Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Marzəsə kəndində əhali ilə səmimi və işgüzar görüş.

12 aprel 2013 | 15:00

 

11 aprel 2013-cü il tarixdə ucqar dağlıq ərazidə yerləşən Marzəsə kəndində Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə səyyar qəbul və görüş keçirmişdir.

Marzəsə kəndi təbiətinin gözəlliyi, yamyaşıl meşələri və saf havası ilə bura gələnləri heyran edir. Siyaku kənd inzibarti ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan bu səfalı kənddə yaşayan 513 nəfər əhalinin əsas məşğuliyyəti heyvandarlıq, sitrusçuluq və arıçılıqdır. Kənd sakinləri halal zəhmətlə özlərinə gözəl gün-güzəran qurublar. Siyaku kəndindən bu ucqar dağlıq əraziyə gedən yolda xeyli abadlıq işləri görülüb. Bələdiyyənin və kənd sakinlərinin köməyi ilə dağ yoluna çınqıl döşənmiş, təmir işləri aparılmışdır. 2008-ci ildə istifadəyə verilmiş Marzəsə kənd ümumi orta məktəbində 65 şagird təhsil alır.  

Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayevi böyük hörmət və ehtiramla qarşılayan Marzəsə kənd sakinləri onlarla görüşə gəldiyinə görə hörmətli İcra başçısına dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Icra başçısı kənd sakinlərini salamlayaraq bu gözəl, səfalı, mənzərəli kəndə gəlişindən məmnunluğunu diqqətə çatdırdı. 

Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov Marzəsə kəndi haqqında ətraflı məlumat verdi. Kənd sakini Möhübbət İskəndərov rayonun ən ucqar dağlıq ərazisində yerləşən bu yaşayış məntəqəsinə əhali ilə görüşə gəldiyinə görə İcra başçısına sakinlər adından dərin təşəkkürünü və minnətdarlığını çatdırdı.

Son on ildə ilk dəfə rayon rəhbərinin bu kəndi yad etməsini xüsusilə vurğulayan Xankişi Aslanov kənd sakinlərinin zəhmətsevər və işgüzar olduqlarını diqqətə çatdıraraq kənddə elektrik transformatorunun və dirəklərin əsaslı təmirə ehtiyacı olduğunu bildirdi. Sakinlərdən Aynur Fətəliyeva, Asif İsgəndərov, məktəbin direktoru Akif İsgəndərov kəndə qaz çəkilişi, çay üzərində körpü salınması, feldşer-mama məntəqəsinin bərpası kimi məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək son illər ölkədə və eləcə də rayonda aparılan geniş abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verdi. Bu quruculuq işlərinin ölkənin ən ucqar yaşayış məntəqələrində də aparıldığını qeyd edən İcra başçısı təkcə Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hazırda 3 yeni orta məktəb binasının sürətlə inşa edildiyini bildirdi.

Q.Ağayev qeyd etdi ki, burada qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar veriləcəkdir. Yerli əhali torpaqlardan səmərəli istifadə olunmasına, sitrusçuluq və heyvandarlığın daha geniş şəkildə inkişaf etdirilməsinə səy göstərməlidirlər. Bu cür gözəl və saf təbiəti olan ərazidə yaşamaq da xoşdur, işləmək də. Məktəblilərin yüksək səviyyədə təhsil alması üçün burada hər cür şərait yaradılmış, yaraşıqlı məktəb binası onların istifadəsinə verilmişdir. Şübhəsizdir ki, ölkəmizin hər yerində olduğu kimi, bölgələrdə, hətta Marzəsə kimi ən ucqar dağlıq ərazidə yerləşən kəndlərdə sosial layihələrin həyata keçirilməsi Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasətin parlaq təzahürüdür.

Q.Ağayev Marzəsə kənd məktəbində yaradılmış şəraitlə tanış oldu, ayrı-ayrı fənn kabinetlərinə baxaraq ibtidai siniflərdə və V sinfin tarix dərsində iştirak etdi.

Keçidlər