Astara rayonunda çağırışçıların ordu sıralarına yola salınması ilə əlaqədar tədbir keçirilmişdir
11 dekabr 2012-ci il tarixdə çağırışçıların Ordu sıralarına yola salınması ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul işçilər, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, valideynlər və rayonun Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan RİH-nin məsul işçisi M.Hacızadə qeyd etmişdir ki, bu günlər doğma Vətənimizin hər bir bölgəsində, şəhər və rayonunda 18 yaşı tamam olmuş gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə əlaqədar müxtəlif məzmunlu tədbirlər keçirilir. Gənclərin həqiqi hərbi xidmətə çağrılması barədə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamın icrası rayonumuzda da müvəffəqiyyətlə həyata keçirilir. Ölkə rəhbərinin Sərəncamından ötən müddət ərzində 70 nəfərdən çox gənc ordu sıralarına yola salınmış, bu tədbir uğurla davam etdirilir.
Təməlini xalqımızın Ümummilli lideri Ulu Öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövləti bu gün böyük tərəqqi, sürətli inkişaf yolundadır. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük nailiyyətlər qazanan dövlətimiz bu gün dünyanın ən sivil, ən güclü nizami ordusundan birinə malikdir. Azərbaycan hərbçilərinin təkcə ölkəmizdə deyil beynəlxalq sülhməramlı qüvvələrin tərkibində dünyanın müxtəlif bölgələrində öz borcunu şərəflə yerinə yetirməsi ürəyimizdə iftixar hissi oyadır. Fəxr edirik ki, bizim İlham Əliyev kimi dövlət başçımız, yenilməz sərkərdəmiz, ali baş komandanımız və güclü dövlətimiz, güclü nizami ordumuz vardır.
Bu gün daha 30 nəfər gəncimiz Azərbaycanın Milli Ordusunda xidmət etmək üçün yola düşəcəklər. Gənclərimiz üçün, onların valideynləri, eli, obası üçün bu böyük şərəfdir.
Tədbirdə çıxış edən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Astara rayon şöbəsinin rəis əvəzi mayor M.Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Böyük Vətən müharibəsinin iştirakçısı Məmmədşah Məcidov, valideyn Zərxan Ramazanov, çağırışçı Rufan Əlizadə Vətənin xidmətinə yola düşən gənclərə uğur diləmiş, onlara möhkəm can sağlığı arzulamış, Vətənin keşiyində ayıq-sayıq dayanmalarını tövsiyə etmişlər.
Azərbaycanın Dövlət bayrağını öpüb Vətənə ləyaqətlə xidmət edəcəklərinə and içən gəncləri Astara Qum məscidinin axundu Hacı İlqar Həsənov Quran altından keçirmiş, onlara Allahdan salamatlıq diləmişdir.
Çağırışçı gənclərin orduya yola salınma mərasimi rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında rəngarəng musiqi nömrələri ilə müşayiət olunmuş, televiziya və mətbuatda işıqlandırılması üçün çəkilişlər aparılmışdır.