Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İnformasiya Kommunikasiya Texnologiyaları və Qloballaşma” mövzusunda elmi konfrans.
04 may 2013-cü ildə Astara şəhərində Astara rayon İcra hakimiyyətinin və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İnformasiya Kommunikasiya Texnologiyaları və Qloballaşma” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Astara Pedaqoji Kollecində olmuş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxmışlar. Konfransda iştirak edən tanınmış alimlər Astara rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayevlə görüşmüşdür.
Beynəlxalq elmi konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olmuş, Mərkəzin xatirə kitabında öz fikirlərini bildirmişlər.
Konfransı giriş sözü ilə Astara Pedaqoji Kollecin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev açmışdır. Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən video çarx nümayiş etdirilmişdir.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək konfrans iştirakçılarını salamlamış və qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan son 20 ildə həyatımızın bütün sahələrində misilsiz inkişaf yolu keçmiş, dünyada özünə məxsus yeri və nüfuzu olan dövlətlərdən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ideyalarını böyük uğurla yerinə yetirən, onun siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz ən mötəbər beynəlxalq təşkilatların aparıcı üzvlərindən biri olmuşdur.
Son illərdə Bakı şəhərinin, eləcə də Azərbaycanın bütün bölgələrinin misilsiz sürətlə inkişafı, sosial-iqtisadi inkişaf sahəsində qazanılan rekord göstəricilər ölkədə xarici siyasətlə yanaşı daxili siyasətin də uğurla aparıldığının əyani sübutudur. Yəqin ki, Sizin hər biriniz Bakı şəhərində, rayonumuza gələrkən bölgələrdə də bu inkişafın və yüksəlişin canlı şahidi olmusunuz.
Məlum olduğu kimi, dünya şöhrətli görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətimizin xilaskarı, memarı və qurucusu Heydər Əliyevin 90 illik yubileyi hər yerdə böyük təntənə ilə qeyd olunur. Bugünkü konfrans da məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “İnformasiya Kommunikasiya Texnologiyaları və Qloballaşma” mövzusuna həsr olunmuşdur.
Bu gün Azərbaycan Respublikasında İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirir. Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. Qloballaşma dövründə və gələcəkdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkəmizin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açmışdır. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək dünya birliyinə inteqrasiyanın özünün başlıca vəzifəsi kimi görür.
Ulu öndər Heydər Əliyevin ideyalarının ən böyük təntənəsi kimi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarını göstərmək olar. Kosmosda peyki olan azsaylı ölkələrdən biri Azərbaycanda bu sahə üzrə yerli mütəxəssislərin hazırlanması işi diqqət mərkəzindədir.
Əmin olduğumu bildirmək istəyirəm ki, bu gün Astarada keçirilən bu mötəbər konfransda ediləcək məruzələr, çıxışlar və tövsiyə olunan qiymətli təkliflər ümumən Azərbaycanda İKT-nın daha sürətli inkişafına, qloballaşma prosesinə öz layiqli töhfəsini verəcəkdir.
Konfransda çıxış edən Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezident, fəlsəfə elmlər doktoru, professor Aleksandr Nikolayeviç Çumakov və Özbəkistan Fəlsəfə Cəmiyyətinin Prezidenti, akademik, fəlsəfə elmləri doktoru Səid Şermuxamedov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirə və görüşlərindən danışmış, haqqında yüksək fikirlər söyləmiş, onu təkcə Azərbaycan xalqının ümummilli lider deyil, bütün sülhsevər bəşəriyyətin aparıcı simalarından biri, dünya sivilizasiyasında özünəməxsus yeri olan dahi şəxsiyyət adlandırmışlar. Alimlər Azərbaycanın hərtərəfli inkişafının dünya dövlətlərinə nümunə olduğunu vurğulamışlar. Qeyd etmişlər ki, Bakı bu gün öz parlaq simasıyla dünyanın ən gözəl, yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir. Region şəhərləri, o cümlədən Astara şəhəri də öz inkişafına görə heç də paytaxt Bakıdan geri qalmır. Bu inkişaf, bu tərəqqi doğrudan da heyranedicidir.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, “Braxma Kumaris Sankt-Peterburq Mərkəzi” Regional mədəni-maarifçilik ictimai təşkilatının baş direktoru akademik, fəlsəfə elmləri doktoru Santoş Kukredja (Hindistan), fəlsəfə elmləri doktoru, professor, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin kafedra müdiri Niginaxon Şermuxamedova(Özbəkistan) , fəlsəfə elmləri doktoru, akademik, Rusiya Elmlər Akademiyasının fəlsəfə institutunun bölmə müdiri Valentina Fedotova (Rusiya), AMEA-nın müxbir üzvü akademik Südeyf İmamverdiyev, professor Mirzə Rəhimov, Milli Aviasiya Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Türkiyədən gəlmiş Türk-rus Mədəni Mərkəzinin baş direktoru Arif Asalıoğlu, Nadejda Fedotova sosioloji elmlər doktoru, Moskva Dövlət Beynəlxalq münasibətlər İnstitutunun sosiologiya kafedrasının dosenti (Rusiya), İsaxan Vəliyev hüquq elmləri doktoru, professor, Xudaverdi Qəmbərov Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor (Bakı, Azərbaycan), Mina Hacıyeva Bakı Müsiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru (Bakı, Azərbaycan), Aydın Əlizadə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru, fəlsəfə elmləri doktoru (Bakı, Azərbaycan), Şahrza Ağayev Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Telman Hacıyev Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor, Mirzə Rəhimov konfransda çıxış etmişlər.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ümumrayon tədbiri Respublika incəsənət ustalarının konserti ilə davam etmişdir.