Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev güləş üzrə dünya və Avropa birinciliyinin qalibi ilə görüşmüşdür

29 sentyabr 2021 | 16:00

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında Avropa çempionu və dünya ikincisi olan Musa Ağayevlə görüşmüşdür.

Musa Ağayev 2006-cı ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur. Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Gənc güləşçi 2019-cu ildə “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülüb.

Azərbaycan idmanın tanınmış simalarından olan Cəbrayıl Həsənovun məşqçiliyi altında Azərbaycan Millisinin tərkibində çıxış edən astaralı idmançı Musa Ağayev bu ilin sentyabr ayında keçirilən iki beynəlxalq turnirin qalibi olmuşdur. İdmançımız sentyabrın 12-də Yunanıstanın Katerina şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında 60 kiloqram çəki dərəcəsində əzmkarlıq və mübarizlik nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlmiş, Avropa çempionu adını qazanmışdır.

Güləşçimiz sentyabrın 23-26 tarixlərində Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatında isə ikinci yeri tutaraq gümüş medala sahib olub. Dünya çempionatında ilk görüşdə Macarıstandan olan rəqibini məğlub edən astaralı idmançı Türkiyə güləşçisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmadığından qələbə daha az çəkisi olan rəqibə verilib. Ancaq növbəti qarşılaşmada Rumıniyadan olan idmançıya heç bir şans verməyən Musa Ağayev adını yarımfinala yazdırmağı bacarıb. Yarımfinal görüşündə Rumıniyadan olan daha bir rəqibini məyus edən Musa, həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medala sahib olub.

İcra başçısı Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Musa Ağayevi təbrik edərək ona yeni-yeni qələbələr arzulamışdır. Qeyd etmişdir ki, sənə ümidlərimiz böyükdür, inanırıq ki, gələcəkdə peşəkar bir idmançı kimi ən mötəbər beynəlxalq yarışlarda Bayrağımızı yüksəklərə qaldıracaq, himnimizin səsləndirilməsinə nail olacaqsan.

Güləşçi Musa Ağayev idmanda qazandığı yüksək nailiyyətlərə görə rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayevin sərəncamı ilə Fəxri Fərmanla təltif edilmişdir.

Azərbaycan Millisinin tərkibində yarışan gənc astaralı güləşçi Musa Ağayev hazırda dünya çempionatında iştirak etmək üçün məşqlərini davam etdirir.

Keçidlər