Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir

07 fevral 2013 | 16:00

06 fevral 2012-ci il tarixdə Astara rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının akt zalında keçirilən konfransa şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədrləri və fəal üzvlər dəvət olunmuşdular.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda iştirak etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev konfransın gündəliyini elan edərək bu günkü yığıncaqda rayon Ağsaqqallar Şurasının hesabatının dinləniləcəyini, Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibinin və Respublika Ağsaqqallar Şurasının Qurultayına nümayəndənin seçiləcəyini bidirmişdir.
Şuranın sədri H.Əliyev hesabat məruzəsində təməlini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycanın ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurlu inkişafını, dünya dövlətləri sırasına inteqrasiya etməsini qeyd edərək bütün bu işlərdə ağsaqqalların da xüsusi rolu olduğunu vurğulamış və ölkə rəhbəri ətrafında sıx birləşməklə gördüyü möhtəşəm işlərə daim dəstək olacaqlarını bildirmişdir. O, qeyd etmişdir ki, müstəqillik əldə etməyimizdən az vaxt keçməsinə baxmayaraq bu dövrdə Azərbaycan böyük tarixi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi yolla ən çətin sınaqlardan üzüağ çıxmış, vətəndaş müharibəsi, erməni işğalçıları ilə müharibə və iqtisadi tənəzzüldən məharətlə qurtularaq, ölkə rəhbəri İlham Əliyevin uzaqgörən siyasəti ilə bu günkü xoş günlərə qovuşmuşdur. Rayonumuzda görülən çoxsaylı quruculuq-abadlıq işlərinə, tikilən məktəb binaları, səhiyyə müəssisələri, idman kompleksləri və digər sosial obyektlərin inşasına Sərəncam verdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə bütün ağsaqqallar adından minnətdarlıq edən natiq, bu diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verəcəklərini söyləmişdir.
Kijəbə qəsəbə Ağsaqqallar Şurasının sədri Qürbət İbrahimov çıxışında qeyd etdi ki, bu gün xarici düşmənlərimizlə yanaşı, ölkəmizdə qazanılan nailiyyətlərdən qıcıqlanan, gözügötürməyən qeyri-sağlam daxili qüvvələr ölkəni qarışdırmaq, siyasi sabitliyi pozmaq, məkrli niyyətlərini həyata keçirmək üçün ən iyrənc vasitələrə əl atsalar da, müdrik xalqaımız bir daha bu yalançı təbliğatlara uymayacaq və belələrinə heç bir dəstək verməyəcəkdir. Əkrəm Əylisli kimi tarixi həqiqətləri təhrif edən, heç bir əsası olmayan cızmaqaralarla düşmən dəyirmanına su tökən üzdəniraq bir yazıçının, Azərbayacan Yazıçılar Birliyinin üzvlüyündə qalmasını, “Xalq yazıçısı” adını daşımasını, Azərbaycanın ali ordenlərini sinəsində gəzdirməsini böyük ləkə adlandıran ağsaqqal, onun bu adlardan məhrum edilməsinin ən doğru qərar olacağını qeyd etdi.
Şiyəkəran kənd Ağsaqqallar Şurasının sədri Ağakişi Səfərov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, rayon Mərkəzi Xəstəxananın Poliklinika şöbəsinin müdiri Fuad Səmədov, Şahağac kəndindən ağsaqqal Sakit Bəhramov çıxış edərək ölkənin günbəgün artan iqtisadi gücündən, ölkə rəhbərinin apardığı daxili və xarici siyasətindən məmnun olduqlarını qeyd etməklə, müstəqil Azərbaycan dövlətinin dünyada daha da inkişaf edib şöhrət tapması üçün Möhtərəm Prezidentə ən yaxın köməkçi olacaqlarını bəyan etdilər.
Konfransda Ağsaqqallar Şurasının hesabatı kafi qiymətləndirilmiş, Əliyev Hamlet Murtuza oğlu rayon Ağsaqqallar Şurasının sədri və Respublika Ağsaqqallar Qurultayına nümayəndə seçilmişdir.
Konfransda iştirak edən rayon icra hakimiyyətinin başçısı Q.Ağayev rayon ağsaqqallarını konfrans münasibəti ilə təbrik edərək bu görüşdən məmnunluğunu bildirdi. Qeyd etdi ki, rayona İcra başçısı təyin olunanda ilk dəfə siz ağsaqqallarla görüşüb arzu və təkliflərinizi dinləmiş, xeyir-duanızı almışam. Bütün fəaliyyətim dövründə də ağsaqqallarımızın dəyərli məsləhətlərinə həmişə xüsusi önəm vermişəm. Yerlərdə əhali ilə keçirdiyimiz görüşlərdə də həmişə sizi dinləyir, fikir mübadiləsi aparırıq. Bu gün rayon Ağsaqqallar Şurasının konfransında iştirak etməyi də özümə borc bildim.
