Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi fəaliyyətə başladı

03 iyul 2021 | 16:00

İyulun 3-də Astara Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin açılışı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı, Gənclər Fondunun icrası direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin direktoru Asim Yusifov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, gənclər üçün yaradılan imkanlardan danışaraq gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdir.

Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər keçiriləcək.

Nümayəndəlik vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin, müxtəlif proqramlarda iştirak etmək imkanı qazanacaqlar.

 Diqqətə çatdırılıb ki, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 41-ə çatıb. Bu il ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin açılması nəzərdə tutulub.

Çıxış edənlər həmçinin, astaralı gəncləri “Gənc könüllü” Proqramına qoşulmağı tövsiyə ediblər.

Tədbir əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

Keçidlər