Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra hakimiyyətinin başçısı cənab Q.Ağayev Qarabağ müharibəsi əlilləri və veteranlarla görüşmüşdür

30 yanvar 2013 | 16:00

29 yanvar 2012-ci il tarixdə Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşmüşdür.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, vaxtaşırı olaraq rayonun ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə keçirdiyi görüş və səyyar qəbullarda Qarabağ müharibəsi əlilləri və veteranların bəziləri ilə görüşdüyünü bildirmişdir. Qeyd etmişdir ki, belə geniş tərkibdə görüşməkdə əsas məqsəd isə sizinlə daha yaxından tanış olmaq, problemlərinizlə maraqlanmaq, arzu və təkliflərinizi dinləməkdir. Siz Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş, şərtəfli bir yol keçmiş ən ləyaqətli Vətən övladlarısınız. Bu gün rayonumuzda 76 nəfər şəhid ailəsi, 44 nəfər Qarabağ müharibəsi əlili, 350 nəfərə qədər Qarabağ müharibəsi veteranı vardır. Hər cür dövlət qayğısı ilə əhatə olunan bu insanlar həmişə diqqət mərkəzindədirlər. Son beş ildə rayonda 9 nəfər əlilə minik avtomobili verilmiş, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 32 və 16 mənzilli iki ictimai yaşayış binası inşa edilmiş, 5 nəfərin şəxsi həyətyanı sahəsində fərdi yaşayış evi tikilərək onların istifadəsinə verilmişdir. 32 mənzilli daha bir ictimai yaşayış binasının tikintisi planlaşdırılır.
Q.Ağayev daha sonra qeyd etmişdir ki, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan idarəolunmaz bir vəziyyətə çatmışdı. Hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində xaos, anarxiya müstəqilliyimizin itirilməsi təhlükəsini yaratmışdı. Ayrı-ayrı şəxslərin tabeliyində olan silahlı birləşmələr onların şəxsi maraqlarına xidmət edirdi. Vətənin müdafiəsi isə tamamilə unudulmuşdu. Belə bir dövrdə torpaqlarımızın böyük bir hissəsi işğal olunaraq düşmən tapdağına keçdi. İndi yenidən fəallaşan həmin qüvvələr ölkədə müxtəlif təxribatlar törətməklə xalqı çaşdırmağa, dəstəyini qazanmağa çalışırlar. Amma unudurlar ki, bu xalq bir də heç vaxt onları dəstəkləməyəcək və Ulu Öndər H.Əliyevin müəyyən etdiyi yoldan-azadlıq, inkişaf, tərəqqi yolundan kənara bir addım da atmayacaqdır.
Hazırda bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük nailiyyətlər qazanan dövlətimiz bu gün dünyanın ən güclü nizami ordusundan birinə malikdir. Vətənimizin iyirmi faizdən çox torpağının nankor ermənilər tərəfindən işğal olunduğu, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin salındığı bir dövrdə hər birimiz özümüzü Vətənin döyüşən əsgəri hesab etməli, keşiyində daha ayıq-sayıq dayanmalıyıq. Bu gün Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət büdcəsindən qat-qat artıq olması, ordumuzun müdafiə qüdrətinin gündən-günə artması göstərir ki, işğal altında olan torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyildir.
Ölkəmizin iqtisadiyyatı gücləndikcə, maliyyə mənbələri artdıqca, sosial sahələrə də diqqət və qayğı ildən-ilə artır. Pensiyalar, maaşlar artırılır, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Dövlətimizin büdcəsi sosial yönümlü olmaqla bu il 20 milyard manat təşkil edir. Bu ilki büdcədə də ölkə rəhbəri tərəfindən müxtəlif təbəqələrdən olan insanların məvaciblərinin artırılması nəzərdə tutulmuşdur.
Müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bu inkişaf strateqiyası ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin əsas məqsədi qeyri-neft sektorunu ən yüksək səviyyədə inkişaf etdirmək, iqtisadiyyatımızın neft və qazdan asılılığını tamamilə aradan qaldırmaqdır. Bu istiqamətdə aparılan məqsədyönlü işlər, hazırlanmış proqramlar, həyata keçirilən layihələr uğurlu nəticələr verməkdədir.
Bütün bunlar ölkədə iş yerlərinin artması, məhsul bolluğunun yaranması, qiymətlərin əhalinin alıcılıq imkanlarına uyğun olması ilə müşahidə olunur.
Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri, şəhid atası Bayraməli Qasımov, I qrup Qarabağ müharibəsi əlili Atakişi Mirzəyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, gördüyü möhtəşəm işlərdə ölkə rəhbərini dəstəklədiklərini dönə-dönə vurğulamışlar.
Qarabağ müharibəsinin veteranlarından ehtiyatda olan zabit Lətif Abiyev yaşadığı hərbi şəhərcikdəki ictimai yaşayış binasında su-kanalizasiya sisteminin yenidən qurulmasına, Əfqan Rzayev yaşadığı məhəllədə elektrik enerjisinin normal gərginlikdə verilməsinə, Səfa Mürşüdov məhəllə yolunun asfaltlaşmasına, Qarabağ müharibəsi əlillərindən Uğur İbrahimov fərdi yaşayış evinin təmirinə, Nəriman Salahov evlə, Kamran Rzayev işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətlər etmişlər.
Səmimi və işgüzar görüşə görə Qarabağ müharibəsi əlilləri və veteranlarına minnətdarlıq edən İcra hakimiyyətinin başçısı Q.Ağayev bildirmişdir ki, müraciətləriniz qeydiyyata alınmış, həlli ilə əlaqədar tapşırıqlar veriləcək, icrası nəzarətə götürüləcəkdir.
 

Keçidlər