Ucqar dağ kəndinin pedaqoji kollektivi ilə açıq və səmimi görüş.
Ucqar dağ kəndinin pedaqoji kollektivi ilə
açıq və səmimi görüş
Mart ayının 7-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Rinə kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşərək onların arzu və təkliflərini dinləmiş, problemlərlə yerində tanış olmuşdur.
Məktəbin müəllimi Osman Dədəyev respublikamızda, həmçinin rayonumuzun şəhər, qəsəbə və kəndlərində gedən abadlıq və quruculuq işlərindən razılığını bildirmiş, bütün bunlara görə ölkə rəhbəri Möhtərəm cənab İlham Əliyevə minnətdarlığını diqqətə çatdırmışdır. Kənd sakinlərinin dövlətçiliyə sədaqətlərini əməli işləri ilə sübut etdiyini, seçkilərdə daim fəallıq göstərdiklərini bildirmiş, qarşıdakı prezident seçkilərində yeganə namizədimiz olan Möhtərəm cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini vurğulamışdır. O.Dədəyev kəndə qaz çəkilişindən ötrü köməklik göstərməyi sakinlər adından xahiş etmişdir.
Müəllimlərdən Balakişi Hacıyev çıxışında son vaxtlar rayon mərkəzləri, şəhər və qəsəbələrlə yanaşı ucqar kəndlərin sosial problemlərinin həllinə diqqətin artırılmasını, o cümlədən, təkcə Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə eyni vaxtda dörd tam orta məktəbin tikintisinin aparıldığını cənab İlham Əliyevin bölgələrə olan yüksək qayğının bariz nümunəsi kimi qiymətləndirmişdir.
Osman Nəcəfov, Asəf Hacıyev, Məhyəddin Sultanov, Bəfa Fətəliyev və başqaları çıxış edərək Rinə kəndinə gələn yolun asfaltlaşdırılması, mövcud elektrik təsərrüfatının yenidən qurulması, xüsusilə yararsız elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, qonşu Miki kəndinə gedən yolun qaydaya salınması barədə arzu və təkliflərini bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev açıq və səmimi görüşə görə ziyalılara təşəkkürünü bildirərək qeyd etmişdir ki, çox səfalı guşədə, füsunkar təbiətin qoynunda yerləşən Rinə kəndində son dövrdə tikinti və abadlıq işləri sürətlənmişdir. Xüsusən yeni tikilmiş kənd orta məktəbində yaradılmış səliqə-sahman göz oxşayır. Ümumilikdə Siyaku İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyaku, Şağlazüzə və Vaqo kəndlərində yeni və yaraşıqlı məktəb binalarının tikintisi yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Ərazidə quruculuq və abadlıq işləri davam etdirilir, qaz xətləri dəyişdirilir. Şübhəsizdir ki, bütövlükdə ölkəmizdə, eləcə də, rayonumuzun şəhər, qəsəbə və kəndlərində aparılan geniş tikinti, quruculuq və abadlıq işləri Ümummilli Lider Heydər Əliyevin siyasətinin parlaq təzahürüdür. Ulu öndərin siyasətinin layiqli davamçısı İlham Əliyevin gündəlik diqqəti və qayğısı nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişafı təkcə mərkəzdə deyil, ən ucqar yaşayış məntəqələrində, xüsusən dağlıq ərazilərdə də görmək olar.
Bugünkü görüşdə diqqətinizə çatdırmaq istəyirəm ki, yaxın vaxtlarda Siyaku-Rinə yolunun asfaltlaşdırılmasına başlanacaqdır. Bu iş başa çatdıqdan sonra rayonumuzun Asxanakaran və Hamoşam kəndlərinə gedən sakinlər də bu rahat yoldan istifadə edə biləcəklər. Hazırda Siyaku kəndində əvvəlki qaz xətlərinin dəyişdirilməsi istiqamətində işlər aparılır. Yaxın gələcəkdə Rinə kəndinin də qazlaşdırılmasına başlanacaqdır. Elektrik təsərrüfatında olan problemlər hamımıza yaxşı məlumdur. Ötən əsrin 60-cı illərindən istifadəyə verilən elektrik təsərrüfatlarının əsaslı sürətdə yenidən qurulmasına ehtiyac vardır. Bir sıra ucqar yaşayış məntəqələrində elektrik dirəkləri və naqillər istismar müddətini çoxdan başa vurmuşdur. Bunların yenilənməsi hissə-hissə həyata keçirilir. Burda qaldırılan məsələlərin icrası ilə əlaqədar konkret əməli tədbirlər görüləcəkdir.
İcra başçısı Q.Ağayev Rinə kənd tam orta məktəbində dərslərin gedişi və tədrisin vəziyyəti ilə tanış olmuş, yuxarı siniflərdə davamiyyətlə maraqlanmış, XIb sinfində müəllim Rəhimağa Hüseynovun ədəbiyyat dərsində iştirak etmişdir.
Məktəb kollektivi qarlı-çovğunlu gündə onları yad edib görüşə gəldiyinə görə İcra başçısına və gələn qonaqlara dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.