Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səncərədi kənd sakinləri ilə görüş.

24 aprel 2013 | 15:00

Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan kəndlər - Artupa, Alaşa, Züngüləş, Şovaş kəndləri Astara rayonunun ən mənzərəli yaşayış məntəqələridir. Burada təbiətin qoynunda səfalı istirahət yerləri çoxdur. Son illər nümayəndəliyin ərazisində quruculuq-abadlıq sahəsində müəyyən işlər görülmüş, əhalini narahat edən problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.

23 aprel 2013-cü il tarixdə rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırovun əhali ilə görüşündə Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndə Balacan Həbibov bu barədə məlumat vermiş, kənd sakinləri çıxış edərək təkliflər irəli sürmüşlər.

Səncərədi kənd tam orta məktəbinin müəllimi Əhmadağa Nəzərov çıxışında bildirdi ki, müstəqil Azərbaycanın siması ildən-ilə dəyişir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkənin iqtisadi qüdrətinin artırılması, sosial problemlərin həlli, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində  həyata keçirdiyi ardıcıl tədbirlər ürəkaçan və sevindiricidir.

Respublikada görülən işlərlə yanaşı rayonumuzda, o cümlədən nümayəndəliyimizin ərazisinə daxil olan kəndlərdə də quruculuq-abadlıq işləri həyata keçirilir. Yollar asfaltlaşdırılıb, yeni məktəb binaları tikilib, əhalinin qaz problemi həll olunub. Bütün bunlara görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Biz möhtərəm Prezidentimizin gördüyü möhtəşəm işləri alqışlayır və hər zaman dəstək olacaqlarımızı, qarşıdan gələn Prezident seçkilərində yeganə, alternativ namizəd olan İlham Əliyevə səs verəcəyimizi indidən bəyan edirik.

Ə.Nəzərov kənddaxili yolların və suötürücü kanalların təmizlənməsinə köməklik göstərilməsi barədə təkliflərini də verdi.    

Kənd ağsaqqalı Qarakişi Əsədullayev, Əli Ağayev, Artupa kənd kitabxanasının müdiri Sakitə Əliyeva, Artupa kənd tam orta məktəbin direktoru Baloğlan Əliyev, kənd sakinləri Balamirzə Məmmədov, Ramin Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab ilham Əliyevin yürütdüyü siyasəti ürəkdən bəyəndiklərini, doğma Azərbaycanın inkişafı ilə əlaqədar gördüyü möhtəşəm işləri alqışladığını, qarşıdan gələn prezident seçkilərində yekdilliklə ona səsə verəcəklərini dönə-dönə söylədilər.

 Kənd sakinləri sitrus meyvələrin emalı üçün müəssisənin yaradılmasını, çəltik sahələrinin suvarılmasından ötrü kəndin ərazisindəki suötürücü kanalın lildən təmizlənməsini, kənd uşaq bağçasının əsaslı təmir edilməsinin zəruriliyini də  bildirmişlər.  

 Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev mehriban və səmimi görüşə görə kənd sakinlərinə minnətdarlıq etmiş, bildirmişdir ki, çıxışlarınızdan məlum olduğu kimi ərazidə ciddi bir problem qalmayıb. Əsas yol asfaltlaşdırılıb, elektrik xətləri və dirəklər dəyişdirilib, yeni məktəb binası tikilib, qaz xətləri yüksək keyfiyyətlə yenidən çəkilir. Əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təminatı normal səviyyədədir. Bunlar Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsi, Möhtərəm Prezidentimiz İlham Əliyevin Astaraya göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Ölkəmizdə hər bir sahədə inkişaf və tərəqqi var. Dinamik inkişaf ildən-ilə güclənir, Azərbaycan daha da qüdrətlənir. Rayonumuz da inkişaf edir. İqtisadiyyatımız gücləndikcə bütün sahələrdə inkişaf sürətlənir.

Bunu rayonumuzun timsalında aydın görə bilərik. Təkcə son bir il ərzində rayonda geniş quruculuq-abadlıq işləri görülmüşdür. Astara şəhərinin siması gündən-günə dəyişir, ictimai yaşayış binalarının fasadı, dam örtükləri dəyişdirilir, yeni hasarlar tikilir, əhalinin istirahəti və asudə vaxtını keçirməsi üçün yeni park və bağlar salınır,  onlarla məktəb binaları tikilir. Astara çayı və Pensər çaylarında aparılan sahilbərkitmə, Ərçivan çayının yatağının dərinləşdirilməsi nəticəsində sel-suların əhaliyə vurduğu ziyanın qarşısı xeyli alınmış, bu istiqamətdə işlər davam etdirilir.  

Burada sitrus meyvələrinin emalı üçün müəssisənin tikilməsi barədə fikir söyləndi. Biz meyvə yığımı vaxtı qonşu rayonlardakı tədarük müəssisələri ilə danışıqlar aparıb sizə köməklik etmişdik. Bunu növbəti məhsul yığımı zamanı da edəcəyik. 

Uşaq bağçalarının əsaslı təmiri ilə əlaqədar respublikada iş gedir. Rayonumuzda da bir uşaq bağçası yüksək səviyyədə əsaslı təmir olunub. Qalanları da tədricən təmir olunacaq.

Çəltik sahələrinin suvarılmasından ötrü kəndin ərazisindəki suötürücü kanalın lildən təmizlənməsi qısa müddətdə həllini tapacaqdır. Əl əməyini azaltmaq məqsədi ilə çəltik əkən maşının gətirilməsinə də çalışacağıq.

Bu müsbət haldır ki, biz artıq kəndlərarası yollar barədə deyil, kənddaxili yolların asfaltlaşdırılması haqqında düşünürük. Hesab edirəm ki, ölkəmizin yüksək inkişaf tempi bu kimi sosial məsələlərin həllini də tezliklə zərurətə çevirəcəkdir.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək qeyd etmişdir ki, ölkəmiz uğurlu inkişaf yolundadır. Böyük infrastruktur layihələr həyata keçirilir. Mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ənənəvi hal almışdır. Möhtərəm Prezidentin imzaladığı hər bir sərəncam insanların rifah halının yaxşılaşmasına xidmət edir. Məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial obyektlər inşa olunur, yeni yollar çəkilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq görülən bütün bu işlər ölkə rəhbərinin diqqət mərkəzindədir.

Astara rayonunda inşa edilən bu kimi mühüm əhəmiyyətli obyektlərin – Olimpiya İdman Kompleksi,  əsaslı təmir olunaraq yenidən qurulmuş rayon Mərkəzi Xəstəxananın, Yeni Azərbaycan Partiyasının inzibati binasının, Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran yolunun açılışında  keçən il möhtərəm cənab Prezidentin şəxsən iştirak etməsi dediklərimizə bariz nümunədir.

 Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin göstərişi ilə nazirliklər və digər dövlət qurumları yerlərdə səyyar qəbul və görüşlər keçirərək əhalini narahat edən problemlərin yerində həlli istiqamətində tədbirlər həyata keçirirlər. Aprel ayında təkcə Lənkəranda dörd nazir səyyar qəbul keçirmişdir. Bu görüşlər may ayında da davam edəcəkdir. Bütün bunlar yalnız və yalnız insanların rahatlığını təmin etmək, narahatlıq doğuran məsələlərin yerində həllinə köməklik göstərilməsi üçündür.

Görüş başa çatandan sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov təməlini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qoyduğu Astara kiçik su elektrik stansiyasında olmuş, işin gedişi ilə maraqlanaraq tövsiyələrini vermişlər. 

Keçidlər