Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Bala Şahağac kəndində yeni məktəb binasının açılışında rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişdir

01 fevral 2018 | 16:00

Kakalos kənd ərazi icra nümayəndəliyinə daxil olan Bala Şahağac kəndinin əhalisi 1250 nəfərdir. 377 hektar ərazini əhatə edən bu yaşayış məntəqəsində əhalinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq və balıqçılıq təşkil edir.

Fevralın 1-də Bala Şahağac kəndində keçirilən növbəti səyyar qəbul  və görüşü rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq kənd sakinlərini salamlamışdır. Kakalos kənd ərazi icra nümayəndəsi Raul Məmmədov ərazidə aparılan geniş abadlıq və quruculuq işləri, vətəndaşların qaldırdıqları təkliflərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Kənd sakinlərinin uzun illərdən bəri arzusunda olduğu və 2017-ci ilin oktyabrında tikintisi başlanan məktəb binasının yeni ilin ilk aylarında istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Əvvəlki səyyar qəbul və görüşdə kənd sakinləri Bala Şahağac kəndində yeni məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmışlar. Rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə qısa müddət ərzində kənddə müasir modul tipli yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni məktəb binasının açılışını bildirən rəmzi lenti kəsərək bu əlamətdar hadisə münasibətilə sakinlərə xoş arzularını bildirmiş, təbriklərini çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız  bir dövrdə Bala Şahağac kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının istifadəyə verilməsi heç də təsadüfi deyildir. Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdə əhalinin kütləvi şəkildə maarifləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətə başlaması mühüm məsələ kimi diqqət mərkəzində olmuşdur. Çox fərəhli haldır ki, müstəqilliyini bərpa etmiş respublikamızda bu ənənə böyük uğurla və yüksək səviyyədə davam etdirilir. Bütün dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə müstəqil dövlətimizdə genişmiqyaslı tikinti-quruculuq, yeni infrastruktur layihələrin  sürətlə davam etdirilməsi ulu öndər Heydər Əliyevin ideyalarını  uğurla davam etdirən  ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasətinin parlaq sübutudur. Son illərdə təkcə Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Əvvəlki səyyar qəbul-görüşlərdə kənd sakinləri mövcud məktəb binasının tam yararsız olması və yeni məktəb binasının tikilməsi barədə dəfələrlə məsələ qaldırmışlar. Bu gün çox sevinirik ki, vətəndaşların qaldırdıqları ən vacib məsələlərdən biri - Bala Şahağac kənd orta məktəbi üçün yeni bina istifadəyə verilir.

İcra başçısı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar Respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işlərinin mütəşəkkilliklə davam etdirildiyini bildirmişdir. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.

Məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin illərdən bəri arzuladıqları, müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılan 96 şagird yerlik  yeni məktəb binasında ilk dərsin keçirilməsi əhalinin böyük sevincinə səbəb olmuşdur. 

Yeni məktəb binasının açılışına həsr olunmuş tədbirdə Bala Şahağac kənd məktəbinin direktoru Hicran Əliyev, kənd sakinləri Allahverən Eynullayev, Məlahət Məmmədova, Paşa Əkbərov, İzzət Şahverdiyev, Cavanşir Zeynalov və başqaları çıxış etmişlər.  Çıxış edənlər son  illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə ictimaiyyət adından dərin təşəkkür və minnətdarlıqlarını  bildirmişlər.

Sonda İcra hakimiyyətinin başçısı Qəzənfər ağayev və mərasim iştirakçıları yeni məktəb binasının sinif otaqları, fənn kabinetləri şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.

 

 

 

 

Keçidlər