Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Birinci rübün nəticələri müzakirə olunmuşdur.

25 aprel 2013 | 15:00

 

Aprelin 24-də rayon icra Hakimiyyətində keçirilən Şura iclasında 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsinin əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunmuşdur.

Məruzədə qeyd olunmuşdur ki, rayonumuzda yerli gəlirlər 2 milyon 102 min manata qarşı 1 milyon 992 min manat icra olunmuş, bu da 94,8 % təşkil edir. Yerli xərclər isə 4 milyon 393 min manata qarşı 3 milyon 840 min manat icra olunmuş, bu da 87,4%-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 3 milyon 533 min  manat dotasiya alınmışdır.

2013-cü ilin I rübündə  ümumi məhsul buraxılışı 24 milyon 779,6 min manata çatdırılmış, 51,5%-i məhsul istehsalı sahələrində, 48,5%-i isə xidmət sahəsində olmuşdur. Orta hesabla hər bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 244,5 manat təşkil etmişdir.

2013-cü ilin 3 ayında rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görülmüşdür.

Rayonda inşaat işlərinin aparılması üçün 2013-cü ilin I rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 428,3 min manat məbləğində vəsait  yönəldilmişdir. İnvestisiyanın 1 milyon 841,5 min manatı, yaxud 53,7%-i istehsal təyinatlı obyektlərin, 1 milyon 586,8 min manatı, yaxud  46,3%-i isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərinə  sərf edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 94,4%-ni təşkil edərək           3 milyon 235,3 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.

İlin əvvəlindən rayonda ümumi sahəsi 1560 kv.m olan 13 fərdi yaşayış evi istifadəyə verilmişdir.

Heydər Əliyev prospektinin  girişində genişləndirmə işləri aparılmış, yolun  hər iki tərəfində  yeni  hasarlar hörülmüş, 7000 m2 müxtəlif  üzlüklər çəkilmişdir. Şəhər 1 saylı tam orta məktəbin qarşısında genişləndirmə işləri aparılmış, yeni dizaynda bağ salınmışdır.  Astara Uşaq Musiqi məktəbinin dam örtüyü dəyişdirilmiş, fasadı karpiyera ilə yenidən işlənmişdir. S.Vurğun küçəsində 2,  Z.Bunyadov küçəsində 3 ictimai yaşayış binasının dam örtüyü tam dəyişdirilmiş, Azərbaycan küçəsində 4 ictimai binanın fasadı yenidən qurulmuşdur. Nizami və Qum küçəsindəki hasarlar yenidən hörülmüş, üzlüklər çəkilmiş, Bayraq meydanının  ətrafında geniş abadlıq işləri aparılmışdır. Rayon Mərkəzi  xəstəxanasının köhnə korpusu və poliklinika şöbəsinin əsaslı təmiri başa çatmaq üzrədir.

Rayonumuzda ilk dəfə olaraq  iş adamı tərəfindən  şəhərin mərkəzində Heydər Əliyev prospektində 9 mərtəbəli və sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət vəsaiti hesabına inşa olunan 6 mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir.

Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndlərimizdə  də geniş vüsət almışdır. 

Dövlət Proqramının icrası ilə əlaqədar   Telman kəndində 220 şagird yerlik tam orta məktəb tikilib istifadəyə verilmişdir.  480 yerlik Şuvi, hər biri 360 yerlik Vaqo, Siyaku, Hamoşam, hər biri 220 yerlik Suparibağ, Sağlazüzə, Asxanakəran, Motlayataq kənd tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilir.  Asxanakəran ərazi nümayəndəliyinin Əzərud və Anboba kəndlərində 80 yerlik yeni ibtidai məktəb binasının tikintisi ilə əlaqədar hazırlıq işlərinə başlanmışdır. 

Kijəbə qəsəbəsində Lovayın su anbarının əsaslı təmiri, Heydər Əliyev Parkının və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması davam etdirilir. Ərçivan qəsəbəsində 1 km, Şiyəkəran kəndində 1,6 km kənd ara yollarına asfalt döşənmiş, Pensər kəndində      1,2 km, Şahağac kəndində 1 km kənd ara yollarının və 11 km Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolun asfaltlaşdırılmasına başlanmışdır. 

Burzubənd-Pəlikəş-Şəvqo kəndləri istiqamətində rayon icra hakimiyyətinin köməkliyi ilə yollar təmir edilmiş, Doli kəndinə elektrik enerjisi verilməsi təmin edilmişdir. Pəlikəş ərazi nümayəndəliyinin Şəvqo kəndinə avtomobil yolunun çəkilişi davam etdirilir. Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə gedən yolların əsaslı təmiri üçün hazırlıq işləri görülür.  

