Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2017-ci ilin nəticələri müzakirə edilmişdir

23 yanvar 2018 | 16:00

Yanvarın 23-də rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.

Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Astara şəhərinin 1508 ha ərazisi vardır. Şəhərdə 4211 təsərrüfatda 17584 nəfər əhali yaşayır. Rayon İcra hakimiyyətinin başçısı hörmətli Qəzənfər müəllimin rəhbərliyi və köməkliyi ilə rayonumuzda, xüsusən də Astara şəhərində aparılan tikinti-quruculuq, abadlıq işləri nəticəsində şəhərimizin siması nəzərəçarpacaq dərəcədə  dəyişərək ən nümunəvi səviyyəyə çatmışdır. Dənizkənarı park-bulvarın ərazisinin genişləndirilməsi, burada turizmin inkişafına, əhalinin mədəni istirahətinə xidmət edən infrastrukturun qurulması, küçə və səkilərin müasir tələblər səviyyəsində təmir edilməsi, bir sözlə şəhərdə aparılan abadlıq və quruculuq işləri əhalimizin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan tikinti işləri ardıcıl olaraq həyata keçirilir. Cəngəlliyə çevrilmiş, bataqlıqdan ibarət olan bu əraziyə 100 minlərlə kubmetr qum, çınqıl və torpaq daşınaraq yerin səviyyə xeyli qaldırılmışdır. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda olan qala divarlarının, 52 metr hündürlükdə olan Bayraq meydanının tikintisi davam edir. Burada fantan, şəlalə, fitnes və uşaq əyləncə meydanları, ictimai-iaşə müəssissələri tikiləcək.

Xanbulançay dəryaçasından şəhərimizə içməli su xəttinin çəkilməsi möhtərəm cənab Prezidentimizin astaralılara olan qayğının təzahürüdür. Hazırda layihədə nəzərdə tutulmuş 5119 mənzildən 3650 mənzilə su xəttinin çıxışı təmin edilmişdir.

2017-ci ildə Astara şəhərinin mənzil fonduna daxil olan  ictimai-yaşayış binalarında təmir-tikinti işləri davam etdirilmiş, Heydər Əliyev prospektində 7, Azərbaycan küçəsində 11, Səməd Vurğun küçəsində 5, Ziya Bünyadov küçəsində 3 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülmüş, 3 binanın dam örtüyü dəyişdirilmişdir. Şəhərin Əhəd Muxtar və Səməd Vurğun küçələrində hasarlar təmir edildikdən sonra fasad boyası ilə rənglənmiş, Nizami və Ziya Bünyadov küçələri də daxil olmaqla yollar təmir edilmiş, səki tikilmişdir.

Ölkə Prezidentinin çağırışına uyğun olaraq kənd təsərrüfatının daha da inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmiş, illərlə istifadəsiz qalan əkinə yararlı torpaqların dövriyyəyə buraxılması ilə 2017-ci ildə 649 hektarda  əkin keçirilmişdir.

Hesabat yığıncağında Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, şəhid anası Elmira Səfərova, Respublikanın Əməkdar Müəllimi Heybət Hüseynov, ağsaqqal Həbib Rəsulov, YAP rayon Gənclər təşkilatı sədrinin müavini Kəmalə Nəsirova və başqaları çıxış edərək hesabat dövründə şəhərdə aparılan geniş abadlıq və quruculuq işlərindən söhbət açmış, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər son beş ildə Astara rayonunun ayrı-ayrı yaşayış məntəqələrinin və şəhərinin görünməmiş dərəcədə inkişaf edərək abad bir məkana çevrilməsi, xüsusən, böyük sosial yönümlü layihələrin uğurla həyata keçirilməsindən ürəkdolusu danışaraq müstəqil Azərbaycanımızın bu günkü yüksək inkişafının memarı olan cənab Prezidentlə qürur duyduqlarını dönə-dönə söyləmişlər. Rayonun ən ucqar dağlıq ərazilərinə - Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki istiqamətinə asfalt yolların çəkilməsini, şəhərdə  ən gözəl memarlıq üslubda park-bulvar kompleksinin salınmasını isə Astara tarixinin unudulmaz bir hadisə olduğu vurğulanmışdır.

