Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sım kəndində əhali ilə görüş

26 dekabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Sım kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər son illər respublikada və rayonda görülən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışmışlar. Qeyd olunmuşdur ki, görülən işlərlə nəinki şəhər  və qəsəbələr, ən ucqar kəndlər də simasını dəyişmiş, həyata keçirilən sosial layihələrlə insanların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir.   

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək  kənd stadionunun qaydaya salınması, kəndə gələn avtomobil yolun axıra qədər asfaltlaşdırılması, telefon xəttinin çəkilişi və internetin verilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qış günündə rayonun ucqar dağ kəndində əhali ilə görüşə gəlməsini ölkənin yüksək inkişafı ilə əlaqələndirərək, əvvəllər yolların bərbad olması üzündən bunun mümükünsüz olduğunu xatırlatmışdır. Bildirmişdir ki, saatlarala piyada, yaxud ağır texnika ilə gedilən yolları indi rayon mərkəzindən 45-50 dəqiqəyə gəlmək mümkündür. Digər dağ kəndləri istiqamətində Taxtanakəran-Miki və Taxtanakəran-Toradi yolunu da qısa müddətdə rahat və təhlükəsiz gedirik. Amma, görülən işlər təkcə yol çəkilişi ilə məhdudlaşmır. Pəlikəş nümayəndəliyinin ərazində son illər yeni xəstəxana binası və 6 məktəb inşa edilmişdir. Təkcə bu tədris ilində Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün modul tipli yeni binalar tikilərək istifadəyə verilmişdir. Bundan əlavə yeni körpülər salınmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, hazırda mövcud olduğu tarixi ərzində heç vaxt  işığı və yolu olmayan Dolu, Diqo, Avyarud və Sibiyyət kəndlərinə həm elektrik xətti çəkilir, həm də müasir tipli yol salınır. Bu yolların çəkilməsi ilə Astara tarixində yeni bir səhifə açılır, sakinlərin ən böyük problemi həllini tapır, insanlar rahatlığa qovuşur. Ucqar bir kənddə görülən belə möhtəşəm işlər ölkənin yüksək iqtisadi gücünü göstərir.

Asfalt yollar salınandan sonra gözəl təbiətə malik, qədim tarixi və təbiət abidələri ilə zəngin olan bu ucqarlara maraq çoxalmış, ilin bütün fəsillərində nəinki respublikanın bölgələrindən, hətta xarici ölkələrdən gələn turistlərə rast gəlinir. Bu çox sevindiricidir.

Görülən bütün işlər, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin  məqsədyönlü siyasətinin, uzaqgörənliyinin nəticəsi və xalqına olan yüksək diqqət və qayğısının  bariz nümunəsidir.

 Çıxışlarda qeyd edildi ki, Azərbaycanın ikinci dəfə qazandığı tarixi müstəqilliyinin qarantı ulu öndər Heydər Əliyev oldu. Bəli, Ulu Öndər AXC-Müsavat funksionerlərinin hakimiyyəti dövründə miskin vəziyyətə düşmüş  ölkəni yox olmaqdan xilas edərək, bu xoşbəxt günlərin təməlini qoymuşdur. Xalqımız bir də heç vaxt hazırda xarici ağalarının pulları hesabına fəallaşmağa çalışan vətən xainlərinə dəstək olmayacaq. Bu işdə siz də fəal olmalı, real vəziyyəti düzgün qiymətləndirməli, cənab Prezidentin ətrafında sıx birləşərək ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalısınız. 

İcra başçısı qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibəti ilə sakinləri təbrik etmiş, hər birinə xoşbəxt, firavan günlər, yeni ildə yeni uğurlar arzulamışdır.

Sonda Sım kənd tam orta məktəbində tədrisin vəziyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər