Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Lovayın yaşayış məntəqəsinin sakinləri ilə görüş.

17 aprel 2013 | 15:00

Bənzərsiz təbiəti olan Astara ilin bütün fəsillərində gözəldir. Yazda təbiətin oyanışı ilə bu gözəllik daha da artaraq valehedici olur.  Aprelin 16-da rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbəsinin Lovayın yaşayış məntəqəsinin sakinləri ilə görüşü  zamanı yağan yaz yağışının da öz gözəlliyi var idi. Sakinlərin dediyi kimi bu təbiətin canlanması üçün ilahinin göndərdiyi nur payıdır.

Görüşü Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rafael Babayev açaraq  qeyd etmişdir ki, Lovayın yaşayış məntəqəsinin 201 təsərrüfatı, 885 nəfər əhalisi, 1 tam orta məktəbi, 1 mədəniyyət evi, 1 kitabxanası, 1 məscidi, 2 fermer təsərrüfatı vardır. Əhalinin əsas məşğuliyyəti çayçılıq, sitrusçuuq və heyvandarlıqdır.

Sakinlərdən Qürbət İbrahimov, Nəsrəddin Teymurov, İbrahim Qənbərov, Yədulla İbrahimov, Ağaddaş Rəhimov, Mehrəli Orucov və başqaları çıxış edərək möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə görülən genişmiqyaslı işlərdən razılıqlarını bildirmiş, eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, bu işdə rayon rəhbərliyinin gərgin və səmərəli əməyini xüsusi qeyd etmişlər. Onlar ölkəmizin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin səmərəli fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdıraraq qarşıdan gələn prezident seçkilərində yekdilliklə İlham Əliyev cənablarına səs verəcəklərini bildirmişlər.

Çıxış edənlər eyni zamanda kəndin sosial məsələləri barədə təkliflər irəli sürərək Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, mədəniyyət evinin əsaslı təmiri, elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz edilməsi, əlavə transformatorun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Lovayın yaşayış məntəqəsinin sakinləri ilə keçirilən səmərəli və işgüzar görüşdən məmnun qaldığını bildirmişdir. Qeyd etmişdir ki, yerlərdə keçirilən belə görüşlərdə əsas məqsəd mövcud vəziyyətlə və problemlərlə yaxından tanış olmaq və konkret tədbirlər görməkdən ibarətdir. Bugünkü görüşdə bir daha məlum oldu ki, kənddə az da olsa həllini gözləyən problemlər vardır. Təkcə Lovayında deyil, rayonun bir sıra yaşayış məntəqələrində elektrik xətt təsərrüfatında mövcud avadanlıqlar istismar müddətini başa vurmuşdur. Onların  əsaslı təmirinə və yenidən qurulmasına ehtiyac vardır. Bu böyük bir layihədir və bu istiqamətdə ölkə miqyasında əsaslı şəkildə işə başlanmışdır. Rayonumuzda da elektrik xətlərinin təmiri məqsədi ilə işlər görülür.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini, bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə ölkədə bütün sahələrdə inkişaf və tərəqqinin olduğunu, quruculuq və abadlıq işlərinin gündən-günə geniş vüsət aldığını diqqətə çatdırmışdır.

Bu inkişafı rayonumuzun timsalında da aydın görmək olar. Şəhər, qəsəbə və kəndlərimizdə aparılan tikinti, quruculuq və abadlıq işlərinin şahidisiniz. Ötən il əsaslı təmir edilmiş Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran avtomobil yolunun açılışında möhtərəm cənab Prezident İlham Əliyevin şəxsən iştirak edərək yeni salınmış Bayraq meydanında qəsəbə sakinləri ilə görüşü yəqin ki, uzun müddət xatırlanacaqdır.

Hazırda qəsəbədə olan 9 məktəbdən 7-si üçün yeni binalar inşa edilmiş, qalan iki məktəb binasının tikintisi plana salınmışdır. Ötən görüşlərimizdə verdiyiniz təklifə, arzu və istəyinizə uyğun olaraq qəsəbədə salınan Heydər Əliyev parkında tamamlanma işləri görülür. Rayonumuzda məktəb binalarının, Ərçivan qəsəbəsində boks idman zalının tikintisi davam etdirilir. Uzun illərdən bəri bərbad vəziyyətdə olan Ərçivan-Şuvi-Siyatük-Alaşa-Qapıçıməhəllə dairəvi yolunun yenidən qurulması və asfaltlaşdırılması işinə başlanmışdır.  Bütün bunlar  ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Rayon İcra hakimiyyətinin başçısı quruculuq-abadlıq işlərinin gündən-günə  sürətlənəcəyini vurğulayaraq bu istiqamətdə birgə fəaliyyət göstərməyin vacib olduğunu söyləmiş və sakinlərə uğurlar arzulamışdır. 

Keçidlər