Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Coğrafi mövqeyi

İqlimin əsas tipləri

İqlimi yayı quraq keçən mülayim istidir. Rayonun düzənlik və dağətəyi hissəsi respublikanın rütubətli subtropik zonasına daxildir. Orta temperatur yanvarda -1,5 0C-dən 4 0C-dək, iyulda 15-25 0C-dir illik yağıntı 1200-1750 mm-dir.

Relyefi, geoloji quruluşu

Relyefi qərbdən dağlıq (Talış silsilələri), şimal-şərqdən düzənlikdir (Lənkəran ovalığı).dağlıq hissəsində bəzi zirvələrin hündürlüyü 2000 m-ə yaxındır. Xəzər sahilində dar zolaqda Antropogen, dağlıq və dağətəyi yerlərdə isə Paleogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar (Yanar bulaq, Ağ körpü. İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah bulaqları və s.) var.
Rayon ərazisində çoxlu sayda tarixi abidələr, turizm məkanları mövcuddur ki, bunlardan biri rayonun Züngüləş kəndi yaxınlığında yerləşən İstisu mənbəyidir. Bu mənbə təqribən 10000 m2 ərazini əhatə edir. Göstərilən ərazidə mənbənin bir neçə çıxışı mövcuddur.
Bu ərazidə ətraf mühitə zərər vermədən turizmin inkişafı üçün lazım olan coğrafi, dağ-texniki və s. şərait vardır.
Astara rayonunun bu hissəsində turizm bazasının yaradılması ilə həftəlik ekskursiya, baza ilə tanışlıq, meşə səyahəti, rayon mərkəzinə səyahət, Astara çayında tilovla balıq tutma, təbii vanna qəbulu, dəniz səyahəti kimi marşrutlar hazırlamaq mümkündür. Ərazidə sanatoriya tipli müalicəvi balneoloji, ekoturizm mərkəzi yaratmaq üçün çox əlverişli şərait vardır.
"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Bakı-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır . Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.

Təbiət

Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilmiş və Qızıl medal almışdır. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusi ilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.

Çaylar

Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində, minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur.
Astaraçay - Azərbaycan Respublikasının İranla dövlət sərhəddində çay.
Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindan qalasından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçayın bu hissədən mənsəbə qədər olan məsafəsi Azərbaycanla İran arasında dövlət sərhəddini təşkil edir. Çayın illik axımının 70 %-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axım 80-85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.
Astaraçay adını ərazidəki eyni adlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək dərə) və ara/ura (yer,su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır. Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq “Astara-1” kiçik su-elektrik stansiyasının inşası gedir.

Bitki örtüyü və heyvanat aləmi

Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s bitir. Hirkan milli parkının çox hissəsi Astara rayonundadır.
Heyvanları: bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s.
Quşları: qırqovul, vağ, qaz, ördək, göyərçin, kəklik, çöltoyuğu və s.
Bitki örtüyü: meşəliklərin aşağı hissələrində danaya, bigəvər kimi həmişəyaşıl kollar vardır. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqa ağaclar xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.

Qoruq və yasaqlıqlar

Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamı ilə yaradılmış “Hirkan Milli Parkı” nın 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astara rayonunun ərazisindədir. Meşələrdə relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat, cökə, vələs, fısdıq, qoz, qızılgöz və s. bitir.
Heyvanlardan bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. yaşayır.
Quşlardan-qırqovul, vaq, qaz, ördək, kəklik, göyərçin, çöı toyuğu, və s. vardır.
Mineral bulaqlardan-Yanar bulaq, Ağ körpü, Sım, Bi, Toradi, Şeyx Nəsrullah və başqaları məşhurdur.
Qoruğun ərazisindən Astara, Ərçivan və Pensər çayları keçir.

Sərhədləri

Astara rayonu Azərbaycanın cənub hissəsində yerləşir. Şimal tərəfdən Lənkəran şəhəri ilə, cənubdan və qərbdən İranla həmsərhəddir. Rayonun şərq hissəsində Xəzər dənizi, qərb hissəsində isə Talış dağları yerləşir.
 

Keçidlər