Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2018-ci ilin birinci yarısının nəticələri müzakirə olunmuşdur

30 iyul 2018 | 16:00

İyulun  30-da rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. 

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır. Bu ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişafını saxladığını, iqtisadi və beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini bildirmişdir. Sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla davam etdiyini qeyd edərək 2018-ci ilin bizim üçün uğurlu il olacağını vurğulamışdır.

Cənab Prezidentin nitqinə diqqət çəkərək bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də böyük işlərin görüldüyünü, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirdiyini, qonşu dövətlərlə ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələrinin daha da mökəmləndiyini qeyd etmişdir. Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmiş, siyasətimizə dəstək göstərilmişdir.

Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik etməklə, həm də ölkəmizdə Zirvə görüşü keçiriləcəkdir. Bu bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Bu onu göstərir ki, ölkəmizin siyasəti çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir.

Bu ilin altı ayında Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. Altı ayda qeyri-neft sektoru təxminən 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi isə 8,8 faiz artmışdır. Bu onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investsiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini vermişdir. Kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülmüşdür ki, onun nəticəsində kənd təsərrüfatı 7,6 faiz artmışdır. Ölkəmizin valyuta ehtiyatları artmış, hazırda 44,3 milyard dollar təşkil edir. 

Ölkə başçısı xarici ticarət dövriyyəsinin 35 faiz, o cümlədən, ümumi ixracın 34 faiz, qeyri-neft ixracının 20 faiz artdığını və bunun uğurlu siyasətin bariz nümunəsi olduğunu bildirmişdir. Altı ayda 67 min yeni iş yeri yaradılmışdır ki, onlardan 58 mini daimi iş yerləridir.

Cənab Prezident Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atıldığını qeyd etmişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açlışı olduğunu vurğulayaraq bunu tarixi hadisə adlandırmışdır. Bu ilin iyun ayında isə TANAP-ın rəsmi açlışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü - “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələri artıq reallaşıb. Dördüncü layihə TAP qrafik üzrə icra edilir. Bunlar bu ilin altı ayında əldə edilmiş əsas nailiyyətlərdir. Qeyd edilənlər onu göstərir ki, ölkəmiz çox inamla inkişaf edir və bu inkişaf davam etdiriləcəkdir.

2018-ci ilin I yarısında rayonumuzda da bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 2 milyon 830 min manat 108 %, yerli xərclər isə 2 milyon 749 min manat, yəni 99 % icra olunmuşdur.

Hesabat dövrü ərzində ümumi məhsul və xidmətlərin həcmi  81.4 milyon manat təşkil etmişdir. Bunun 11 %-i sənayedə, 36 %-i kənd təsərrüfatında, 13 %-i tikintidə, 37 %-i  ticarət və xidmətlər sahəsində, 2 %-i nəqliyyat və anbar təsərrüfatında, 0,5 %-i informasiya və rabitədə olmuşdur.

Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11.4 milyon manat məbləğində vəsait  yönəldilmişdir ki, onun 96 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 753 manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq Park-bulvar kompleksinin genişləndirilməsi işi müvəffəqiyyətlə davam etdirilmiş, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər başa çatmaq üzrədir.

Burada AAAF tərəfindən inşa edilmiş kotteclərin tikintisinin başa çatdırılması, hoteldə tamamlanma işlərinin aparılması sürətləndirilmişdir. Eyni zamanda bulvar ərazisində atçılıq idman klubu üçün meydança və binanın tikintisi, sürət maşınlarının “world carting” yarış meydançasının salınması işi davam etdirilir.

2018-ci ildə mənzil fonduna daxil olan Astara şəhərində 3, Kijəbə qəsəbəsində 4 ictimai-yaşayış binasında təmir-tikinti işləri davam etdirilir. 

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi birinci yarımillikdə davam etmişdir. “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılan Respublika əhəmiyyətli Ələt-Astara-İran sərhədi avtomobil yolunda  yol çiyinləri hamarlanmış, 4400 kv.metr asfalt-beton qarışığından çala təmir işləri görülmüşdür. 

