Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Ümummili Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans və xeyriyyə aksiyası keçirilmişdir.

30 aprel 2013 | 15:00

 

Aprelin 29-da Astara rayon Mərkəzi xəstəxanasında  Heydər Əliyev Fondunun və Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyinin dəstəyi, rayon İcra hakimiyyətinin yaxından köməkliyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının  VII regional elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonundan olan kardioloqlar, reanimatoloqlar, həkim-terapevtlər, cərrahlar, pediatrlar iştirak etmişlər. Konfransı giriş sözü ilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri namizədi, Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar xəstəlikləri Mərkəzinin rəhbəri, ürək-damar cərrahı, Rəşad Mahmudov açaraq keçirilən tədbirin məqsəd, vəzifə və əhəmiyyətindən danışmışdır.

Elmi-praktiki konfrans ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi mövzusuna həsr edilmişdir. Rəşad Mahmudov “Abdominal aorta xəstəlikərinin müayinə və müalicəsinə ümumi baxış” və “Ürəyin işemik xəstəliyinə ümumi baxış”, həkim-cərrahlar Vüsal Məmmədov “Səyirici aritmiya”, Seymur Musayev “Asianotik anadangəlmə ürək qüsurları” mövzularında məruzələr etmişlər. Məruzələr zamanı praktiki olaraq həyata keçirilən müalicə metodlarının tətbiqini əks etdirən videomateriallar da nümayiş olunmuşdur.

Məruzələrdə qeyd olunmuşdur ki, son illərdə respublikada ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının artması nəzərə alınaraq bu sahədə effektiv müalicə üsulları, uğurlu ürək əməliyyatları xeyli genişlənmişdir. Əgər bir neçə il bundan əvvəl ürək əməliyyatları keçirmək üçün xəstələr qonşu dövlətlərə gedirdilərsə, indi buna ehtiyac qalmayıb. Respublikamızın özündə belə əməliyyatlar çox uğurla aparılır. İndi hətta kiçik yaşlı uşaqlar üzərində də ürək əməliyyatları keçirilir. Bu sahədə Bakı şəhərindəki Mərkəzi Neftçilər Xəstəxanası həkimlərinin, xüsusilə həmyerlimiz, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun bacarığı, elmi tədqiqatlarının əhəmiyyətli rolu qeyd edilməlidir.

Konfransın mövzusu üzrə məruzə edən alimlər – R.Mahmudov, V.Məmmədov və S.Musayev konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar. Sonda konfrans iştirakçılarına sertifikatlar verilmişdir.

Aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının 12 nəfərdən ibarət həkim və mütəxəssis heyəti aprelin 29-dan mayın 2-dək Rayon Mərkəzi Xəstəxanasında xəstələrin müayinə və müalicəsini də keçirmişlər. Keçirilən aksiyada 300-ə yaxın xəstənin pulsuz müayinəsi təşkil edilmişdir.

Xeyriyyə aksiyası zamanı tibb elmləri namizədi, tanınmış ürək cərrahı Rəşad Mahmudovla, rayon Mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseynlə və aksiyada iştirak etməyə gəlmiş bir neçə xəstə ilə söhbət edilmiş, söylədikləri qələmə alınmışdır.

