Rayon Qadınlarının konfransı
01 mart 2013-cü il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında keçirilən rayon Qadınlarının konfransına şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Qadınlar Şurasının sədrləri və fəal üzvlər dəvət olunmuşdular.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva konfransda iştirak etmişlər.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə tər gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
İcra hakimiyyətinin başçısı Q.Ağayev konfrans nümayəndələrini salamlayaraq giriş nitqi söyləmişdir. Qeyd etmişdir ki, bu gün sizinlə belə geniş tərkibdə görüşməyimə çox şadam. Ayrı-ayrı kəndlərdə vaxtaşırı əhali ilə keçirdiyim səyyar qəbullarda da görüşmüşük. Bu görüşlərdə Sizi ilk növbədə dinləmək, narahatlıq doğuran məsələlərin həllinə yaxından köməklik etməyi vəzifə borcum hesab etmişəm. Bu gün rayon Qadınlarının Konfransında iştirak etməyi də özümə borc bildim.
Qadın və ana olaraq Sizin cəmiyyətimizdə rolunuz böyükdür. Vətən, xalq, cəmiyyət üçün sağlam nəsil, vətənpərvər gənclər yetişdirmək kimi şərəfli və məsuliyyətli bir vəzifə analara məxsusdur.
Gördüyünüz kimi müstəqil dövlətimizin iqtisadi qüdrəti sürətlə artır. Uğurlar bizi hədsiz sevindirir. Ölkədə və beynəlxalq miqyasda qazandığımız nailiyyətlər doğma respublikamızın nüfuz dairəsini gündən-günə genişləndirir. Bütün bu nailiyyətlərin əldə edilməsində Siz qadınların da əməyi əvəzsiz və böyükdür.
Azərbaycan qadınları dünyanın ən gözəl, ən ləyaqətli qadınlarıdır. Biz bununla həmişə fəxr etmiş, qürur duymuşuq. Bu gün Azərbaycan qadını həyatın bütün sahələrində öz xalqına yüksək səviyyədə xidmət göstərir, ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə geniş miqyaslı fəaliyyəti buna bariz nümunədir. O, yüksək mədəniyyəti, elmi, intellekti ilə azərbaycanlı qadınını dünyanın mötəbər məclislərində şərəflə təmsil edir, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün böyük işlər görür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti də bizdə hədsiz qürur hissi doğurur. “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Xocalı soyqırımının tanınması ilə əlaqədar dünyanın müxtəlif ölkələrində keçirdiyi tədbirlərdə Leyla Əliyeva əsl vətənpərvərlik nümayiş etdirərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmət göstərir.
Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev qadınların əməyinə, cəmiyyətdəki roluna çox böyük qiymət verir, onlara daim diqqət və qayğı göstərirdi. Bu müdrik siyasət möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri Sizə dərin hörmət və ehtiram bəsləyir, əməyinizin qiymətləndirilməsi, sosial problemlərinizin həlli istiqamətində əməli tədbirlər həyata keçirir. Bunu örnək kimi götürərək biz də həmişə olduğu kimi, bundan sonra da, Sizə diqqət və qayğını ön planda saxlayacaq, problemlərinizin həll olunmasına lazımi köməklik göstərəcəyik.
Mən sizi rayon Qadınlar Şurasının konfransı, eyni zamanda qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü və xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik və firavan həyat, təhsildə, əməkdə, ictimai-siyasi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Konfransın işinə uğurlar diləyirəm.
Respublika Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında müstəqil dövlətimizin uğurlu inkişafını, dünya dövlətləri sırasında xüsusi mövqeyi ilə seçildiyini, bu nailiyyətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə müvəffəqiyyətlə davam etdiyini qeyd etmiş, bütün bu işlərdə qadınların da xüsusi rolu olduğunu vurğulamış və ölkə rəhbəri ətrafında sıx birləşməklə gördüyü möhtəşəm işlərə daim dəstək olacaqlarını bildirmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini İ.Malıyev, rayon Qadınlar Şurasının sədri Bəsti Əliyeva, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Sığorta İdarəsinin müdiri İlhamə Həşimova konfransda çıxış etmişlər.
Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçilmiş, konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.