Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “9 may-faşizm üzərində qələbə günü” ilə əlaqədar qəhrəmanların abidəsini ziyarət etmişdir

09 may 2021 | 16:00

Böyük Vətən müharibəsində Astaradan 5612 nəfər iştirak etmişdir. Göstərdikləri qəhrəmanlığa görə onlardan 3 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 2 nəfəri Şöhrət Ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. Müharibədən geri qayıdan 3721 nəfərdən hazırda yalnız 5 nəfəri yaşayır.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və hüquq mühafizə orqanlarının rəhbərləri 1941-1945-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümü ilə əlaqədar şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”nda Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri qarşısına əklil və gül dəstələri qoymuşdur.

Rayon rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən Sovet İttifaqı Qəhrəmanı İlya Kaverin və Mirzə Cəbiyevin yeni ucaldılmış qəbirüstü abidələri ziyarət edilmiş, Pensər kəndində Böyük Vətən Müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə yeni dizaynda qurulmuş abidənin önünə əklil və gül dəstələri qoymuşlar. 

İcra başçısı Pensər kəndində Böyük Vətən Müharibəsinin iştirakçıları ilə görüşmüş, 9 May Qələbə Günü münasibətilə onları təbrik etmişdir. Veteranlara xoş arzularını bildirən icra başçısı səhhətləri və qayğıları ilə maraqlanmışdır.

Xalqımızın erməni faşizmi üzərində qələbənin sevincini yaşadığı bir dövrdə bizimlə bir sırada olduqlarına sevindiyini bildirən icra başçısı qeyd etmişdir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitləri qısa müddətdə düşməni darmadağın edərək torpaqlarımızdan təmizləmiş, xalqımızın uzun illik Qarabağ həsrətinə son qoyulmuşdur. Dünya dövlətləri və xalqları azad edilən torpaqlarda erməni vandallarının viranə qoyduğu şəhər, qəsəbə və kəndləri seyr etməklə, nəhayət ki, Qarabağ torpağının əsl sahibinin kim olduğunu başa düşürlər. Erməni vəhşiliyi nəticəsində dağıdılmış, xarabazara çevrilmiş Qarabağımızda hazırda sürətli tikinti quruculuq işlərinə başlanmışdır.

Cənab Prezident tərəfindən qədim Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, tezliklə yaşayış məntəqələrimizin  tamamilə bərpa olunacağının, Qarabağda həyatın öz axarına qayıdacağının bariz nümunəsidir. İnşallah, qısa müddətdə sizinlə birlikdə Qarabağa böyük qayıdışa sevinəcəyik.

Veteranlar   göstərilən diqqət və qayğıya görə   ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, Qələbə gününü onlarla birlikdə qeyd etdiyinə görə rayon rəhbərliyinə təşəkkür etmişdir.

 

Keçidlər