübrələrdən səmərəli istifadə edilməsinə şərait yaradılması və digər bu kimi məsələlərə köməklik göstərilməlidir.
Görüşdə qəsəbə sakinlərindən Bayram Vəliyev, Məmməd Abdullayev, Əhməd Həsənov, Heybət Süleymanov, Qənbər Quliyev, Məmmədağa Əliyev, Əfqan Rzayev, Teymur Rəcəbov və başqaları çıxış edərək onları narahat edən problemlər, kənd təsərrüfatının inkişafı üçün vacib olan məsələlər barədə tənqidi qeyd, təklif və rəylərini bildirmişlər. Onlar Ərçivan qəsəbəsində mövcud bankomatın  götürülməsi nəticəsində yaranan çətinliklər, yeni uşaq bağçasının tikintisi, qəsəbə 1 saylı tam orta məktəbin binasının əsaslı təmiri, baytarlıq laboratoriyasının yaradılması, kənd təsərrüfatı texnikası və gübrələrlə təminat sahəsində müvafiq köməklik göstərilməsi və digər məsələləri diqqətə çatdırmışlar.
Rayon Baytarlıq idarəsinin rəisi Mübariz Axundov, Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov çıxış edərək qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlər barədə fikirlərini bildirmiş, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün onlara bundan sonra da hərtərəfli kömək göstəriləcəyini, kənd təsərrüfatı texnikası, gübrə və dərmanlara olan tələbatın ödənilməsi üçün konkret tədbirlər görüləcəyini nəzərə çatdırmışlar. Texnikadan  istifadə olunarkən və gübrə satışı ilə əlaqədar mövcud qiymətlər barədə qabaqcadan əhaliyə ətraflı məlumat veriləcəkdir.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov görüşdə çıxış edərək yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, son dövrdə respublikamızda Ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməl tədbirlərin görüldüyünü, ənənəvi əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Astara rayonunda ənənəvi əkinçilik növləri olan çayçılığın, çəltikçiliyin və baramaçılığın inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş zamanı qaldırılan bütün məsələləri diqqətlə araşdırılacağını, geniş təhlillər aparılacağını, xüsusən qəsəbədə əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi köməkliyin göstəriləcəyini qeyd etmişdir. İcra başçısı Ərçivan qəsəbə sakinlərinin torpağa bağlı, əməksevər və işgüzar olduqlarını razılıqla bildirərək, onlara torpaqlardan daha səmərəli istifadə etmələri üçün hər cür şəraitin yaradılacağını, xüsusən kənd təsərrüfatı texnikası, gübrə və dərmanlarla təminat sahəsində mövcud problemlərin həll olunacağını diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən çəltikçiliyin, çayçılığın və baramaçılığın daha geniş şəkildə yayılması məqsədilə geniş izahat və maarifləndirmə işləri aparılır. Rayonun ən iri yaşayış məntəqələrindən olan Ərçivan qəsəbəsində də bu sahələrin inkişafı üçün əlverişli şərait vardır. Qəsəbə ərazisində əvvəlki illərdə yüzlərlə hektarda çay plantasiyaları salınmış, çəltik əkinləri keçirilmişdir. Fermer və sahibkarlar dövlətin göstərdiyi qayğı və diqqətdən ruhlanaraq bu əkin növləri üzrə qəsəbənin əvvəlki şöhrətini geri qaytarmaq üçün bütün qüvvələri səfərbərliyə almalıdırlar. Qəsəbədə çayçılıq və çəltikçiliklə yanaşı baramaçılığın da inkişafına ciddi diqqət yetirilməlidir. Bu məqsədlə tut tinglərinin əkininə geniş yer verilməli, əhali arasında baramaçılığa marağın artırılması üçün təsirli tədbirlər görülməlidir. İnanıram ki, Ərçivan qəsəbəsinin işgüzar zəhmət adamları cənab Prezidentin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna öz sanballı töhfələrini verəcəklər.
Sizə bu işdə uğurlar arzulayıram.

Keçidlər