Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ildə görülmüş işlər barədə hesabatı olmuşdur

02 fevral 2013 | 16:00

Rayon Mərkəzi mədəniyyət evində RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişdir. Hesabat yığıncağına şəhər ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhərdə fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin kollektivləri, ziyalılar, ağsaqqallar dəvət olunmuşlar.
İcra nümayəndəsi Məzahim Hüseynov hesabat məruzəsi ilə çıxış edərək 2012-ci ildə şəhərdə aparılan tikinti-quruculuq işləri, problemlərin həlli ilə əlaqədar görülən tədbirlər barədə geniş məlumat vermişdir. Məruzəçi qeyd etmişdir ki, şəhərdə yeni park və xiyabanların salınması, küçə və səkilərin müasir tələblər səviyyəsində yenidən qurulması, yaraşıqlı hasarların tikilməsi, yeni işıqlandırma sisteminin quraşdırılması, bir sözlə şəhərdə aparılan abadlıq və quruculuq işləri əhalimizin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Şəhərin H.Əliyev prospektində və Azərbaycan küçəsində 10 ictimai yaşayış binasının fasadı müasir formada əsaslı təmir edilmiş, Azərbaycan, S.Vurğun və Nizami küçələrində 14 binanın dam örtükləri tamamilə dəyişdirilmişdir. Şəhərdə 10 ictimai yaşayış binasının zirzəmilərindən çirkab suları təmizlənmiş, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Eyni zamanda şəhərin girişində magistral yolda genişləndirmə işləri aparılmışdır. Uzun illər idi ki, İ.Kaverin, N.Nərimanov, Qum küçələri boyunca keçən əsas suötürücü kanal və H.Əliyev prospekti, Qum və Ə.Muxtar küçələri boyunca yardımçı suötürücü kanallar dərinləşdirilməmiş və təmizlənməmişdi. Bu da çoxlu yağıntılar olan dövrdə ciddi problemlər yaradır, evləri, həyətləri su basırdı. Şəhər sakinləri bu məsələlərlə əlaqədar dəfələrlə müraciətlər etmiş, təcili tədbirlər görülməsini xahiş etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayevin yaxından köməkliyi ilə bu problem uzun illərdən sonra həll edildi. Ötən il şəhər ərazisindən keçən əsas və yardımçı suötürücü kanallar dərinləşdirilərək təmizlənmiş, sel sularının Astara çayına axıdılması təmin edilmişdir. Bundan başqa şəhər qəbiristanlığının ikinci hissəsində abadlıq işləri görülmüş, mərkəzi bazarın yaxınlığında tıxacların aradan qaldırılması üçün nəqliyyatın birtərəfli hərəkəti təmin edilmiş, bazarının içərisində asfaltlanma işləri aparılmış, piştaxtalar təmir olunmuşdur.
Nizami küçəsində əhalinin və nəqliyyatın gediş-gəlişini əngəlləyən, ekoloji gərginlik yaradan iritonnajlı maşınların şəhər kənarı ilə hərəkəti üçün yeni yolun salınması təklifi də ötən hesabatda irəli sürülmüşdür. Rayon rəhbərliyinin yaxından köməkliyi ilə iritonnajlı maşınlar üçün şəhərin dənizkənarı ərazisində 1000 metrdən çox məsafədə yeni yol salındı.
Hesabat yığıncağında Astara bələdiyyəsinin sədri Məmməd Məmmədov, 2 saylı uşaq bağçası-körpələr evinin müdiri Lalə Səmədova, ağsaqqallar adından Heybət Hüseynov, Süleyman Əhədov, şəhər 7 saylı tam orta məktəbin direktoru Məbud Səfərov, Qarabağ əlili Atakişi Mirzəyev, sakinlərdən Aslan Abbasov, Ağadadaş Cəfərov, Rəhman Məmmədov və başqaları çıxış edərək respublikamızda, eləcə də rayonumuzda geniş miqyasda abadlıq və quruculuq işlərinə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmiş, şəhərimizin abad və yaraşıqlı olması üçün rayon rəhbərliyi tərəfindən görülən tədbirləri yüksək qiymətləndirmişlər. Çıxışlarda şəhərdə dairəvi marşrutla işləyən avtobusların sayının artırılması, dəniz kənarında çimərlik yaradılması, çoxmərtəbəli yaşayış binalarının tikintisi, elektrik təsərrüfatının təmir edilməsi və digər məsələlər barədə təkliflər irəli sürülmüşdür.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat yığıncağında çıxış edərək 2012-ci ilin Astara rayonu üçün bütün sahələrdə uğurlu il olduğunu, xüsusən şəhərdə geniş abadlıq və quruculuq işləri aparıldığını diqqətə çatdırmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2012-ci il martın 13-də rayonumuza səfəri, bir sıra mühüm obyektlərin açılışında iştirak etməsi və əhali ilə səmimi görüşləri hər bir astaralının qəlbində unudulmaz hadisə kimi yaşayır. Cənab Prezidentin bu səfərdən sonra imzaladığı sərəncamlara əsasən rayonumuza və Səhiyyə Nazirliyinə ayrılan vəsait hesabına şəhər, qəsəbə və kəndlərimizdə böyük tikinti, quruculuq və abadlıq işləri görülmüş, Mərkəzi Xəstəxananın II korpusunda yenidənqurma işləri başa çatmaq üzrədir. Ölkə rəhbərinin 27 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Ərçivan kəndinə qəsəbə statusunun verilməsi Astara və astaralılara göstərilən qayğı və diqqətin parlaq təzahürüdür.
Möhtərəm cənab Prezidentimizin müdrik siyasəti nəticəsində Azərbaycan dünyada nüfuzlu dövlətlərdən birinə çevrilmişdir. Son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin, dünya və Avropa çempionatlarının ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilməsi bu nüfuzu daha da artırmışdır. Azərbaycan Respublikasının birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği sahəsində geniş və səmərəli fəaliyyəti hər birimizin ürəyindəndir.
İcra başçısı qarşıda duran vəzifələr barədə danışarkən qeyd etmişdir ki, Astara şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılmasının başa çatdırılması, yeni məktəb binalarının tikintisi, əsaslı təmiri, şəhər, qəsəbə və kəndlərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi və bir sıra sosial məsələlərin həlli nəzərdə tutulmuşdur. Bunların rayon sakinlərinin köməkliyi ilə həyata keçiriləcəyini vurğulayan Q.Ağayev qaldırılan məsələlərin həlli ilə əlaqədar konkret və əməli tədbirlər görüləcəyini bildirmişdir.

 

Keçidlər