Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şahağac kəndində səyyar qəbul və görüş

09 dekabr 2016 | 16:00

Rayonun iri yaşayış məntəqələrindən olan Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisi 1007 hektar, əhalisi 4783 nəfərdir. Kənddə son illərdə yol-abadlıq işlərinə geniş diqqət yetirilmiş, kənd təsərrüfatının inkişafı sahəsində uğurlar əldə edilmişdir.
Dekabrın 9-da  Şahağac kəndində  keçirilən səyyar qəbul və görüşdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, idarə və müəssisə rəhbərlərinin, kənd təsərrüfatı ilə məşğul olan təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən səyyar qəbul və görüşdə ictimaiyyətin nümayəndələri, fermer və sahibkarlar onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Kənd  sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqlarla əlaqədar rayonda, o cümlədən Şahağac kəndində  görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat vermiş, görüş iştirakçılarını əsas diqqəti kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi üçün həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət etmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kəndi  üzrə nümayəndəsi Rəşad Həsənov çıxış edərək ərazidə görülən geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat vermiş, xüsusən əkin sahələrinin dövriyyəyə buraxılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə mövcud olan problemlər və çıxış yolları barədə fikirlərini bildirmişdir. Qeyd olunmuşdur ki, Şahağac kəndində 2016-cı ilin yaz və payız əkin kompaniyası yüksək səviyyədə təşkil olunmuş və son illərin yüksək göstəriciləri əldə edilmişdir. Mövcud 486 hektar sahənin 380 hektarında əkin keçirilmişdir. Cari ildə fərdi təsərrüfatlarda 68 hektarda, pay torpaqlarında 312 hektarda əkinlər aparılmışdır. Bu göstərici keçən illə müqayisədə 97 hektar artıqdır. Dekabrın 1-ə qədər sahələrdən 40 ton taxıl, 2950 ton tərəvəz, 510 ton kartof, 15,2 ton çay istehsal olunmuşdur. Məhsul yığımında 250 nəfər fəhlə qüvvəsindən istifadə olunmuşdur. Nümayəndəliyin ərazisində payı bəlli 13 fermer təsərrüfatı fəaliyyət göstərir. Kənddə 2360 baş iribuynuzlu, 1610 baş xırdabuynuzlu mal-qara vardır. İlbəil mal-qaranın sayı artır. Baytarlıq İdarəsi tərəfindən mal-qara arasında xəstəliklərin qarşısının alınması üçün ciddi səylər göstərilir. Rayon rəhbərliyinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıya  cavab olaraq kənddə mövcud əkin sahələrinin dövriyyəsində istifadə olunmayan yeni əkin sahələrinin əlavə edilməsi nəzərdə tutulur. Gələn ilin bol məhsulu üçün əkin sahələri 499 hektara çatdırılacaqdır.  Payız əkin kompaniyası dövründə 53 hektarda şum işi aparılmış, 12 hektarda kələm əkini, 9 hektarda yonca səpini keçirilmişdir. 27 hektarda taxıl əkini aparılması üçün torpaqlar hazır vəziyyətə gətirilmişdir. Gələn il 6 hektarda çəltik əkini aparılacaqdır. Baramaçılığın inkişafı ilə əlaqədar kəndimizdə dövlət tərəfindən verilmiş 2000 ədəd tut tingləri  əkini başa çatdırılmışdır.  
Gələn il üçün istehsalda səmərəliliyi daha da artırmaq məqsədilə ailə kəndli təsərrüfatlarının pay torpaqlarının iri fermer təsərrüfatı şəklində birləşdirilməsinə və boş qalmış əkin sahələrinin tam əkilməsinə ciddi səy göstəriləcəkdir.  Əkin sahələrinin suvarılması, su aparıcı kanalların təmizlənməsi sahəsində müəyyən işlər görülməsinə baxmayaraq bu istiqamətdə işlərin davam etdirilməsinə ciddi ehtiyac duyulur.   
Görüşdə kənd sakinlərindən Sakit Mürsəlov, Hidayət Mirzəyev, Mahmud Əliyev, Rafiq Əsədullayev, Sakit Bəhrəmov və başqaları çıxış edərək onları narahat edən problemlər, kənd təsərrüfatının inkişafı üçün vacib olan məsələlər barədə tənqidi qeyd, təklif və rəylərini bildirmişlər. Onlar Şahağac kəndində yeni ibtidai məktəb binasının tikintisinə,  Şahağac kənd  2 saylı tam orta məktəbin dam örtüyünün  təmiri, yararsız elektrik dirəklərinin dəyişdirilməsi,  kənd təsərrüfatı texnikası və gübrələrlə təminat sahəsində müvafiq köməklik göstərilməsi və digər məsələləri diqqətə çatdırmışlar.
Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov, Baytarlıq idarəsinin rəisi Mübariz Axundov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli  çıxış edərək kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə fikirlərini bildirmiş, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün onlara bundan sonra da hərtərəfli kömək göstəriləcəyini, kənd təsərrüfatı texnikası, gübrə və dərmanlara olan tələbatın ödənilməsi üçün konkret tədbirlər görüləcəyini nəzərə çatdırmış, texnikadan  istifadə olunarkən və gübrə satışı ilə əlaqədar mövcud qiymətlər barədə qabaqcadan əhaliyə ətraflı məlumat verilmişdir. Fermer təsərrüfatlarının rəhbərlərinə tövsiyə edilmişdir ki, texnika və gübrəyə olan ehtiyacları, istehsal etdikləri məhsulun miqdarı barədə ərazi icra nümayəndəliklərini vaxtında məlumatlandırsınlar.
          Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, son dövrdə respublikamızda ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməl tədbirlərin görüldüyünü, ənənəvi əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Astara rayonunda ənənəvi əkinçilik növləri olan sitrusçuluğun, çayçılığın, çəltikçiliyin və baramaçılığın inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır. İcra başçısı görüş zamanı qaldırılan bütün məsələlərin diqqətlə araşdırılacağını, geniş təhlillər aparılacağını, xüsusən kənddə əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi köməkliyin göstəriləcəyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən sitrusçuluğun, çəltikçiliyin, çayçılığın və baramaçılığın daha geniş şəkildə yayılması məqsədilə geniş izahat və maarifləndirmə işləri aparılır. Kənddə  çayçılıq və çəltikçiliklə yanaşı baramaçılığın da inkişafına ciddi diqqət yetirilməlidir. Bu məqsədlə əkilmiş tut tinglərinə düzgün aqrotexniki xidmət göstərilməli,  əhali arasında baramaçılığa marağın artırılması üçün təsirli tədbirlər görülməlidir. İnanıram ki, Şahağac kəndində  işgüzar zəhmət adamları cənab Prezidentin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna öz sanballı töhfələrini verəcəklər.
Sizə bu işdə uğurlar arzulayıram.

Keçidlər