Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ildə görülmüş işlər barədə hesabatı olmuşdur
Yenicə qəsəbə statusu almış Ərçivan, ərazisi və əhalisinə görə rayonun ən iri yaşayış məntəqələrindən biridir. Burada bir sıra kənd təsərrüfatı və sənaye müəssisəsi vardır. Əhalinin əsas məşğuliyyəti, əkinçilik, tərəvəzçilik, çəltikçilik və heyvandarlıqdır. Hazırda qışın oğlan çağı olmasına baxmayaraq burada geniş quruculuq abadlıq işləri gedir. Son illər Ərçivan kənd 2 və 3 saylı tam orta məktəbləri üçün yeni bina inşa edilmiş, 1, 4 saylı tam orta məktəbləri və 1 saylı mədəniyyət evi əsaslı təmir olunmuşdur. İnşasına başlanmış idman kompleksi tikilib istifadəyə veriləndən sonra qəsəbənin hüsnünə xüsusi yaraşıq verəcək.
Əhalinin torpağa bağlılığı sayəsində soğan, kartof, tərəvəz və bostan bitkilərinin istehsalı ildən-ilə artır. Bu məhsulların bolluğu bazarda qiymətlərin nisbətən aşağı olması ilə müşahidə olunur.
22 yanvar 2013-cü il tarixdə keçirilən Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ildə görülən işlər barədə hesabat yığıncağında Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev iştirak etmişdir. Ərazi icra nümayəndəsi Sultanağa Baxşıyevin hesabatı dinlənilmiş, müzakirələr və təhlillər aparılmış, 2013-cü ildə qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Ərçivan bələdiyyəsinin sədri R.Cəfərov kəndə qəsəbə statusunun verilməsi, eyni zamanda, abadlaşdırılması üçün görülən tədbirlərə görə bütün sakinlər adından ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Qəsəbə sakinləri Müzəffər Əzizov 3 saylı tam orta məktəbin istilik sisteminin yaxşılaşdırılması, Ş.Hüseynov kənddə olan elektrik xətlərinin təmiri, Qulam Səmədov qəsəbədə istirahət parkının salınması, Tofiq Ağayev məktəb yollarının asfaltlaşdırılması və digər məsələlər barədə arzu və təkliflərini bildirmişlər.
Söylənilən təkliflər rayon icra hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmiş, icrasının təmin edilməsindən ötrü aidiyyatı üzrə tapşırıqlar verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev çıxış edərək qəsəbə sakinləri ilə görüşdən məmnun olduğunu bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, sizinlə axırıncı görüşümüzdə verdiyiniz təkliflər, qaldırılan ən mühüm məsələlər bu ötən müddətdə öz həllini tapmışdır. Bu məni də çox sevindirir. Bunlardan ən mühümü Ərçivan kəndinə qəsəbə statusunun verilməsi idi ki, Möhtərəm cənab Prezident İlham Əliyev dekabr ayının 27-də bu barədə Sərəncam imzalamaqla bu arzumuzu gerçəkləşdirdi. Bu böyük etimad, diqqət və qayğıya görə möhtərəm cənab Prezidentə dərin hörmət və ehtiramımızı bildirirəm.
Digər əsas məsələ Ərçivan çayının məcrasının qazılaraq dərinləşdirilməsinə köməklik göstərilməsi idi. Ötən müddətdə sizin də yaxından köməkliyinizlə bu məsələ də həllini tapmış, Ərçivan çayının yatağının qazılaraq dərinləşdirilməsi nəticəsində evləri, təsərrüfatları su basması təhlükəsi aradan qaldırılmışdır. Eyni zamandda verdiyiniz digər təkliflər, narahatlıq doğuran məsələlər də həll olunmuşdur. Bütün bunlar ölkəmizin getdikcə artan iqtisadi qüdrəti nəticəsində mümkün olmuşdur.
