Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada aztəminatlı ailələr üçün meyvə bağları salınıb

14 noyabr 2019 | 16:00

Noyabrın 14-də Astara rayonunda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağları salınmışdır.

Ağacəkmə aksiyasında iştirak etmiş 200 nəfərdən çox könüllü tərəfindən 2 hektar ərazidə 1250 ədəd feyxoa ağacı əkilmişdir.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev aztəminatlı ailələrin üzvlərinə -Astara şəhər sakinləri: birinci qrup Qarabağ müharibəsi əlili Mikayıl Mikayılova, şəhid ailəsi Sərdar Əliyevə və aztəminatlı ailənin başçısı Şakir İbrahimova onlara verilmiş torpağın sənədlərini təqdim etmişdir.

Qeyd olunmuşdur ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihənin icrasına Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılmışdır.

Diqqətə çatdırılmışdır ki, layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz və Yevlax rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığın azaldılmasına töhfə verəcək.

Bildirilmişdir ki, layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, alma, ümumilikdə 23120 meyvə ağacları əkilib, 72 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları ölkəmizin digər şəhər və rayonlarında da təşkil ediləcək.

Salınan meyvə bağları aztəminatlı ailələr arasında bölünərək təmənnasız onların istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edərək onlardan gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Keçidlər