Astarada Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir
2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, tər gül dəstələri qoymuşlar.
Astara Olimpiya İdman Kompleksində Gənclər Günü münasibətilə təşkil edilmiş tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev açaraq 2012-ci ildə rayonda gənclər siyasəti və idmanla əlaqədar görülən işlərdən ətraflı danışmışdır. Qeyd edilmişdir ki, yola saldığımız ildə rayonda gənclərə həsr olunmuş 250-dən çox müxtəlif maraqlı və məzmunlu tədbirlər keçirilmişdir. 2012-ci il rayonun gənc idmançıları üçün xüsusilə uğurlu olmuşdur. İl ərzində idmanın müxtəlif növləri üzrə 205 medal əldə edilmişdir. Əsasən futbol, voleybol, boks, güləş, taekvando, karatenin müxtəlif növləri üzrə qazanılan nailiyyətlər diqqəti cəlb edir. Rayonun veteranlardan ibarət futbol komandası respublika yarışlarında birinci yerə layiq görülmüşdür.
Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin 2 fevral Gənclər Günü münasibəti ilə rayon gənclərinə təbriki oxunmuşdur.
Rayon Mərkəzi Xəstəxanasının gənc həkimi Aliyə Cavadova, Astara “İntellektual inkişaf” klubunun sədri Əfqan Hüseynov, Pedaqoji Kollecin tələbə-gənclər təşkilatının sədri Abbas İbrahimli, şəhər 4 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygül Abdullayeva, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP rayon təşkilatının sədri Faiq Həsənov çıxış etmişlər.
Rayon İcra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə rayon İcra hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyələrini təqdim etmişdir.
Rayon Mədəniyyət evinin musiqi kollektivinin iştirakı ilə bayram konserti təqdim edilmişdir.
Olimpiya İdman Kompleksində 2 fevral Gənclər Günü münasibəti ilə mini futbol, sərbəst güləş və voleybol yarışları keçirilmiş, fevralın 2-də hərbi hissələrdə müxtəlif məzmunlu tədbirlərlə davam etdirilmişdir.