Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış və hərbi məktəblərə daxil olmuş tələbələrlə görüş

24 avqust 2017 | 16:00

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 24 avqust tarixində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak etmişlər.

Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2016-2017-ci tədris ilinin təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırmışdır.

İcra başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, azərbaycanlı gənclərin keçmiş ittifaqın yüksək təhsil verən ali məktəblərinə göndərilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq  təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Son illər rayonumuzda 40-dan çox məktəb binası yeni tikilmiş, yaxud əsaslı təmir olunmuşdur.  

Bu diqqətin nəticəsində təhsil uğurları daha da artmalıdır. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 235 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 9 nəfər 600-dən yuxarı, 22 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə, 4 nəfər məzun isə ali hərbi məktəblərə daxil olmuşdur. Mən yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz. Yüksək inkişafı, tərəqqisi ilə dünyada tanınan bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, böyük vətənpərvərlik mövqeyinizlə, elmin sirlərinə mükəmməl şəkildə nail olmaqla ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz.  

Mən tələbə adını qazandığınıza görə bir daha sizi ürəkdən təbrik edir,  təhsil yollarında hamınıza uğurlar arzulayıram.

Tədbirdə valideynlərdən Fazil Zülfüqarov, Qədir Allahverdiyev, İlkin Xanıyev və başqaları çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər. 675 balla Bakı Ali Neft Məktəbinə daxil olan Şiyəkəran kənd 2 saylı tam orta məktəbin məzunu Nicat Allahverdiyev, 630 balla Azərbaycan Tibb Universitetinə daxil olan Astara şəhər 3 saylı tam orta məktəbin məzunu Əsmər Əsgərzadə, 663 balla Bakı Ali Neft Məktəbinə daxil olan Motlayataq kənd tam orta məktəbin məzunu  Hacızadə Sabir Rizvan oğlu çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər. 

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə və daha çox məzunu ali məktəblərə daxil olmuş Astara şəhər 1, 2 və 5 saylı, Pensər kənd 2 saylı, Şahağac kənd 2 saylı, Təngərüd və Səncərədi kənd tam orta məktəbin direktorlarına rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilmiş, xatirə şəkli çəkilmişdir.

 

Keçidlər