Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur.
18 yanvar 2013-cü ildə rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayevin Siyaku kəndində əhali ilə görüşündə Mirvahab Dənziyev, Əsabəli Xankişiyev, Əhmədşah Quliyev, Osman Dədəyev, Azər Aslanov və başqaları Sığaloni kəndinə təbii qaz xəttinin çəkilməsinə, Dəşandə məhəlləsinə əlavə transformatorun qoyulmasına, kənddə yeni tikilmiş məktəb binasına telefon xəttinin çəkilməsinə, Siyəku-Miki yolunun təmir olunmasına, ünvanlı sosial yardımın verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Kənd sakini, ağsaqqal F.Muradov çıxış edərək göstərdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan lider ölkələr sırasına daxil olmuşdur. Xalqımızın güzəranı, maddi, məişət şəraiti gündən-günə yaxşılaşır, inkişaf edir. Bu inkişafın bariz nümunəsinə kəndimizdə şahid oluruq. Hazırda Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə üç orta məktəb binasının tikintisi bizə, təhsilimizə göstərilən qayğı və diqqətdir. Qazımız, işığımız vardır, firavan yaşayırıq, əkib-becərdiyimiz sitrus və digər kənd təsərrüfatı məhsullarını vaxtında toplayıb sata bilirik. Bu qayğı və diqqətə görə Möhtərəm Prezidentimizə hamımız dərin hörmət və ehtiramımızı bildiririk.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev kənd sakinlərini salamlayaraq bu görüşdən məmnun olduğunu bildirdi. O, qeyd etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasətin təntənəsi olaraq ölkəmiz qısa müddətdə yüksək inkişafa nail olmuşdur. Uğurlarımız gündən-günə artır, iqtisadiyyatımız yüksələn xətlə inkişaf edir. Bu müvəffəqiyyətləri siz hər gün mətbuatdan izləyirsiniz. Azərbaycanın BMT-nin Təhlükəsiz Şurasına qeyri-daimi üzv seçilməsi, bir sıra nüfuzlu, mötəbər, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi müstəqil dövlətimizin dünyada etibarlı tərəfdaş kimi tanınmasını bir daha sübut edir.
İdman sahəsində uğurlarımız daha möhtəşəmdir. London Yay Olimpiya oyunlarında idmançılarımızın 10 medal qazanması, 2015-ci ildə İlk Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında Beynəlxalq Olimpiya Komitəsinin tarixi qərarı bizim böyük qələbəmizdir.
Bu gün burada səslənən rəy və təkliflərin icrası ilə bağlı lazımi tapşırıqlar veriləcəkdir. Kənddə elektrik transformatorunun dəyişdirilməsi, təbii qazın çəkilməsi, sahilbərkitmə işlərinin aparılması, məktəblərə telefon xəttinin çəkilməsi nəzarətə götürülmüşdür. Kəndlərimizin sosial inkişafı ilə bağlı vacib olan tədbirlərin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məsələlərin həlli üçün mümkün olan bütün imkanlardan istifadə ediləcəkdir.
Hörmətli Siyaku kəndinin sakinləri. Sizinlə 7-ci dəfədir ki, görüşürük. Hər dəfə kəndinizə gələndə yeni-yeni uğurlardan, obyektlərin açılışından söhbət açır, qarşıda duran vəzifələrin icrası barədə fikir mübadiləsi aparırıq. Bu hamımızı sevindirir. Bu səmimiyyətə, dövlətçiliyə sədaqətinizə alqış deyirəm. Ziyalıların, ağsaqqalların çıxışları bizi bir daha əmin etdi ki, müstəqil ölkəmizin inkişafı yolunda daha uğurlu nəticələr qazanmaq üçün Möhtərəm Prezidentimizin ətrafında sıx birləşəcək, onun ən yaxın köməkçisi olacağıq.