Astara sürətli inkişaf yolunda
19 fevral 2013-cü il tarixdə Astara rayonunun sosial iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin başçısı cənab Q.A.Ağayevin hesabatı olmuşdur.
Hesabat yığıncağına rayonun idarə, müəssisə rəhbərləri, ərazi nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, özəl qurumların, ictimai təşkilatların nümayəndələri, ağsaqqallar dəvət olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Millət vəkili Aslan Cəfərov hesabat yığıncağında iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək tər gül dəstələri qoymuşlar.
Rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Qəzənfər Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi rayonda ötən il ərzində əldə edilən uğurlardan bəhs edərək bildirmişdir ki, bütün ölkədə olduğu kimi 2012-ci ildə Astarada da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılmışdır.
13 mart 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rayonumuza növbəti səfəri, ictimaiyyət nümayəndələri ilə səmimi və mehriban görüşü, dərin məzmunlu çıxışı uzun müddət yaddaşlardan silinməyəcək. Ölkə başçısının Astara Olimpiya İdman Kompleksinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının, yenidən qurulmuş rayon Mərkəzi Xəstəxanasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirakı astaralıların hədsiz sevincinə səbəb olmuşdur.
Ölkə rəhbərinin Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl imzaladığı Sərəncamlar bir sıra mühüm infrastruktur layihələrinin yerinə yetirilməsi, həmçinin ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşa edilməsi, yeni yolların çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə imkan yaratmış, bizi daha məsuliyyətli olmağa, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə ciddi səy göstərməyə ruhlandırmışdır.
Ötən ilin son günlərində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev astaralıları daha bir tarixi Sərəncamı ilə sevindirdi. 27 dekabr 2012-ci tarixdə rayonun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi barədə imzaladığı Sərəncam bir daha sübut etdi ki, Astara rayonunun inkişafı ölkə rəhbərinin qayğısı ilə əhatə olunmuşdur. Buna görə Möhtərəm Prezidentimizə bütün rayon ictimaiyyəti adından təşəkkürümüzü, dərin hörmət və minnətdarlığımızı bildiririk.
2012-ci ildə rayonun yerli gəlirləri 2 milyon 296 min manata qarşı 3 milyon 164 min manat, yerli xərclər isə 16 milyon 352 min manata qarşı 15 milyon 900 min manat icra olmuşdur.
Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23 milyon 125 min manat məbləğində vəsait yönəldilmiş, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi 21 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.
Heydər Əliyev prospektində 5 və Azərbaycan küçəsində 7 ictimai yaşayış binasının fasadı müasir formada əsaslı təmir edilmiş, 10 ictimai yaşayış binasının zirzəmilərindən çirkab suları təmizlənmiş, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. 14 ictimai yaşayış binasının və Tarix Diyarşünaslıq muzeyinin dam örtüyü tamamilə dəyişdirilmişdir. Heydər Əliyev Parkı genişləndirilmiş, orada fəvvarə quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur. Parkın ərazisində olan bütün binalarda təmir işləri aparılmış, fasadları müasir memarlıq üslubunda qurulmuşdur. Şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Heydər Əliyev prospektinin girişində genişləndirmə işləri aparılmış, yolun hər iki tərəfində yeni hasarlar hörülmüş, müxtəlif üzlüklər çəkilmişdir. Prospektdə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi başa çatdırılmışdır. Mərkəzi bazar ərazisində yolda birtərəfli hərəkətin təşkilinə nail olunmuşdur.
Şəhərin Nizami küçəsində dəniz sahilindən yeni yol çəkilmişdir. Hazırda ağırtonajlı maşınlar şəhərin əsas küçələrinə daxil olmadan yeni salınmış yolla hərəkət edirlər.
Şəhər daxilində 1500 metr, şəhər ətrafı 5 min metr suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilmişdir.
Şəhərin Giləkəran hissəsində, Kaverin küçəsində və Suparibağ ərazisində suötürücü kanallarda dərinləşdirmə və tullantılardan təmizlənmə işləri aparılmışdır. Bütün bunlar əhalinin sel-sularından qorunmasına kömək etmişdir. Lovayın su anbarının əsaslı təmiri, Pensər və Astara çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndlərimizi də əhatə etmişdir. İlk növbədə rayonun giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmışdır.
Dövlət Proqramının icrası ilə əlaqədar Astara şəhər 7 saylı və Toradi kənd məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmiş, şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Şuvi, Vaqo, Siyaku, Hamoşam, Suparibağ, Telman, Sağlazüzə, Asxanakəran, Motlayataq və Rudəkənar kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Əhalinin işlə təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmiş və son səkkiz ildə rayon üzrə 5354 iş yeri açılmışdır. Bunun da 5039-u daimi iş yeri olmuşdur. 2012-ci ildə isə 463 daimi iş yeri açılmışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 2012-ci ildə buğda əkininə və məhsul istehsalında sərf olunan yanacaq və motor yağlarına görə 846 nəfər fermer və fiziki şəxsə ümumilikdə 85 min 600 manat, əlavə olaraq buğda və çəltik istehsalçılarına 8 min 442 manat subsidiya ödənilmişdir.