Hesabat dövründə rayon sakinləri üçün ən yaddaqalan hadisələrdən biri də Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanması olmuşdur. 9 min nəfər əhalinin yaşadığı, üç yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğunda olan dairəvi yolun  böyük hissəsinə yüksək keyfiyyətli asfalt döşənmiş, bu istiqamətdə işlər davam etdirilir. 

Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənmiş, Qapıçıməhəllə-Astara magistral su xəttində diametri 327 mm olan su borusunda təmir bərpa işləri görülmüşdür. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatının yaxşılaşdırılması ilə əlaqədar layihənin icrası davam etdirilərək, 23750 m məsafədə diametri 710 mm olan boru quraşdırılmışdır.

Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2018-ci ilin birinci yarısında 201 evin qazlaşdırılması həyata keçirilmişdir. 6200 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 75 ədəd qaz tənzimləyici şkaf  təmir olunmuşdur. Əhali abunəçiləri üçün 201 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 17 min 49 ədədə çatdırılmışdır.  

Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü 10 kv-luq və 0,4 kv-luq hava xətlərində 235 ədəd yeni dayaq basdırılmış, 1600 metr naqil  yenisi ilə əvəz olunmuş, 256 ədəd izolyator dəyişdirilmişdir. 

Rayon Telekomunikasiya qovşağının tarif gəliri 529 min  manat, telefon aparatlarının say artımı 64 ədəd olmuşdur. 

Hesabat dövründə Poçt filialına təyin edilmiş tarif gəliri proqnozu  93 % icra edilmişdir. 

Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsi tərəfindən 2018-ci ilin I yarımili üzrə proqnoz planı 100.1% icra olunmuş, hərəkətdə olan sosial müavinət alanların sayı 5563 nəfər olmuşdur.      

Rayon Dövlət Sığorta Filialı hesabat dövründə 21 min manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsaitin hesabına hərbi xidmət dövründə xəsarət almış əlillərə, şəhid olmuş vətəndaşların ailələrinə 26950 manat sığorta yardımı verilmişdir. 

Rayon  Məşğulluq  Mərkəzində 954 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Ötən müddət ərzində mərkəzə iş üçün müraciət edənlərin 628 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 31 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilməklə, biznes planlarını müdafiə edərək özünüməşğulluq layihəsində uğur qazanmışlar.

 2018-ci ilin I yarımilində rayonun ümumtəhsil məktəblərin təmiri və texniki təchizatı ilə əlaqədar olaraq 96 şagird yerlik Bala Şahağac ümumi orta məktəbi üçün inşa edilmiş modul tipli məktəb binası istifadəyə verilmiş, 56 şagird yerlik Siyətük kənd modul tipli ibtidai məktəbin tikintisi yekunlaşmışdır. 

Ümumtəhsil məktəblərin məzunlarından 352 nəfər ali məktəblərə qəbul imtahanlarının bir və ikinci mərhələsində iştirak etmiş, 235 nəfər ali məktəblərə keçid balını toplamışdır. Onlardan 25 nəfər 500-dən, 7 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Pensər kənd 2 nömrəli tam orta məktəbin məzunu Əhmədzadə Fərid Teymur oğlu IV ixtisas qrupu üzrə 686 bal toplayaraq rayonun abituriyentləri arasında ən yüksək nəticə göstərmişdir. 2018-2019-cu tədris ili üçün gözlənilən şəbəkə proqnozu hazırlanmış, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilmişdir.

2018-ci ilin 6 ayı ərzində Astara rayon Mərkəzi Xəstəxanasına və tabeliyində olan səhiyyə müəssisələrinə mürciət etmiş ambulator və stasionar xəstələrə müvafiq tibbi yardımlar edilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində 6 ay ərzində 124 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır. 79 əməliyyat təxirəsalınmaz, 45 əməliyyat isə planlı olmuşdur. Bu dövrdə 11813 nəfər xəstəyə imtiyazlı resept yazılmış, dərman preparatları ilə təmin edilmişdir.

Rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. İnzibati ərazi nümayəndəlikləri üzrə kənd təsərrüfatı bitkilərinin əkini üçün 2018-ci ildə 2 min hektar şum aparılmışdır.

Rayon ərazisində əkilmiş 252 hektar taxılın 182 hektarı buğda, 70 hektarı arpa olmuşdur. 450 hektar ərazidə çəltik əkilmişdir ki, quraqlıqla əlaqədar növbəlilik əsasında suvarma suyunun sahələrə çatdırılması tənzimlənir.  

Son illər rayonda sitrus meyvələrin istehsalına diqqət artmış 2017-2018-ci illər ərzində 1280 hektar yeni sitrus bağları salınaraq rayon üzrə sitrus bağların ümumi sahəsi 3625 hektara çatdırılmışdır.

Rayon ərazisində mövcud 345 hektar çay sahəsində may ayında çay yarpağı yığımına başlanılmış, birinci yığımda 235 ton çay yarpağı yığılaraq  fabriklərə təhvil verilmişdir. Hazırda ikinci yığıma başlanmışdır.

Rayonda baramaçılığın inkişafı ilə əlaqədar bu il ilk dəfə olaraq 52 qutu barama qurdu gətirilərək kümçülərə paylanmış, 769 kq barama tədarük olunaraq Şəki İpək Kombinatına təhvil verilmişdir.

Rayon üzrə 1330 hektar yonca sahəsi mövcuddur. Bu il 370 hektar sahədə yonca, 200 hektar sahədə qarğıdalı və 1170 hektar sahədə  kartof əkilmişdir.

Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 41 min baş iri, 24 min baş xırda buynuzlu, 1000 baş təkdırnaqlı, 200 mindən çox ev quşları, 11630 arı ailəsi vardır. 2780 ton diri çəkidə ət,  22 min 630 ton süd  istehsal olunmuşdur.

Rayon Baytarlıq İdarəsi tərəfindən cari il üçün təsdiq edilmiş epizootik tədbirlər planına əsasən həssas kənd təsərrüfatı heyvanları və quşlar arasında profilaktiki peyvənd aparılmasından ötrü müxtəlif xəstəliklərə qarşı 535 min doza  peyvənd materialı gətirilərək təyinatı üzrə istifadəsinə göstəriş verilmişdir. 

2018-ci  ilin əvvəlindən başlayaraq suvarma, suötürücü kanallarda qapalı suvarma şəbəkələrini, hidrotexniki qurğuları işlək vəziyyətə gətirmək, suvarma mövsümündə onların səmərəliliyinin artırılması məqsədi ilə təmir işləri aparılmış və hazırda bu işlər davam edir. 

Buna baxmayaraq havaların quraq keçməsi rayon üçün əsas suvarma su mənbələri olan Astaraçay və Pensərçayda suyun səviyyəsinin xeyli azalmasına səbəb olmuş, bu da müəyyən çətinliklər yaratmışdır. Rayon SSİ-nin rəhbərliyi ilkin olaraq daha çox su tələb edən çəltik və digər sahələrin su təminatını çatdırmalı, bu kimi problemlərlə üzləşməməkdən ötrü alternativ variantlar düşünməlidir.

Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 2018-ci ilin I yarısında 15 hektar sahədə aqromeyvə bağları salınmışdır. Yeni şitillik sahələri salınmaq üçün 0.60 ha böyütmə və tinglik sahəsi yaradılmışdır. Hazırda  2018-ci ilin payız əkini üçün nəzərdə tutulmuş aqromeyvə bağlarının salınması istiqamətində işlər davam etdirilir.

Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri  müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər. Novruz bayramı, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü,  28 may AXC-nin yaranmasının 100 illiyi, 15 iyun Milli Qurtuluş günü  münasibəti ilə rayon mərkəzində və dənizkənarı park bulvarda  maraqlı konsert proqramları nümayiş etdirilmişdir.

