Qapıçıməhəllə kənd sakinləri ilə görüş.
Rayon İcra Hakimiyyəti başçısının Suparibağ inzibati ərazi dairəsinə daxil olan Qapıçıməhəllə kəndində 655 nəfər əhali, 240 təsərrüfat vardır. Kəndin 58 hektar əkinə yararlı torpaq sahəsindən 27 hektarı pay torpaq sahiblərinin öhdəsinə düşür. Kənd sakinlərinin əsas məşğuliyyəti sitrusçuluq, tərəvəzçilik və heyvandarlıqdır.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə görüşündə ərazi icra nümayəndəsi Yunus Məmmədov bu barədə ətraflı məlumat verdi.
İcra başçısı Q.Ağayev kənd sakinlərini salamlayaraq onlarla görüşdən məmnunluğunu bildirdi. Qeyd etdi ki, bu görüşün əsas məqsədi onları dinləmək, arzu, təklif və iradlarını öyrənməkdən ibarətdir.
Kənd sakini İman Hüseynquliyev söz alaraq ölkəmizdə gedən quruculuq və abadlıq işlərinə, əhalinin firavan yaşaması üçün həyata keçirilən mühüm tədbirlərə görə möhtərəm Prezident İlham Əliyevə bütün sakinləri adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Rayonun şəhər, qəsəbə və kəndlərində sürətli inkişafın şahidi olduğunu və bunun parlaq sübutu olaraq Qapıçıməhəllə kəndində görülən abadlıq işlərini göstərdi. Kəndə gələn yolun asfaltlaşdırılması əhalinin böyük razılığına səbəb olmuşdur. İ.Hüseynquliyev ərazidə olan torpaq sahələrindən səmərəli istifadə edilməsi üçün serviz xidmətinə ehtiyacın olduğunu, əhaliyə torpaqların hazırlanması üçün texnikadan istifadə edilməsindən ötrü köməklik göstərilməsini xahiş etdi.
Kənd sakinlərindən Aydın Məcidov, Tarif Xudaverdiyev, Kazım Ramazanov, Salam Quliyev və başqaları çıxış edərək respublikada gedən sürətli inkişafa, əhalinin rahat yaşaması üçün yeni-yeni layihələrin, yolların abadlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. Qarşıdakı prezident seçkilərində bütün kənd sakinlərinin yalnız İlham Əliyevə səs verəcəklərini xüsusi vurğuladılar. Çıxışlarda kəndin ərazisində elektrik dirəklərinin dəyişdirilməsi, kanalların dərinləşdirilməsi, yeni məktəb binasının tikintisi barədə təkliflər irəli sürüldü.
Görüşə yekun vuran icra başçısı Q.Ağayev qeyd etdi ki, bugünkü görüşdə qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tədbirlər görüləcəkdir. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da son aylarda abadlıq sahəsində görülən işlər ucqar kəndləri də əhatə edir. Sizin kəndinizdə mən bunun bir daha şahidi oldum. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin parlaq nəticələridir. Mən çox sevinirəm ki, ölkəmizdə görülən genişmiqyaslı quruculuq işləri haqqında kənd sakinləri razılıqlarını ifadə edirlər. Fürsətdən istifadə edib kənd sakinlərinin hamısından xahiş edirəm ki, torpaq sahələrinin istifadəsiz qalmasına yol verməsinlər, qızıl kimi qiymətli olan bu torpağın hər qarışından səmərəli istifadə etsinlər.