Rayonda çəltikçiliyin inkişafına göstərilən diqqətin nəticəsidir ki, ötən il 5600 ton məhsul istehsal olunmuşdur.
Rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısının alınması və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından köməklik göstərilməsi üçün tədbirlər həyata keçirilir.
2004-2012-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 sahibkara 2,3 milyon manat güzəştli kredit verilmişdir. Rayonda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə 110 hektar yeni çay plantasiyası salınmışdır.
İlk dəfə olaraq iş adamı tərəfindən şəhərin mərkəzində 9 mərtəbəli yaşayış binasının tikintisi sakinlərimizin böyük sevincinə səbəb olmuşdur.
Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 50 hektar sahədə meşə bərpası tədbirləri görülmüş, yeni şitillik sahələri salınmış, tingliklər yaradılmışdır.
Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsi proqnoz planını 100 % icra etmişdir. Şöbədə 12 min nəfər pensiyaçı qeydiyyata götürülmüş, pensiya və müavinətlər 20 milyon manat olmaqla, tam ödənilmişdir.
2012-ci il ərzində Astara rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3856 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmışdır. Şəhid ailələri və Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə bu kateqoriyadan olan on altı ailə yeni binada mənzillərlə təmin olunmuşdur.
İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə verilən diqqət inkişafa doğru atılan addımlarımızı artırır.
Hesabat ili ərzində Astara Elektrik Şəbəkəsi tərəfindən rayona verilmiş elektrik enerjisinin dəyərinin 74,8 faizi toplanmışdır.
Hesabat dövründə rayonda təbii qazdan istifadə edənlərin sayı 943 abonent artaraq ümumilikdə 11 min 544 abonentə çatmışdır. Abunəçilərə verilmiş təbii qazın dəyərinin 96 faizi ödənilmişdir.
İl ərzində rayonun Şovaş və Siyatük kəndlərinə yeni qaz xətləri çəkilmiş, 250 abonentə təbii qazın verilməsi təmin edilmişdir. Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələrində qaz xətləri tamamilə dəyişdirilərək yenisi ilə əvəz olunur. Sərək, Şüvi, Səlivə, Deqədi, Vəznəş, Şahağacı, Şiyəkəran, Telman və Kolatan kəndlərinə təbii qazın çəkilişi davam etdirilir.
Hesabat ili rayon təhsili üçün uğurlu olmuş və əvvəlki illərlə müqayisədə inkişafa nail olunmuşdur. Bu il 162 şagird respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 5 nəfəri 600-dən yuxarı, 16 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Rayonda fəaliyyət göstərən Pedaqoji Kollecin nəzdində texniki peşə təhsili verən kursların açılmasına təşəbbüs göstərilmişdir. İnanıram ki, bu, gənclərimizin gələcəkdə müxtəlif peşələrə yiyələnməsində mühüm rol oynayacaqdır.
2012-ci il ərzində rayon sakinləri və səhiyyə işçiləri üçün ən əlamətdar hadisə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulması məqsədilə vəsaitin ayrılması barədə sərəncam imzalaması olmuşdur. Hazırda poliklinika şöbəsində təmir işləri başa çatmaq üzrədir. Bütün bunlar səhiyyə xidməti sahəsində əhaliyə göstərilən ən yüksək qayğının nəticəsidir.
Hesabat ilində turizmin inkişafı ilə əlaqədar Xəzər dənizinin sahilində müasir tələblərə cavab verən bir neçə turizm istirahət mərkəzi istifadəyə verilmişdir. Bu da rayona əvvəlki illərə nisbətən turist axının çoxalmasına səbəb olmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği sahəsində tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verilmişdir.
Rayonun ictimai-siyasi həyatını əks etdirən «Astara» qəzetinin tirajının 1000 nüsxəyə çatdırılması və yeni formatda ayda iki dəfə çap olunması geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır.
2012-ci il “İdman ili”ndə gənclərimizə ən böyük hədiyyə, cənab Prezidentin açılış etdiyi Olimpiya İdman Kompleksi olmuşdur. Gənclərimizin idmana marağını artırmaq məqsədilə, burada ardıcıl olaraq müxtəlif idman növləri üzrə rayon və respublika əhəmiyyətli turnirlər keçirilir.
Rayon İcra Hakimiyyəti müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirmiş və 2012-ci il ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 801 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. 2012-ci ildə rayon ərazisində 177 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 94,3% olmuş və 10 cinayət hadisəsi açılmamış qalmışdır.