Rəşad Mahmudov: - Ürək-damar xəstəliklərinin geniş yayıldığı bir vaxtda biz həkimlərin üzərinə mühüm vəzifələr düşür. Ürəyi xəstə olan, bu xəstəlikdən əziyyət çəkən insanların çoxunun Bakıdakı xəstəxanalara, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanasına gəlib müayinədən keçməyə və müalicə almağa imkanları olmur. Bu nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Respublika Səhiyyə Nazirliyinin  təşkilatçılığı ilə aprelin 25-dən mayın 2-dək cənub bölgəsində növbəti aksiya keçirməyə başlamışıq. Əvvəlcə Lənkəranda Müalicə Diaqnostika Mərkəzində aksiyanı keçirdik. Burada Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti tərəfindən 6 nəfər üzərində cərrahiyyə əməliyyatı apardıq və Lənkəran Qarışıq tipli Uşaq evində olan uşaqların ürək müayinələrini keçirtdik. Əməliyyat olunanların 5-i körpələr idi. Aprelin 29-dan isə aksiyanı Astara rayon Mərkəzi Xəstəxanasında davam etdiririk. İlk olaraq bölgə həkimlərinə ürək-damar xəstəliklərinin aktual problemləri mövzusunda məruzələr etdik, həkimləri maraqlandıran suallar cavablandırıldı.  İndi də şahidi olduğunuz kimi qəbulumuza çoxlu sayda xəstələr gəlir. Xəstələr lazımi səviyyədə, həm də pulsuz müayinə olunduqdan sonra ürəyində əməliyyata ehtiyacı olanlar müəyyən edilərək Bakıdakı mərkəzlərə dəvət olunacaq, aztəminatlı xəstələrin təmənnasız əməliyyat olunması üçün isə siyahılar Respublika Səhiyyə Nazirliyinə təqdim olunacaqdır.

Bu tədbirlər çərçivəsində həm də “Azərbaycanda ürək-damar xəstəliklərinin epidemiologiyası və risk faktorlarının yayılması” mövzusunda elmi-tədqiqat işi aparılacaqdır. Daha əvvəllər, Azərbaycanın 10 bölgəsində beş il əvvəl başlayan bu tədqiqatın məqsədi ölkəmizdə ürək-damar xəstəliklərinin risk faktorlarının öyrənilməsi və nəticədə aparılacaq statistiki analizlərlə gələcəkdə bu xəstəliklərlə mübarizənin daha yüksək təşkilinə yardımçı olmaqdır.

Tədbirin digər bir məqsədi də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin kadr siyasətinə verdiyi diqqətə cavab olaraq bölgələrdə seçilmiş gənc kadrların Mərkəzi Neftçilər Xəstəxanasında uzunmüddətli təkmilləşdirmə kurslarında iştirakının təmin olunmasıdır. Bu da gələcəkdə həmin kadrların geri dönərək bölgələrdə xalqa yüksək səviyyəli səhiyyə xidmətinin göstərilməsinə böyük köməklik edəcəkdir. 

Emin Hüseyn: - Rayonumuzda belə xeyriyyə aksiyasının keçirilməsi çox faydalı və əhəmiyyətli tədbirdir. Mən bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və başda tanınmış alim-cərrah R.Mahmudov olmaqla, xeyriyyə aksiyasında iştirak edən həkim və mütəxəssis heyətinə minnətdarlığımı bildirirəm.

Hüccət Əliyev (Suparibağ kənd sakini): - Ürək nahiyyəmdən narahatlıq keçirirəm, bir neçə dəfə müalicədən ötrü həkimlərə müraciət etmişəm. Açığını deyim ki, qəbul etdiyim dərmanların bir o qədər də faydası olmayıb. Bakıdan həkimlərin gəldiyini eşidib çox sevindim. Sağ olsunlar, məni qayğı ilə müayinə etdilər, faydalı məsləhətlər verdilər, lazımi dərmanlar yazdılar. Sağalmağa ümidim çoxdur.

İzzətulla Məmmədov (Ərçivan kənd sakini, müəllim) : - Mən bu xeyriyyə aksiyasına böyük ümidlə gəldim. Ümidim doğruldu. Məni lazımi səviyyədə, qayğıkeşliklə müayinə etdilər. Mən bu aksiyanı təşkil edənlərə, ilk növbədə həmişə vətəndaşlarının qayğısına qalan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rənbərliyinə və digər təşkilatçılara minnətdarlığımı bildirirəm.

Digər xəstələr Heyran Əsədullayeva, Samir Əliyev, Pərviz Həmidov və başqaları da bu faydalı tədbirə görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər