Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Lomin kəndində səyyar qəbul və görüş keçirilmişdir

27 sentyabr 2018 | 16:00

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Lomin kəndinin 93 təsərrüfatında 400 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini heyvandarlıq, əkinçilik, qismən də arıçılıq təşkil edir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun ucqar dağ kəndlərindən biri olan Lomin kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq qonşu kəndlərdə vaxtaşırı görüşmələrinə baxmayaraq, Lomin kəndində növbəti dəfə yerli sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırmışdır.  

Kənd sakinlərindən Hacıməmməd İbayev, Polad Ağayev, Orucəli İbayev, Şahverdi Şahmuradov və başqaları çıxış edərək insanların həyat şəraitinin, yaşayışının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Sakinlər görülən işlərlə yanaşı kənddə elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, kəndin yaxınlığındakı meşədə yıxılmış ağaclardan oduncaq kimi istifadə edilməsinə icazənin verilməsi barədə məsələlər qaldırmışlar.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək qaldırılan məsələlərin həllinə müvafiq köməkliklərin göstəriləcəyini diqqətə çatdırmışdır.

İcra başçısı hazırda Respublikada və Astara rayonunda böyük sosial layihələrin həyata keçirildiyini bildirmişdir. Ümumilikdə aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir. Son illərdə rayonun şəhər və qəsəbələri ilə yanaşı, ucqar dağ kəndlərində  görülən işlərin miqyası xeyli artmışdır. Bu gün rayonumuzun ən ucqar ərazilərindən biri olan yaşadığınız Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin timsalında bunların şahidiyik. Yüksək dağlıq ərazidə, çətin relyefdə yerləşən bu dağ kəndlərin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Mövcud olduğu illərdə normal yolu olmayan bu kəndlərə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu çəkilmişdir. Yol rahatlıqdır, müasirlikdir, inkişafdır. Bu cənab Prezidentin ölkənin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasına yüksək diqqət və qayğıyla yanaşdığının bariz nümunəsidir. Burada və qonşu kəndlərdə təkcə yol deyil, yeni məktəb binaları, xəstəxana tikilib istifadəyə verilmiş, elektrik təsərrüfatının təmiri istiqamətində işlər görülmüş, əhaliyə dayanıqlı elektrik enerjisinin verilməsi təmin edilmişdir. Bu görülən işlər əhalinin güzəranının  yaxşılaşdırılmasına, rahatlığının təmin edilməsinə xidmət edir. Əvvəlki illərdə nəinki ucqarlarda, heç böyük qəsəbə və kəndlərimizdə də bu cür quruculuq-abadlıq işləri olmayıb. Ona görə də tikilib-qurulanları qorumaq lazımdır. Yol çiyinləri, suötürücü borular vaxtaşırı palçıqdan, əlavə çöküntülərdən təmizlənməlidir ki, böyük zəhmət bahasına ərsəyə gələn yollar vaxtsız dağılmasın, yol yatağı zədələnməsin.

Ölkəmizin uğurlu inkişafı bizi hədsiz sevindirir. Bir neçə gün əvvəl ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev Ələt-Astara avtomobil yolunun açılışını etdi. Bununla da sakinlərimiz Bakı şəhərinə daha rahatlıqla gedə biləcəklər. Yaxın günlərdə Xanbulançaydan Astara şəhərinə çəkilmiş içməli su və böyük ərazidə genişləndirilərək ən müasir səviyyədə tikilən park-bulvar kompleksi istifadəyə veriləcəkdir. Sakinlərimiz təmiz içməli sudan istifadə edərək, yüksək səviyyədə tikilmiş park-bulvarda rahat istirahət edə biləcəklər. Bu hədsiz diqqət və qayğıya görə rayonumuzun hər bir sakini adından cənab Prezidentə minnətdarlıq edirik.

Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirən İcra başçısı müstəqil dövlətimizin uğurlu inkişafı ilə bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirmişdir.

 

Keçidlər