Rayonun uzaq dağ kəndlərinin yollarının asfaltlaşdırılması, dənizkənarı park-bulvarın salınması, digər abadlıq işlərinin aparılması ilə turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Müalicəvi suları, bənzərsiz təbiəti, tarixi, mədəni abidələri ilə zəngin olan rayonumuza turistlərin gəlişi başlanmışdır.

Gənclər və İdman İdarəsi 2018-ci ilin I yarımilində keçirdiyi 60 tədbirdə 7350 nəfər gənc və idmançı iştirak etmişdir. Gənclərin vətənpərvərlik tərbiyəsi, orduya hazırlıq məqsədilə 2018-ci ilin I yarmilində “Şahin”, “Sərhəd”, “Gənc xilasedici və yanğınsöndürən” hərbi idman oyunları keçirilmişdir.   

Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.

Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi ilə əlaqədar yarımil ərzində rayonun ayrı-ayrı təşkilatları və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 38 min 951 manat vəsaitin köçürülməsi təmin edilmişdir.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermiş, vətəndaşların müraciətlərinə əsasən operativ zəruri tədbirlər görülmüşdür.

Tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə qarşıda mühüm vəzifələr durur. Rayonun əlverişli təbii şəraiti, yaradılmış yol və mədəni infrastruktur turizmin inkişafına geniş imkanlar açdığından, iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları üçün yollar axtarılmalıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaq məqsədilə əməli tədbirlər həyata keçirilməlidir. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır. İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.

Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var qüvvələrini  səfərbər edəcəkdir.

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Səncərədi  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Həsənov, Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Su Sistemləri İdarəsinin rəisi Habil Manafov və başqaları çıxış etmişlər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, nə qədər uğurlarımız olsa da, görüləsi işlər də çoxdur. Havaların isti keçməsi ilə əlaqədar bəzən əhaliyə elektrik verilişində   fasilələrin yaranması narazılıqlar yaradır. Bunun üçün çıxış yolları axtarılmalı, tədbirlər görülməlidir.

Gənclərlə işin istiqaməti həm də onların təhsil aldıqdan sonra rayona qayıdaraq yiyələndikləri sahə üzrə xidmət göstərməyə yönəldilməlidir. Bu gün savadlı həkimə, müəllimə, mühəndisə və digər peşə sahiblərinə ehtiyac var. Gənc mütəxəssislər bu sahələrə işə dəvət edilməli, onlar üçün normal iş şəraiti yaradılmalıdır. 

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkədə aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar çağırış və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yaradılan əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir.  Lakin qazanılan uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq. 

İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr torpaqların təyinatı üzrə istifadəsinə diqqəti artırmalı, əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibləri və iş adamlarına lazım olan köməkliyi göstərməlidirlər. Səmərəli fəaliyyət üçün hər bələdiyyənin bir layihə təqdim etməsini tövsiyə etsək də, bununla əlaqədar hələ ki, konkret nəticə yoxdur.

Rayonumuzun hərtərəfli inkişafı, quruculuq-abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarın ərazisinin genişləndirilməsi, burada  yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. Hazırda park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar işlər davam edir. Eyni zamanda daha bir dairəvi yola - Ojakəran-Tüləküvan-Təngərüd avtommobil yoluna asfalt döşənməsinə başlanmışdır. Bundan təkcə həmin kəndlərin əhalisi deyil, rayonun bütün sakinləri yararlanacaqdır. Ötən illərlə müqayisədə bu il rayona gələn turistlərin sayının dəfələrlə artması müşahidə olunur ki, bu da həyata keçirilən səmərəli tədbirlərin nəticəsidir. Ələt-Astara avtomobil yolunun istifadəyə verilməsi ilə turist axını daha da artacaqdır.  

Bu və digər məsələlərlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı birinci yarımildə görülən işlərin nəticələrinə əsasən 2018-ci ilin Astara rayonu üçün yüksək inkişaf  və   bolluq ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.

 

Keçidlər