Hesabat dövründə Ərçivan, Tüləgüvan, Ojakəran, Şahağacı, Pəlikəş, Asxanakəran və Hamoşam bələdiyyələrinin yerli əhəmiyyətli məsələlərin həllində ərazi nümayəndəlikləri ilə qarşılıqlı əlaqəli fəaliyyəti qənaətbəxş olmuşdur. Ərçivan çayının lildən və tullantılardan təmizlənərək genişləndirilməsi, Tüləgüvan-Şəmətük kəndlərini birləşdirən yeni körpünün salınması, Pəlikəş-Dolu-Şəvqo kəndlərinə yeni avtomobil yolunun çəkilişi, Burzubənd-Pəlikəş və Asxanakəran-Hamoşam yolunun təmiri vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.
2012-ci ildə yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanmışdır.
“Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq təcrübəli, işgüzar, bacarıqlı, dövlətçiliyə sədaqətli kadrların hazırlanması, seçilib yerləşdirilməsi və ehtiyat kadr bazasının yaradılması rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatında gənc kadrların yerləşdirilməsi və ehtiyat kadrların hazırlanması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında 32 məsələ müzakirə olunmuşdur. Müzakirə edilən məsələlər Azərbaycan Respublikasının qanunlarının, Prezidentin fərman və sərəncamlarının yerlərdə icrası vəziyyəti, rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi vəziyyəti, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, enerji haqlarının yığılması, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, digər problemlərin həlli ilə bağlı olmuşdur.
Hesabat ilində rayon icra hakimiyyətinin təsdiq etdiyi qrafik əsasında şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Bu yığıncaqlarda vətəndaşların rəy və təklifləri dinlənilmiş, qaldırılan məsələlər nəzarətə götürülmüş, həlli üçün lazımi tədbirlər həyata keçirilmişdir. Qaldırılan məsələlər əsasən kənd ara yollarının asfaltlaşdırılması, kəndlərin qazlaşdırılması, yeni iş yerlərinin açılması, elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, məktəb və körpülərin tikintisi, mənzil və torpaq tələbi, əhalinin sosial müdafiəsi, sahibkarlığın inkişafı və sair barədə olmuşdur. Yerlərdə həlli mümkün məsələlər barədə verilmiş təkliflərlə əlaqədar müvafiq tədbirlər müəyyənləşdirilmiş, qaldırılan digər mühüm problemlər isə ümumiləşdirilərək aidiyyəti təşkilatlara göndərilmişdir.
2012-ci ildə əldə etdiyimiz uğurlara baxmayaraq hələ də görüləsi işlərimiz çoxdur. Astara şəhərində abadlıq işlərinin və rayonda qazlaşdırmanın başa çatdırılması, mövcud elektrik təsərrüfatının yenidən qurulması, şəhərdə kanalizasiya sisteminin qurulması, mərkəzləşdirilmiş istilik sisteminin yaradılması, şəhər, qəsəbə və kəndlərimizə yeni içməli su xəttinin çəkilməsi, şəhərdaxili və kəndarası yolların əsaslı təmiri, asfaltlaşdırılması, sahilbərkitmə işlərinin aparılması, körpülərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və digər məsələlərin 2013-cü ildə həll edilməsi qarşımızda duran əsas vəzifələrdəndir.
Hesabat yığıncağında Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Qaz İstismarı Sahəsinin rəisi Zahir Rzayev, Ərçivan qəsəbə ərazi nümayəndəsi Azad Əzizov, Pensər bələdiyyəsinin sədri Azər Əhmədov, Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, “Orxan” kəndli fermer təsərrüfatının rəhbəri Seyran Novruzov, Siyaku kəndindən ağsaqqal Fərrux Muradov, Şahağac kənd sakini, “Xəzər” kəndli fermer təsərrüfatının rəhbəri Taryel Əsədov, Maşxan kənd sakini Qadir Məmmədov çıxış edərək müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlərdən, dünya ölkələri sırasında layiqli yer tutmasından, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətinin xalqın bütün təbəqələri tərəfindən ürəkdən bəyənilməsindən, rayonun sosial-iqtisadi inkişafında qazanılan yüksək nailiyyətlərdən bəhs etmişlər. Çıxış edənlər onların təmsil etdikləri kollektivlər adından 2013-cü il Prezident seçkilərində alternativsiz namizəd olan hazırkı Prezidentimiz möhtərəm cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirmişlər.
Hesabat yığıncağında çıxış edən Milli Məclisin üzvü Aslan Cəfərov və Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov ölkəmizdə və rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlər barədə ətraflı danışmış, 2013-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin fevralın 12-də regional inkişafa dair Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.
Astaralılar bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin etdilər ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyü bütün işlərdə onun ən etibarlı köməkçisi olacaq, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını rəhbər tutaraq doğma vətənimizə böyük məhəbbət və sədaqətlə xidmət edəcəklər.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət yekdilliklə qəbul edilmişdir.