Novruz bayramı ərəfəsində rayonumuzun daha 3 kəndinə təbii qaz verildi.
Mart ayının 14-də rayonumuzun Sərək, Şuvi və Vəznəş kəndlərinə təbii qazın verilməsi münasibəti ilə Şuvi kəndində təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbiri rayon İcra hakimiyyəti başçısının Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərəddin Babayev açaraq son aylarda rayonda və Şuvi ərazi nümayəndəliyində aparılan abadlıq və quruculuq işləri barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, nümayəndəliyin əhatə etdiyi ərazidə 5100 nəfərə yaxın əhali yaşayır. İndiyədək bu əhali heç vaxt təbii qazdan istifadə etməmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasətinin nəticəsidir ki, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da qazlaşdırma böyük uğurla davam etdirilir. Bu gün biz hamımız çox sevinirik ki, ucqar kəndlərimizə də yeni qaz xətti çəkilişi sürətlə aparılır. 1304 nəfər əhalisi olan Şuvi, 1702 nəfər əhalisi olan Sərək, 390 nəfər əhalisi olan Vəznəş kəndlərinə yeni qaz xətlərinin çəkilişi həqiqətən tarixi hadisədir. Bütün bunlara görə hər üç kəndin sakinləri ölkə başçısı möhtərəm İlham Əliyevə təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.
Şuvi kənd tam orta məktəbin direktoru Əbülfət Qüdrətov, şəhid bacısı, kənd sakini Ayxanım İbrahimova, Sərək kənd orta məktəbin direktoru Tərlan Ramazanov, kənd sakini Sara Sadıqova, Qarabağ əlili Uğur İbrahimov çıxış edərək qısa müddət ərzində Sərək, Şuvi və Vəznəş kəndlərinə təbii qaz xətti çəkilişi kimi mühüm bir vəzifənin yerinə yetirilməsində zəhməti olanların hamısına ürəkdən təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Onlar qeyd etmişlər ki, son dövrdə ərazidə bütün sahələrdə inkişaf diqqəti cəlb edir. Şuvi kənd orta məktəbi üçün yeni binanın tikintisi sürətlə davam etdirilir. Bu günlərdə Ərçivan-Şuvi yolunun asfaltlaşdırılmasına başlanacaqdır. Nəhayət illərdən bəri həsrətində olduqları təbii qazın verilişi bütün kənd sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Çıxış edənlər bir daha onlara bu bayram ərəfəsində bəxş edilən xoşbəxtliyə görə ölkə rəhbərinə, rayon İcra hakimiyyətinin başçısına və “Azəriqaz” ASC-nin bütün kollektivinə minnətdarlıqlarını ifadə etmiş, qarşıdakı prezident seçkilərində möhtərəm cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
“Azəriqaz” ASC-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov tədbirdə çıxış edərək Novruz bayramı ərəfəsində təbii qaz alan sakinlərə rəhbərliyin salamını çatdırmış və ən xoş arzularını bildirmişdir. O, qeyd etmişdir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar ölkə miqyasında qazlaşdırma işi sürətlə aparılır. Rayonun Telman, Şiyəkəran, Şahağac kəndlərinə qaz çəkilişi ilin axırınadək başa çatdırılacaqdır.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mərasimdə çıxış edərək, ölkədə və rayonumuzda sosial-iqtisadi sahədə qazanılan uğurların Ulu Öndər Heydər Əliyevin siyasətinin parlaq nəticəsi olduğunu diqqətə çatdırmışdır. İcra başçısı Novruz bayramı ərəfəsində 600-dən çox evə mavi qazın verilməsi münasibətilə həmin kəndlərin sakinlərini təbrik etmiş, ən xoş arzu və diləklərini çatdırmışdır. Keçən il Qurban bayramı ərəfəsində qonşu Siyatük kəndinə təbii qazın verilməsi ilə yüzlərlə ailəyə sevinc bəxş olunduğunu xatırladan İcra başçısı bu gözəl ənənənin davam etdiyini, indi də xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində Şuvi, Sərək və Vəznəş kənd sakinlərinə bu xoşbəxtliyin nəsib olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, kənddə yeni məktəb binası inşa edilir. Qısa müddətdə Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə istiqamətindəki yolun asfaltlaşdırılmasına başlanacaqdır. Bütün bunlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin bölgələrə, eləcə də rayonumuza göstərdiyi yüksək diqqətin parlaq təzahürüdür. Şübhəsiz ki, bu işlərdə “Azəriqaz” ASC-nin rəhbərliyinin də layiqli payı vardır.
İcra başçısı bir daha Sərək, Şuvi və Vəznəş kənd sakinlərini Novruz bayramı münasibətilə ürəkdən təbrik etmiş, xoş arzularını bildirmişdir.