Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Bu gün Azərbaycanın cənub bölgəsində 9-cu sinif şagirdləri üçün payız imtahanları keçiriləcək

05 sentyabr 2011 | 15:00

Azərbaycan Təhsil Nazirliyi bu gün respublikanın Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarındakı ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları keçirəcək.
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirilmə şöbəsindən bazar ertəsi Trend-ə bildirilib ki, imtahanlarda 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət ala bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edəcəklər.
1,5 saat davam edəcək imtahanda şagirdlərə 50 sual təqdim ediləcək. İmtahan 2 fənn üzrə olacaq. İmtahanda şagirdlər riyaziyyatdan, Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən imtahan verəcəklər.
Payız imtahanında qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar.

Payız imtahanlarının keçirilməsi sentyabrın 10-dək davam edəcək. İmtahanlar 7 bölgədə keçiriləcək.
Ümumilikdə payız imtahanlarında 9-cu sinfi hələ bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur.

Artıq sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında payız imtahanları keçirilib.
Növbəti imtahanlar Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında sentyabrın 6-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında sentyabrın 7-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında sentyabrın 8-də, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da keçiriləcək.
Bakı şəhərində imtahan sentyabrın 10-da təşkil ediləcək.
İşğal altında olan rayonların ərazilərində yerləşən ümumtəhsil məktəbləri üçün buraxılış imtahanı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.
 

Keçidlər