Qeyd olunduğu kimi ölkəmiz bütün sahələrdə uğurla inkişaf edir. Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu, insan hüquqlarının yüksək səviyyədə qorunması, güclü iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində apardığı məqsədyönlü daxili və xarici siyasəti ilə bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Siyasi və iqtisadi cəhətdən dünyanın ən aparıcı ölkələri tərəfindən birmənalı olaraq etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda son illər keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi-siyasi, mədəni və idman tədbirlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə də müxtəlif məzmunlu tədbirlərin, o cümlədən, bu ilin aprel ayında keçiriləcək Dünya İqtisadi Forumunun və 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə iştirakçı dövlətlərin qəbul etdiyi qərar bizdə böyük iftixar hissi doğurur. Bütün dünyanın Azərbaycan həqiqətlərini ən yüksək səviyyədə qəbul etdiyi halda, bəzi özünü müxalifət adlandıran, əslində heç bir sağlam fikri, ideyası olmayan, çirkin niyyətləri ilə Azərbaycanı parçalamağa çalışan, radikal qüvvələr şəxsi mənafeyi naminə, ölkədə qarışıqlıq yaratmağa çalışır, xalqı itaətsizliyə çağırırlar. Amma, Azərbaycan xalqı çox gözəl bilir ki, İsa Qəmbər, Əli Kərimli və digərləri hansı əqidəyə, amala xidmət edirlər. Bu xalq onların səriştəsizliyi ilə Azərbaycanın necə ağır duruma düşdüyünün, müstəqilliyimizin yox olmaq təhlükəsi ilə üzləşdiyinin şahididir. Böyük xilaskar Heydər Əliyev olmasaydı yəqin ki, bu günkü müstəqil Azərbaycan da mövcud olmazdı.
Ölkəmizin bu uğurlarının təməli də xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə davam etdirilir. Bu gün təkcə Bakı şəhəri deyil, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ən ucqar şəhər və rayonlarımız oba-oba, kənd-kənd abadlaşaraq gülüstana çevrilir. Bunu rayonumuzun timsalında aydın görə bilərik.
Təkcə yola saldığımız 2012-ci ildə rayonumuzda Astara Olimpiya İdman Kompleksi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni inzibati bina, bir neçə məktəb binası və digər obyektlər inşa edilmiş, yollar asfaltlaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Mərkəzi Xəstəxananın yenidən qurularaq əsaslı təmir edilməsi, yeni avadanlıqlarla təchiz edilməsi, həyətində gözəl park və istirahət guşəsinin salınması, poliklinika şöbəsinin əsaslı təmiri də 2012-ci ilin uğurlu nəticələrindəndir.
Şəhərin mərkəzindəki Heydər Əliyev Parkı genişləndirilmiş, burada yeni fəvvarə quraşdırılmış, gül-çiçək əkilmişdir. Parkın ərazisində olan bütün binalarda təmir işləri aparılaraq fasadları müasir memarlıq üslubunda qurulmuş, küçə və meydanlarda yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Heydər Əliyev prospektində, Azərbaycan və S.Vurğun küçələrində ictimai yaşayış binaların fasadı müasir formada əsaslı təmir edilmiş, dam örtükləri dəyişdirilmişdir. 10 ictimai yaşayış binanın zirzəmisindən çirkab suları təmizlənmiş, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.
Tikinti-quruculuq, abadlıq işləri təkcə şəhərdə deyil, qəsəbə və kəndlərimizi də əhatə etmişdir. Kijəbə qəsəbəsində Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran yolu asfaltlaşdırılmış, Telman kəndində 1000 metrlik yola asfalt döşənmiş, rayonun giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmışdır.
Əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı və qaz təsərrüfatının yenidən qurulması istiqamətində də mühüm işlər görülür. Kijəbə və Ərçivan qəsəbəsi, Təngərüd kəndində köhnə qaz boru xətləri yenisi ilə əvəz edilmiş, digər aran kəndlərinə də qazın çəkilişi davam etdirilir.
Hazırda rayonda 10-dan çox yeni məktəb binası tikilir. Qarşıda görüləsi işlərimiz də çoxdur. İl ərzində Ərçivan-Şuvi, Siyaku-Rinə yollarının və bir sıra kənd ara yolların asfaltlaşdırılması nəzərdə tutulmuşdur. Astara şəhəri və bir neçə kəndin içməli su ilə təmin edilməsini və şəhərin kanalizasiya sisteminin kompleks şəkildə yenidən qurulmasını nəzərdə tutan layihələr də bu il gerçəkləşəcəkdir.
Hörmətli ağsaqqallar!
İnanıram ki, həmişə olduğu kimi bundan sonra da sizinlə əl-ələ verərək ölkəmizin çiçəklənməsi, eyni zamanda rayonumuzun daha da abadlaşması üçün birgə səmərəli fəaliyyət göstərəcək, məqsədlərimizə nail olacağıq. Bu yolda hamınıza uğurlar arzulayıram.
 

Keçidlər