Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd sakinləri ilə görüşü olmuşdur
Fevralın 21-də rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd sakinləri ilə görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə açan İcra başçısı kənd sakinlərini salamlamış, son aylarda ərazidə aparılan geniş quruculuq və abadlıq işlərindən razı qaldığını bildirmişdir. Kənd sakinləri ilə hər bir görüşündən məmnun olduğunu ifadə edərək ərazidə yeni məktəb binasının tikintisinin və yaşayış məntəqələrinin qazlaşdırılmasının sürətlə aparıldığını diqqətə çatdırmışdır.
Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərəddin Babayev nümayəndəlikdə mövcud vəziyyət barədə ətraflı məlumat vermişdir.
Rayon Qaz İstismar Sahəsinin rəisi Zahir Rzayev Sərək, Şuvi, Siyatük kəndlərinin qazlaşdırılması ilə əlaqədar görülən işlər barədə məlumat verərək bu sahədə işlərin daha sürətlə aparılması və Novruz bayramı ərəfəsində bu ərazinin sakinlərinə təbii qaz verilməsini təmin etmək üçün bütün tədbirlərin vaxtında görüləcəyini bildirmişdir.
Kənd sakinlərindən Manaf Baxşıyev, Əbülfət Qüdrətov, Zakir Məmmədov, Səfər Abdullayev, Mahmud Məmmədov və başqaları çıxış edərək Möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin hər yerində aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş, son aylarda rayonda sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin qazanıldığını, bu işdə rayon rəhbərliyinin gərgin və səmərəli əməyini xüsusi qeyd etmişlər. Çıxış edənlər nəqliyyatın hərəkəti üçün çoxlu çətinliklər yaradan Ərçivan-Şuvi yolunun müasir tələblər səviyyəsində asfaltlaşdırılması istiqamətində rayon rəhbərliyinin səmərəli fəaliyyətindən və bu yaxınlarda həmin yolda işlərin başlanılacağı xəbərindən razılıqlarını bildirmişlər. Məktəb direktoru Ə.Qüdrətov Şuvi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinin sürətlə aparılmasına və bu işə gündəlik qayğı və diqqət göstərildiyinə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Kənd sakinləri xalqımızın maddi rifah halının gündən-günə yaxşılaşdırılması üçün var qüvvəsini sərf edən Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin bütün fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdıraraq prezident seçkilərində alternativsiz namizəd olan İlham Əliyev cənablarına yekdilliklə səs verəcəklərini bildirmişlər.
Görüş zamanı çıxış edənlər nümayəndəliyin ərazisində elektrik dirəkləri və naqillərinin köhnəldiyinə görə yeniləri ilə əvəz edilməsi, beş mindən çox əhalisi olan Şuvi kəndində bankomat qoyulması, Siyatük kəndinə içməli su verilməsi barədə təkliflər irəli sürmüşlər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Şuvi kənd sakinləri ilə bugünkü görüşün səmərəli və işgüzar şəkildə keçirilməsindən məmnun qaldığını bildirmiş, belə görüşlərin təşkilində əsas məqsədin yerlərdə mövcud vəziyyətlə və problemlərlə yaxından maraqlanmaq və konkret tədbirlər görmək olduğunu bildirmişdir. Əvvəlki görüşlərdən sonra ərazi nümayəndəliyində bir sıra konkret tədbirlərin görülməsi sevindiricidir. Lakin bugünkü görüşdə bir daha məlum oldu ki, az da olsa həllini gözləyən problemlər vardır. Təkcə Şuvi kəndində deyil, rayonun bir sıra ucqar yaşayış məntəqələrində elektrik təsərrüfatının əsaslı təmirinə və yenidən qurulmasına ehtiyac vardır. Bu istiqamətdə ölkə miqyasında əsaslı şəkildə təmir və yenidənqurma işlərinə başlanılmışdır. Rayonumuzda da mərhələ-mərhələ elektrik xətlərinin təmiri məqsədi ilə işlər görülür.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini, bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyət göstərdiyini və nəticədə bütün sahələrdə qlobal dəyişikliklərin baş verdiyini, quruculuq və abadlıq işlərinin gündən-günə geniş vüsət aldığını xüsusi diqqətə çatdırmışdır.
Bu inkişafı rayonumuzun timsalında da aydın görmək olar. Yaxın vaxtlarda rayonumuzda qazlaşdırma 90 faizə çatdırılacaq, elektrik təsərrüfatı yenidən qurulacaq, təkcə rayon mərkəzində deyil, kəndlərdə də yolların asfaltlaşdırılması və digər tədbirlər həyata keçiriləcəkdir. Ölkə rəhbərinin qayğısı və diqqətinin nəticəsidir ki, yaxın günlərdə uzun illərdən bəri bərbad vəziyyətdə olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolunun yenidən qurulması və asfaltlaşdırılması işinə başlanılacaqdır. Çox keçməz ki, bu yolun açılışı münasibəti ilə bütün kənd sakinlərini təbrik edəcəyik. Novruz bayramı ərəfəsində hədiyyə olaraq bu ərazinin sakinlərinə təbii qaz verilməsi təmin ediləcəkdir.
Rayon İcra hakimiyyətinin başçısı quruculuq-abadlıq işlərinin gələcəkdə də davam edəcəyini vurğulayaraq bu istiqamətdə birgə fəaliyyət göstərməyin vacib olduğunu söyləmiş və kənd sakinlərinə uğurlar arzulamışdır.