Hesabat yığıncağında Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanı bürüyən  maliyyə böhranı dövründə ölkəmizin iqtisadiyyatı 2017-ci ildə də uğurla inkişaf etmişdir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, əmin-amanlıq və sabitlik təmin olunmuşdur. Bildirmişdir ki, bu inkişafın, əmin-amanlığın,  sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi, xalqla iqtidaran sarsılmaz birliyi və ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətdir.

İcra başçısı ötən ilin əsas iqtisadi göstəriciləri barədə məlumat verərək qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənayenin 3,6 faiz, kənd təsərrüfatının isə 4,1 faiz artdığını diqqətə çatdırmışdır. Azərbaycanın valyuta ehtiyatı 4,5 milyard dollar artaraq 42 milyard dollara çatmışdır. Sabit, stabil siyasət yürüdən, potensial imkanları geniş olan ölkəmizin iqtisadiyyatına yerli və xarici investorlar tərəfindən 14,6 milyard dollar sərmayə qoyulmuş, ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil etmişdir.

Azərbaycanın 2018-ci ildə Davos Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində Litva, Macarıstandan sonra üçüncü yeri tutması bizim üçün çox önəmlidir, çünki bu, forumun göstəricisidir.   Azərbaycan islahatlar həyata keçirən bir dövlət olmaqla yanaşı, eyni zamanda, iri nəqliyyat mərkəzi və neft-qaz ixrac edən ölkədir.

Neft kontraktının müddətinin 2050-ci ilə qədər uzadılması xarici investorlar tərəfindən bundan sonra da Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulmasına imkanlar açmaqla, yeni müəssisələrin, iş yerlərinin yaradılmasına şərait yaradacaq.

2017-ci ilin yaddaqalan hadisələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur ki, bu da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirir. Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində öhdəsinə düşən bütün işləri müvəffəqiyyətlə sona çatdırmışdır.  

İcra başçısı qeyd etmişdir ki, Ələt-Astara avtomobil yolunun başa çatdırılması ilə rayonumuzdan paytaxta olan məsafə 40 km qısalacaqdır. Lənkəran hava limanından Astaraya bir saata qədər vaxt sərf olunduğu halda, təzə avtomobil yolu ilə 15 dəqiqəyə gəlmək imkanı yaranacaq. Bütün bunların həyata keçirilməsi ilə yüksək turizm imkanları olan rayonumuza xarici qonaq və turistlərin axını artacaqdır.  

Yola saldığımız ildə rayonun hər yerində olduğu kimi, şəhər ərazisində də kənd təsərrüfatı əkinlərinə diqqət artırılmışdır. Rayonda ümumilikdə çəltik əkininin 450 hektara çatdırılması, çay plantasiyalarının genişləndirilməsi, təkcə keçən il 700 hektarda yeni sitrus bağlarının salınması, tərəvəzçilik və heyvandarlıqda əldə edilən nailiyyətlər sevindiricidir. Bu uğurları daha da artırmaq, bütün qüvvələr torpaqlardan daha səmərəli istifadə olunmasına yönəldilməlidir.

2018-ci ildə də Astara şəhərində, ümumilikdə, rayonun digər yaşayış məntəqələrində abadlıq və quruculuq işləri davam etdiriləcəkdir. Ən böyük layihələrdən biri dəniz sahili boyunca uzanan Bakı-Astara dəmir yol xəttinin Ələt-Astara avtomobil yoluna paralel köçürülməsidir ki, bu istiqamətdə hazırlıq işlərinə başlanmışdır. Bununla dəniz sahili boyunca böyük bir ərazidə şəhərin genişləndirilməsi, yeni infrastrukturların yaradılması üçün geniş imkanlar yaranacaqdır.

Şəhər əhalisinin içməli su ilə təmin olunması ilə əlaqədar Xanbulançay dəryaçasından çəkilən su kəmərinin tikintisi də bu il başa çatdırılacaqdır.

İnanıram ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi, Astara rayonunun, ümumilikdə Respublikamızın daha da gözəlləşməsi üçün bütün vətəndaşlarımız birgə səy göstərəcəklər.

 

Keçidlər