Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada subtropik meyvəçiliyinin inkişafı ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

17 aprel 2017 | 16:00

         Son zamanlar rayonda sitrus bağlarının salınması intensiv xarakter almışdır. Aprelin 14-ü və 15-də rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə subtropik meyvəçiliyinin inkişafı, sitrus bağlarının sağlam formada yetişdirilməsi, mövcud problemlər və qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədilə rayonun Siyaku kəndində maarifləndirici tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin dəvəti ilə rayona gəlmiş Türkiyənin Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və uyğulama mərkəzinin direktoru, böyük təcrübə sahibi, professor Səlahəddin Baloğlu tədbir iştirakçılarına subtropik mevəçiliyi ilə əlaqədar geniş məlumat vermişdir. Rayonun fermer və sahibkarlarının, sitrusçuluqla məşğul olan iş adamlarının, fərdi təssərrüfatların nümayəndələrinin iştirak etdiyi  maarifləndirici tədbirdə rayona yeni gətirilərək inkişaf etdirilən yapon sortu olan narıngi, limon və portağalın yetişdirilməsi, onlara aqrotexniki qulluğun göstərilməsi, xəstəlikləri və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışılmış, geniş fikir mübadiləsi aparılmışdır. Alim bu bitkilərə tələb olunan qaydada düzgün aqrotexniki qulluğun göstərilməsi,  məhsuldarlığın artırılması və yüksək keyfiyyətə nail olmağın səmərəli üsulları barədə  iştirakçılara geniş bilgi vermişdir. Digər meyvələrdən fərqli olaraq subtropik meyvələrinin yığımdan bir neçə ay sonra saxlanıla bilməsi, daşınmasının asan olması subtropik meyvəçiliyi ilə məşğulluğun səmərəliliyini xeyli artırır.   

Professor Səlahəddin Baloğlu Astarada sitrus bağları ilə yaxından tanış olduğunu, əkin sahələrinin bu iqlimə uyğunluğunu və Astarada sitrusçuluğun sürətlə inkişafının şahidi olduğunu qeyd etmişdir. Bu sahəni daha da inkişaf etdirmək, mövcud problemləri aradan qaldırmaq məqsədilə əkin, becərmə, budama, gübrələmə, suvarma, şumlama və sitrus meyvə bağlarının zərərvericilərdən qorunması məqsədilə tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, artıq Azərbaycandan 5 tələbə Çukurova Universitetində təhsil alır. Azərbaycanlı gənclərin Türkiyə Respublikasının ali təhsil müəssisələrində təhsil almasına gələcəkdə də hər cür köməklik olunacağı, məsləhətləşmələrin və maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.

Türkiyədə yetişdirilən sitrus bağlarından nümayiş etdirilən geniş fotoslaydlar tədbir iştirakçılarının marağına səbəb olmuşdur. 

Professor Səlahəddin Baloğlu yeni salınmış sitrus meyvə bağlarına baxış keçirmiş, çayçılıq təsərrüfatlarında olmuş, fermerləri, sahibkarları, subtropik meyvəçiliyi ilə məşğul olan fərdi təsərrüfat sahiblərini düşündürən məsələlər barədə  onlarla ətraflı fikir mübadiləsi aparmışdır.

Türkiyənin Çukurova Universiteti ilə əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsir göstərəcəyi qeyd olunmuş, dəvəti qəbul edib Astara rayonunda subtropik meyvəçiliyinin inkişafına həsr olunmuş maarifləndirici tədbirdə iştirak etdiyinə görə Professor Səlahəddin Baloğluna minnətdarlıq edilmişdir.

Keçidlər