Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Telman kəndində yeni məktəb binası istifadəyə verildi.

29 mart 2013 | 16:00

     Rayonun Telman kəndində orta məktəb binası uzun illər idi ki, yararsız binalarda yerləşirdi. Ötən əsrin 30-cu illərində inşa edilmiş bu binalarda şagirdlərin normal təhsil alması üçün lazımi şərait yox idi. Məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin uzun illərdən bəri həsrətində olduqları arzu həyata keçdi. Müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılan 220 şagird yerlik, ikimərtəbəli yeni məktəb binası mart ayının 28-də istifadəyə verildi.

     Yeni məktəb binasının açılışına məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, Telman kənd ictimaiyyətinin nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları və məktəbin tikintisində iştirak edən inşaatçılar toplaşmışdı. Məktəblilər illərdən bəri arzusunda olduqları yeni məktəb binasının açılışına gələn rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevi və digər qonaqları gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar.
     Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açdı. O, çıxışında son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan geniş söhbət açdı. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
     Söz məktəblilərə verildi. Onlar ulu öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər.
     Yeni istifadəyə verilən Telman kənd tam orta məktəbinin direktoru Sərraf Əhmədov, kənd ağsaqqalı Qasım Həsənov, məktəbin müəllimi Aydın Məmmədov çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildirmiş, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan      Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etmişlər.
     Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək əvvəlcə kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bu gün rayonda istifadəyə verilən 24-cü yeni məktəbin açılışına toplaşmışıq. Hazırda rayonda daha 10 məktəbin tikintisi davam etdirilir. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.
     İcra başçısı Telman kəndinin sakinləri ilə ötən ilin ortalarında keçirilən görüşlər zamanı qaldırılan məsələlərin qısa müddətdə icra edilməsi, Telman kəndinə yeni asfalt yolun çəkilməsi, illərdən bəri həsrətində olduqları yeni məktəb binasının inşasının başa çatması, kəndə qaz çəkilişinin yaxın zamanda başa çatdırılması barədə ətraflı məlumat vermişdir.
     Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Telman kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış lentini kəsmişdir.
     Açılış mərasiminin iştirakçıları yeni məktəb binasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar. İkinci sinif şagirdi Minarə Əliyeva çıxış edərək kənd məktəbliləri üçün yaradılmış bu gözəl şəraitə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə səmimi təşəkkürünü və minnətdarlığını bildirmişdir. Rayon icra hakimiyyəti tərəfindən şagirdlərə geyim formaları təqdim edilmişdir. Mərasim iştirakçıları məktəbin kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı, və kitabxanasında olmuşlar.

Keçidlər