Ölkəmizdə insanların güzəranı gündən-günə yaxşılaşır, sosial problemlərin həlli istiqamətində uğurlu layihələr həyata keçirilir, möhtəşəm işlər görülür. Bu gün müstəqil dövlətimiz bütün göstəricilərinə görə Cənubi Qafqazın ən güclü ölkəsidir. Azərbaycanın iştirakı olmadan bu regionda heç bir mühüm iqtisadi layihə həyata keçirilmir. Təkcə 2012-ci ildə müxtəlif məzmunlu beynəlxalq tədbirlərin-siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin ölkəmizdə yüksək səviyyədə keçirilməsi və bu qəbildən olan digər layihələrin gerçəkləşdirilməsinin gələcəkdə ölkəmizdə planlaşdırılması dövlətimizin bütün dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut edir.
Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin müdrik siyasətinin nəticəsində mümkün olmuşdur. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş inkişaf proqramları, o cümlədən, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər yerində olduğu kimi Astarada da uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin son bir ildə iki dəfə rayonumuza tarixi səfər etməsi və rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə iki mühüm sərəncam imzalaması buna əyani misaldır. Qısa müddətdə rayonda Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, YAP Astara rayon təşkilatı üçün yeni inzibati bina və onlarla məktəb tikilmiş, Mərkəzi Xəstəxana binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bundan əlavə 10 kilometrlərlə yol asfaltlaşdırılmış, Heydər Əliyev prospekti genişləndirilmiş, müasir dizaynda hasarlar tikilmiş, işıqlandırma sistemi yenilənmişdir. Şəhərin mərkəzindəki Heydər Əliyev parkı yenidən qurularaq xeyli genişləndirilmiş, yeni fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi və oturacaqlarla təmin olunmuş, gül və yaşıllıqlar salınmışdır. Bundan sonra da rayonumuzda daha böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yaxın müddətdə Astara şəhərində su-kanalizasiya sistemi problemi həllini tapacaqdır. Ucqar dağ kəndləri istisna olmaqla 2013-cü ilə kimi rayonun bütün kəndləri qazlaşdırılacaq.
Bütün bunlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionlara hədsiz diqqət və qayğısının nəticəsidir.
Yadınızdadırsa bir neçə il əvvəl kəndlərdə qaz yox idi. Elektrik enerjisi fasilələrlə, sutkada yalnız 2-3 saat verilirdi. Ölkəmizin iqtisadi gücü artdıqca bu və digər məsələlər sürətlə həllini tapır. Əhaliyə fasiləsiz elektrik enerjisi və təbii qazın verilməsi təmin olunmuş, bu təsərrüfatların yeniləşdirilməsi üçün işlər aparılır. Gördüyünüz kimi qəsəbənizdə də əhaliyə verilən təbii qazın keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə mövcud xətlər dəyişdirilərək yenisi ilə əvəz olunur, qazlaşdırılmamış təsərrüfatlara yeni xətlər çəkilir.
Hazırda gənclərin sağlam böyüməsi, asudə vaxtının mənalı keçirilməsi üçün qəsəbənizdə idman kompleksinin inşasına başlanmışdır. Kompleksin ətrafında əhalinin istirahəti üçün yerli şəraitə uyğun gözəl istirahət parkı da salınacaqdır. Qəsəbədə gələcəkdə daha böyük işlərin görülməsini planlaşdırırıq.
Bu gün söylədiyiniz arzu və təkliflər qeydiyyata alınmış, həlli ilə əlaqədar tapşırıqlar veriləcək, icrası nəzarətə götürüləcəkdir. Mən bu səmimi və işgüzar görüşə görə sizə bir daha minnətdarlığımı bildirirəm və inanıram ki, növbəti görüşlərimizdə buraya sizinlə yeni obyektlərin açılışına yığışacağıq.
İcra Hakimiyyətinin başçısı cənab Q.Ağayev tikilməkdə olan idman kompleksində olmuş, işlərin gedişi ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.