Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının konfransı.
Mayın 14-də Astara rayon İcra hakimiyyətinin geniş iclas salonunda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının konfransı olmuşdur.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi rayonumuzda da böyük təntənə ilə qeyd edilmişdir. YAP rayon təşkilatının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bütün ərazi təşkilatlarında, yaşayış məntəqələrində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən foto-stendlər və sərgilər hazırlanmış, yubiley tədbirləri keçirilmişdir. Rayonumuzda ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda respublikamızın tanınmış alimləri ilə yanaşı, Hindistan, Türkiyə, Özbəkistan, Rusiyadan gəlmiş elm xadimləri iştirak etmişlər. Respublika incəsənət ustalarının iştirakı ilə keçirilən böyük bayram konserti və atəşfəşanlıq rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Məruzəçi bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri, bu məqsədlə partiya üzvləri arasında aparılan iş bölgüsü barədə ətraflı məlumat vermişdir. Partiya üzvlərinin, bütövlükdə rayon seçicilərinin yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri bildirilmişdir.
Konfransda çıxış edən YAP idarə heyətinin üzvü Kərim Kərimov ümummilli lider Heydər Əliyevin və onun sədaqətli ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın 90 illik yubileylərini respublikamızda təntənə ilə qeyd edildiyini vurğulayaraq Zərifə xanımla və ulu öndərlə bağlı xatirələrini danışmışdır.
Milli Məclisin üzvü Aslan Cəfərov çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən ətraflı söhbət açmışdır.
Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqilliyinin daha da möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsi istiqamətində həyata keçirilən genişmiqyaslı proqramların uğurla yerinə yetirilməsi barədə danışmış, ulu öndərin 90 illik yubileyinin rayonda böyük sevinc və təntənə ilə qeyd edildiyini diqqətə çatdırmışdır. Bu il Milli Qurtuluş gününün 20 illiyi ölkəmizdə təntənə ilə qeyd ediləcəkdir. Bütün yaşayış məntəqələrində bu gözəl bayramlarla əlaqədar silsilə tədbirlər davam etdiriləcəkdir.
Konfransda YAP-ın V qurultayına nümayəndələr seçilmişdir.