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində diqqəti cəlb edən uğurlar qazanılmışdır. Yeni salınmış 120 ha çay plantasiyasında aqrotexniki qulluq işləri aparılmış, sahələrə mineral gübrələr verilmişdir. 80 ha sahədə yeni sitrus və subtropik bitkiləri əkilmişdir. 781 ha sahədə tərəvəz, 156 ha sahədə dənli paxlalı, 835 ha sahədə kartof əkini aparılmışdır. 1 aprel 2013-cü il vəziyyətinə rayonda 1903 ha sahədə yazlıq əkini keçirilmişdir. Çəltikçiliyin inkişaf etdirilməsi ilə əlaqədar 150 ha sahədə hazırlıq işlərinə başlanmışdır. Ötən illə müqayisədə 30 hektar çox çəltik əkilməsi nəzərdə tutulmuşdur. 2013-cü ildə Aqrolizinq tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli  qiymətlərlə 170 ton mineral gübrə satılmışdır. 

Diri çəkidə 828 ton ət, 7466 ton süd, 1 milyon 509 min ədəd yumurta istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı artaraq, 45 min 725 başa, o cümlədən xırda buynuzlu mal-qaranın sayı artaraq  29 min 305 başa çatmışdır.

Son dövrdə rayonda 5480  iş yeri açılmış, bunun da 5165  daimi iş yeridir. Birinci  rüb ərzində rayonda 126 yeni iş yeri açılmışdır.

Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsi proqnoz planı  840,4 min manata qarşı 843,8 min manat və ya 100,4% icra etmişdir. Şöbədə 15 min 586 nəfər sığorta olunan qeydiyyata götürülmüşdür. Pensiya və müavinətlər 5 milyon 208,5 min manat olmaqla, tam ödənilmişdir.                               

Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1590 ailə ünvanlı sosial yardımı alır.  Ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği 104 manat təşkil etmişdir. 

Dövlət Sığorta Agentliyi Rayon Filialı tərəfindən 5760 manat  tədiyyə toplanılmışdır. Rüb ərzində yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsait hesabına hərbi xidmət dövründə   xəsarət almış əlillərə 6600 manat  sığorta yardımı verilmişdir.

Rayon Məşğulluq Mərkəzində ötən dövr ərzində iş üçün 103 nəfər müraciət etmiş, bunlardan 85 nəfər idarə və müəssisələrdə işlə təmin olunmuşdur.

Poçt və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 142,4 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə  13,5% çox rabitə xidməti göstərmişlər.

Astara Elektrik Şəbəkəsi tərəfindən rayona 11 milyon 962 min 262 kilovat-saat, 717 min 735 manat dəyərində elektrik enerjisi verilmişdir. Ümumilikdə rayon üzrə yığılan vəsait 597 min 278 manat, yəni 83,2 %  təşkil etmişdir.

Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin I rübündə 682 evə qaz xətti çəkilmiş, bundan 417-si yeni evlərdir.  11 min 922 p/m müxtəlif diametrli qaz xətləri üzərində təmir-bərpa işləri aparılmışdır.   2 ədəd yeni qaz təmizləyici şkaf quraşdırılmış,  8 ədəd siyirtmə dəyişdirilmişdir. Rüb ərzində abunəçilərə  8 milyon 380 min mtəbii qaz satılmış, itki 27,5 % olmuşdur. Yığım isə 95,6 % təşkil etmişdir. Şuvi, Sərək və Vəznəş kəndlərində təbii qazın verilməsi təmin edilmiş,  Şahağac, Telman, Səlivə və Deqədi  kəndlərində təbii qazın çəkilişi davam etdirilir. Siyaku kəndindəki yarımstansiyadan Şahağac kəndinə gedən qaz kəmərinin 315 mm polietilen  borusu ilə əvəz edilməsi davam etdirilir. Kakalos kəndi ərazisində yeni yaşayış massivinə  qaz  xəttinin  çəkilişinə başlanmışdır.

Şəhər  əhalisini narahat edən əsas məsələlərdən biri olan  içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına yaxın günlərdə  başlanması nəzərdə tutulmuşdur.

Suvarma Sistemləri İdarəsi tərəfindən rüb ərzində 10 min metr suötürücü ana kanalı və 12 min metr kiçik kanallar lildən və tullantılardan təmizlənmişdir. Ərçivan qəsəbəsindəki Ərçivan çayının genişləndirilməsi və lildən təmizlənməsi işi davam etdirilir.  Şəhər daxilində suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi və qaydaya salınması nəticəsində əhalinin yağış və izafi sulardan ziyan çəkməsinin qarşısı alınmışdır. 

Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 23 ha sahədə  meşə bərpası tədbirləri görülmüş, 1,5 ha sahədə yeni şitillik sahələri salınmışdır.

Rayon Təhsil şöbəsi də birinci rübün yekunlarını uğurla başa vurmuşdur. Mart ayına ümumtəhsil məktəblərinin  fənn olimpiadalarının rayon turunun ikinci mərhələsi keçirilmişdir. Olimpiadada iştirak edən 165 şagirddən 11 nəfər Respublika olimpiadasında iştirak etmək hüququ qazanmışdır. Kijəbə qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Hacızadə Rafət Mərasim oğlu “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin Respublika mərhələsində iştirak etmiş və turun qalibi olmuşdur.

2013-cü ilin birinci rübündə əhaliyə göstərilən səhiyyə xidmətinin təşkili sahəsində də müəyyən işlər görülmüşdür. Rüb ərzində rayon Mərkəzi Xəstəxanasında 907 nəfər stasionar, 25 min 32 nəfər ambulator müalicə almışdır. 71 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamına uyğun olaraq Ulu Öndərimiz  Heydər Əliyevin və görkəmli alim, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar rayon icra hakimiyyətinin tədbirlər planı hazırlanmış, rayonun şəhər, qəsəbə və kənd ərazi nümayəndəliklərində, bütün təşkilatlarda, o cümlədən təhsil, səhiyyə və mədəniyyət müəssisələrində  tədbirlərin keçirilməsi davam etdirilir. 

Rüb ərzində rayonda  gənclərlə iş və idman sahəsində  35 tədbir keçirilmiş, Respublika və zona final mərhələlərində idmançılarımız  12 qızıl, 15 gümüş və 10 bürünc medal qazanmışlar. “Şahin”, “Cəsurlar”, “Sərhəd” ənənəvi hərbi idman oyunlarında 2 min 285 nəfər, o cümlədən rayon birinciliyində 908 nəfər məktəbli iştirak etmiş, qaliblər mükafatlandırılmışdır.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanmışdır.

2013-cü ilin birinci rübündə rayon İcra hakimiyyətində 367 ərizə və şikayət qeydə alınmış, o cümlədən onlardan 194-ü vətəndaşlardan,             173 ərizə isə yuxarı təşkilatlardan daxil  olmuşdur.   Keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 ərizə azalmışdır. Rayon icra hakimiyyəti başçısı  tərəfindən 11 qəbul keçirilmiş, 200 nəfər qəbulda olmuşdur. Bu ilin birinci rübündə 11 səyyar qəbul keçirilmiş, 59 vətəndaşın müraciətləri əsasında qaldırılan problemlər yerindəcə həll edilmişdir.  

Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Cavid Abbasov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn, rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahim Hüseynov, Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Babayev çıxış etmişlər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da ötən müddət ərzində rayonda xeyli iş görülmüşdür. Rayonumuzda heç vaxt belə dinamik inkişaf olmamışdır. Rayonda, şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişaf və geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yerlərdə keçirdiyimiz səyyar qəbullarda qaldırılan məsələlərin operativ şəkildə həll olunması, mövcud problemlərin ətraflı araşdırılıb aidiyyəti üzrə istiqamətləndirilməsi öz müsbət nəticələrini göstərir. Artıq rayonda əhaliyə fasiləsiz enerji verilməsi təmin edilmiş, əsas kəndarası yollar asfaltlaşdırılmışdır. Hazırda 30 mindən çox əhalinin istifadə edəcəyi Ərçivan-Sərək-Şüvi-Siyatük-Alaşa-Qapıçıməhəllə kəndlərini əhatə edən dairəvi yolda hazırlıq işləri başa çatdırılmış, asfaltlama işlərinə başlanılacaqdır. Siyakü-Rinə yolunun da asfaltlaşdırılması nəzərdə tutulmuşdur. İndi artıq sakinlər kəndlərdə ayrı-ayrı məhəllələrarası yolların asfaltlaşdırılması barədə təkliflər verirlər. Biz yerlərdə əhali ilə görüşərkən hamı  bütün bu misilsiz inkişaf sürətinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Rayonumuzda qarşıdakı dövrdə görüləsi işlər daha çoxdur. Onlarla mühüm əhəmiyyətli obyektlərin açılışı gözlənilir. Şəhərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yeni xəttin çəkilişinə hazırlıq görülür. Kanalizasiya xətlərinin qurulması işinə yaxın günlərdə başlanılacaqdır.

İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə ilə yerində və həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.  

Keçidlər