Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbəsində səyyar qəbul və görüş

14 fevral 2019 | 16:00

12 min nəfərdən çox əhalisi olan Kijəbə qəsəbəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. 

İcra başçısı sakinləri salamlayaraq qəsəbədə və nümayəndəliyə daxil olan kəndlərdə vaxtaşırı səyyar qəbul-görüşlər keçirdiyini, qaldırılan problemlərin həllinə nail olunduğunu bildirmişdir. Qəsəbə tam orta məktəbi, sahə xəstəxanası, ictimai yaşayış binaları əsaslı təmir olunmuş, bayraq meydanı, istirahət parkı salınmış, səkilərə daş üzlüklər döşənmiş, qəsəbənin əsas küçəsinin işıqlandırılması təmin olunmuş, əksər yollar asfaltlaşdırılmışdır. Nümayəndəliyə daxil olan kəndlərdə də kifayət qədər quruculuq-abadlıq işləri görülmüşdür. Bu görüşdə də məqsədimiz sizi dinləyərək narahatlıq doğuran məsələlərin həllinə birgə nail olmaqdır. Xahiş edirəm fəal olaraq təkliflərinizi verin.     

Sakinlərdən Nəsrəddin Teymurov, Mərcan Əliyeva, Musa Məcidov, Fazil Zülfüqarov, Rəhman Ağayev, İlyas Baxşıyev və başqaları çıxış edərək respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər çəkilən asfalt yolların, tikilən təhsil-səhiyyə müəssisələrinin, digər quruculuq-abadlıq işlərinin uğurla aparılmasından hədsiz razılıqla söhbət açmışlar. Müntəzəm olaraq sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına minnətdarlıq etmişlər. Görülən işlərlə yanaşı qəsəbənin elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, uşaq bağçasının genişləndirilməsi, Ojakəran kənd futbol meydançasının standartlara uyğun düzəldilməsi, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Tüləküvan kəndinə suvarma suyun çəkilməsi barədə təkliflər  vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həllindən ötrü idarə, müəssisə rəhbərlərinə tapşırıq vermiş, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirmişdir. Qeyd etmişdir ki, elektrik xətt təsərrüfatının müasir tələblərə uyğun yenidən qurulması dövlət proqramına salınmış, icrası təmin olunacaqdır. Qəsəbənin əsas enerji ötürücüsü olan Lovayın yarımstansiyasında əsaslı təmir işləri aparılmışdır. Lakin elektrik dirəkləri və xətlər köhnə olduğu üçün küləkli havalarda qısa fasilələr yaranır. Buna baxmayaraq əhaliyə dayanıqlı elektrik enerjisinin verilməsi təmin olunur.

Tüləküvan kəndinə suvarma suyunun çəkilişi üçün aidiyyəti qurumların  imkanlarından səmərəli istifadə edilməlidir. Keçən il bu işi icma öhdəsinə götürmüşdü. Maraqlanmışam, yaxın vaxtlarda onlar bu işi davam etdirəcəklər. Kənd sakinlərin qüvvəsi səfərbərliyə alınmalı, birgə fəaliyyət göstərilməlidir. Bu işdə biz də öz köməkliyimizi göstərəcəyik. Məlumat üçün bildirim ki, möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamları ilə rayonumuzda bir neçə artezian quyusu qazılmış, bu il daha bir quyu qazılacaqdır.

Burzubənd kənd tam orta məktəbin vəziyyəti bizi çox narahat edirdi. Sizinlə görüşdə demişdim ki, bu vəziyyət çox çəkməyəcək, yeni, müasir tipli bina inşa ediləcəkdir. Hazırda ən müasir səviyyədə 360 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır. Əlavə olaraq Şəmətük kəndində də modul tipli məktəb binası tikilir. Digər sosial layihələrin icrası da davamlı olaraq aparılacaq. 

 Doğrudan da müstəqil dövlətimizin inkişafı, tərəqqisi bizi hədsiz sevindirir. Sabitlik, əmin-amanlığın hökm sürdüyü Azərbaycanımızda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Bu inkişafı rayonumuzun və Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin timsalında aydın şəkildə görürük. Son illər nümayəndəlikdə görülən işlər kifayət qədərdir. Bunları çıxışınızda siz də qeyd etdiniz. Bu qədər quruculuq və abadlıq işlərinin aparılması ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir.  Görülən hər bir işin arxasında cənab Prezidentimiz durur. Bütün icra olunan layihələr ölkə başçısının Sərəncamları ilə ərsəyə gəlir.

Bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə bəxş etdiyi əmin-amanlıq və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsidir. Tam əminliklə deyirəm ki, gələcəkdə Azərbaycanımız daha güclü olacaq və iqtisadi gücümüz artdıqca həyata keçirilən layihələrin miqyası da artacaqdır. Bu işlərdə biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirməliyik. 

İcra başçısı Burzubənd kənd tam orta məktəbində tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.         

 

Keçidlər