Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vovada kəndində əhali ilə görüş

22 avqust 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vovada kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.   

İcra başçısı kənddə 56 şagird yerlik yeni modul tipli məktəb binasının tikintisi münasibəti ilə əhalini təbrik etmiş, bundan sonra şagirdlərin rahat, səliqəli, yeni inventar və avadanlıqlarla təmin edilmiş məktəbdə təhsil alacaqlarını bildirmişdir.  

Qeyd etmişdir ki, sizinlə görüşməkdə məqsədimiz problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdir.  

Sakinlərdən Hacıməmməd İbayev, Fazil Nabatov, Nəcəfəli Rüstəmov və başqaları çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, belə abad, azad bir ölkənin sakinləri olmaqlarından qürur duyduqlarını bildirmişlər. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə danışmış, göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə hədsiz sevgilərini bildirmişlər.

Çıxış edənlər elektrik xətt təsərrüfatının təmiri, çay üzərində körpünün qoyulması və digər məsələlər barədə arzu və təkliflərini də bildirmişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qeyd etmişdir ki, elektrik enerjisinin zəifliyinin bir səbəbi xətlərin köhnəliyidirsə, digər səbəbi də evlərin çox pərakəndə və bir-birindən xeyli uzaq məsafədə tikilməsidir. Evlər tikiləndə ilk növbədə avtomobil yolundan hansı məsafədə yerləşməsi, torpağın eroziyalı olub-olmaması, eyni zamanda kommunal  xidmətlərin göstərilə biləcəyi bir yerdə olması nəzərə alınmalıdır. Amma məskunlaşdığınız ərazidə bunları nəzərə almadan evlər tikmisiniz. Odur ki, bu çətinliklər yaranıb. Bütün bunlara baxmayaraq vaxtaşırı olaraq elektrik xətt təsərrüfatında yeniləmələr aparılaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi təmin olunur.

Gördüyünüz kimi müstəqil dövlətimiz durmadan inkişaf edir. Bütün sahələrdə uğurlar qazanılır. Regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev bir-birinin ardınca  sərəncamlar imzalayır. Rayonumuzun siması da gündən-günə dəyişir. Abadlıq - quruculuq işləri artıq  ucqar yaşayış məntəqələrinə keçmişdir. Hazırda kəndinizdə müasir tipli məktəb binasının tikintisinə başlanmışdır. Bundan əvvəl Pəlikəş, Sım və Sipiyəpart kəndlərində də müasir yeni məktəb binaları tikilmişdir. Bu məktəblərdə daha keyfiyyətli tədris aparılmaqla  övladlarınızın yaxşı təlim-tərbiyə alması üçün hər cür şərait vardır. Pəlikəş, Sım kəndlərinə qədər avtomobil yollarının asfaltlaşdırılması ilə bu dağ kəndlərində yaşayan sakinlərin ən böyük problemi həllini tapmış oldu. Sosial layihələr bundan sonra da davam edəcək.    

Bütün bu işlərə görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə rayonumuzun bütün sakinləri adından minnətdarlığımızı bildirirəm.   

İcra başçısı bildirmişdir ki, cənab Prezidentin Sərəncamları ilə böyük həcmli sosial paketin icrasına başlanmış, əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmış, problemli kreditlərlə bağlı məsələlər həllini tapmışdır.  

Ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. Bizim də əsas vəzifəmiz cənab Prezidentin ətrafında sıx birləşməklə, bu əmin-amanlığı  qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.  Bu yolda hər birinizə uğurlar arzulayıram.

Keçidlər