Astara rayonun Kijəbə qəsəbəsində yeni salınmış Ulu Öndər Heydər Əliyev parkının və abidəsinin açılışı.
Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar da daim hörmət və ehtiram bəsləyirlər. Ulu Öndərin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 9-da Astara rayonunun Kijəbə qəsəbəsində ümummilli lider Heydər Əliyevin adına salınmış mədəniyyət və istirahət parkının və Ulu Öndərin abidəsinin açılışı olmuşdur.
Yüzlərlə qəsəbə sakini və rayon ictimaiyyətinin toplaşdığı tədbirdə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışını etmiş, önünə tər gül dəstələri qoymuşdur. Sonra icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri abidəni ziyarət etmişlər.
Qəsəbə sakini ağsaqqal Nəsrəddin Teymurov, Əminə Həsənova, Əməkdar müəllim Azər Kişiyev tədbirdə çıxış edərək ulu öndərlə bağlı xatirələrini söyləmişlər. Qeyd olunmuşdur ki, Azərbaycana hakimiyyəti illərində Heydər Əliyev 11 dəfə Astarada, o cümlədən 8 dəfə Kijəbə qəsəbəsində olmuş, əməkçilərlə görüşərək səmimi söhbətlər etmiş, qəsəbənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirərək əhalinin rifah halının yaxşılaşması üçün böyük işlər görmüşdür. Ulu öndərin siyasi varisi, ölkə prezidenti möhtərəm cənab İlham Əliyev keçən ilin mart ayında Astaraya səfəri zamanı bu ənənəyə sadiq qalaraq Kijəbə qəsəbəsində Bayraq meydanı, Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran avtomobil yolunun açılışında iştirak etmiş, qəsəbə sakinləri ilə görüşmüşdür. Bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə dərin təşəkkür və minnətdarlıq ifadə olunmuşdur.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında qeyd etdi ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün ölkələrdə ümummilli liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən bütün tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbətlər açılır, xatirəsi əziz tutulur.
Rayonumuzda da xalqımız üçün əziz olan bu tarixi günlə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Bu gün də sizinlə birgə qəsəbənizdə Ulu Öndərin adına salınmış gözəl istirahət parkının və əzəmətli abidənin açılışında iştirak etməklə Heydər Əliyev şəxsiyyətinə olan böyük məhəbbətimizi bir daha ifadə etmiş oluruq. Bu o deməkdir ki, respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyev böyük məhəbbətlə sevilir, hər zaman ehtiramla yad edilir.
Təcrübəli dövlət xadimi, dünya şöhrətli dahi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə çıxaraq xalqımız və dövlətimiz üçün Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü müasir Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün ölkəmizin yüksək inkişafı və tərəqqisinə görə, aparıcı dünya ölkələri arasında tutduğu yüksək mövqeyinə və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev uzaqgörənıliyinə minnətdarıq.
Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını bu gün müvəffəqiyyətlə həyata keçirir. Müstəqil dövlətimiz gündən-günə inkişaf edir, çiçəklənir, tərəqqi yolunda inamla irəliləyir. İnanıram ki, siz də həmişə olduğu kimi bundan sonra da ölkə rəhbəri ətrafında sıx birləşəcək, bu inkişafa öz töhfənizi verəcəksiniz.