XX əsrin ən qanlı faciəsi-Xocalı
26 fevral 2013-cü ildə Astara rayonunda Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri tərəfindən şəhidlərin Xatirə Kompleksinin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir rayon Mərkəzi mədəniyyət evində davam etmişdir. Burada iştirakçılar Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olmuş, “Xocalı qətliamı” sənədli filminə tamaşa etmiş, kompazisiyaya baxmışlar.
Rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə Xocalı faciəsi barədə iştirakçılara məlumat verərək qeyd etmişdir ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.
21 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri olan Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum etdiyini və dəhşətli terror aktı törətdiyini qeyd edən natiq, cəmi 5 saat ərzində qədim Xocalının yer üzündən silindiyini, əhalisinin dəhşətli soyqırımına məruz qaldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, həmin qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 487 nəfər ömürlük şikəst olmuş, 6 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirmişdir. Bunların xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi və bu faciənin beynəlxalq miqyasda tanınması üçün 1994-cü il fevralın 24-də Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı kimi tanınmışdır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri alınacağı günün uzaqda olmadığı qeyd olunmuşdur.
Saat 17 : 00 -da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.