Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada yeni universal və multifunksional basketbol arenasının açılışı olmuşdur

13 may 2020 | 16:00

May ayının 10-da Astara AAAF Park Kompleksində “Zirvə” Beynəlxalq İdman Klublarının yeni universal və multifunksional basketbol arenasının açılış mərasimi keçirilib. Tədbir dünyada tüğyan edən pandemiya səbəbindən tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilərək həyata keçirilib.

Açılışda iştirak edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında bildirib ki, bu gün həqiqətən də özəl bir gündür. Məhz bu gün - xalqımızın ümummili lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə belə gözəl bir idman arenasının açılışı bizim hamımızı sevindirir. Koronavirus pandemiyası səbəbindən biz bu tədbiri daha təmtəraqlı edə bilməsək də, əminəm ki, gələcəkdə burada keçiriləcək böyük yarışlar zamanı hər kəs bu günün dəyərini anlaya biləcəkdir.

Ulu Öndər daim gənclərin qayğısına qalmaqla, sağlam gəncliyin yetişməsi üçün idmana himayəsini əsirgəməyib. Bu uzaqgörən siyasəti hazırda cənab prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident ölkədə idmanın inkişafı, gənclərin sağlamlığının təmin edilməsi üçün əlindən gələni edir. Demək olar ki, Respublikamızın bütün bölgələrində, əksər rayonlarda dünya səviyyəli yarışların keçirilə biləcəyi Olimpiya İdman Kompleksləri tikilərək istifadəyə verilmişdir. Son illər idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.

Rayonumuzda da Olimpiya İdman Kompleksi, Boks Mərkəzi tikilib istifadəyə verilmiş, çimərlik futbolu və voleybolu meydançaları salınmış, bu gün də bu idman arenasının açılışını edirik. Bütün bunlar ölkə rəhbərinin gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Rayonumuzda belə möhtəşəm idman zalının tikilməsi yeniyetmə və gənclərin idmana marağını artırmaqla, sağlam böyüməsində, idmançı kimi yetişməsində böyük rol oynayacaqdır. İnanıram ki, burada məşq edən yeniyetmələr sabahın tanınmış idmançıları olaraq ən mühüm beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar.

Bu idman arenasının ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə, xüsusilə də “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərova təşəkkür edir, minnətdarlığımı bildirirəm. Xeyirli və uğurlu olsun, idmançılarımıza yeni qələbələr arzulayıram.

İdman zalının açılışını bildirən rəmzi lent kəsiləndən sonra yeni arena barədə icra başçısına məlumat verilmişdir. Bildirilmişdir ki, əsasən basketbol matçlarının keçirilməsi üçün nəzərdə tutulan arenanın 600 nəfərlik tamaşaçı tutumu var. Burada kiçik yaşlı idmançılar ən yüksək səviyyəli şəraitdə məşqlər edə, oyunlar keçirə, yüksək ixtisaslı məşqçilərin rəhbərliyi altında beynəlxalq yarışlara hazırlaşa bilərlər. Bununla yanaşı, burada uşaq atletikası, kamandan oxatma, qılıncoynatma, badminton, stolüstü tennis, karate, taekvondo, voleybol və digər növlər üzrə yarışların keçirilməsi mümkündür.

Arena çoxfunksiyalı bazada yerləşir. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

“Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov çıxış edərək bildirib ki,  bu ilin may ayı üçün nəzərdə tutduğumuz 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları məlum səbəblərdən bir qədər başqa formatda keçirilir. İlk olaraq bütün karantin qaydalarına riayət etmək şərtilə basketbol və uşaq atletikası yarışlarına start verdik. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə hər il keçirilən bu idman yarışlarında daha çox idmançı iştirak edir. Bütün çətinliklərə baxmayaraq, bu il də istisna olmayacaq.

Ölkə Prezidenti cənab İlham Əliyev 2019-cu ilin yekunları ilə əlaqədər keçirdiyi iclasdakı çıxışında sağlamlığın vacibliyini önə çəkdi və rayonlarda, kəndlərdə idmanın inkişaf etdirilməsinin böyük əhəmiyyət daşdığını deyərək, müvafiq tapşırıqlarını verdi. Bu da cənab Prezidentin idmana necə həssas yanaşmasının bir təsdiqidir. Bu gün bu basketbol arenasının açılışı bizləri çox sevindirir. Məlumat üçün bildirirəm ki, bu il böyüklər arasında basketbol Superliqasının qalibi Astaranı təmsil edən “Zirvə Astara” komandası oldu. Mən komandanın bütün üzvlərini təbrik edirəm. Bir daha verdiyi dəstəyə görə  Astara Rayon İcra Hakimiyyətinin  rəhbərliyinə və bu arenanın inşasında əməyi keçən insanlara dərin minnətdarlığımı bildirir, bütün idmançılara uğurlar arzulayıram.

Daha sonra Tofiq Heydərov 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarını rəsmi şəkildə açıq elan etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Zirvə Beynəlxalq İdman Klublarının və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılmış, yarışlara start verilmişdir.  

 

Keçidlər