Şiyəkəran kənd sakinləri ilə görüş.
Şiyəkəran kənd inzibati ərazi dairəsi nümayəndəliyi rayonda ən böyük yaşayış məntəqələrindən sayılır. 5130 nəfər əhalisi olan bu kənddə 1820 təsərrüfat vardır. Ərazidə 2 tam orta məktəb, 1 körpələr evi – uşaq bağçası, 6 fermer təsərrüfatı, 600 hektar əkin sahəsi mövcuddur.
Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev çıxış edərək ərazidə son aylarda aparılan geniş quruculuq və abadlıq işləri, Şiyəkəran kəndində əhalinin sıx yerləşdiyi məhəllədə, 1 saylı tam orta məktəbə gedən yolun asfaltlaşdırılması barədə ətraflı məlumat vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şiyəkəran kənd sakinlərini salamlamış, burada keçirilən növbəti görüşdən məmnunluğunu bildirmişdir.
Şiyəkəran kənd 1 saylı tam orta məktəbin müəllimi Kamil Səmədov çıxışında qeyd etmişdir ki, hörmətli icra başçımızın əhalimizlə keçirtdiyi ilk görüşdə mən pedaqoji kollektivimizin 76 üzvü və yüzlərlə şagirdi adından məktəbimizə gələn yolun bərbad vəziyyətdə olmasından və imkan daxilində minlərlə kənd sakininin yaşadığı və istifadə etdiyi bu yolun asfaltlaşdırılması barədə təklif vermişdim. İndi həmin vaxtdan cəmi bir neçə ay keçir. Sözün düzü inanmırdıq ki, bu qısa müddətdə illərlə həsrətində olduğumuz arzumuz həyata keçəcək. Biz çox sevinirik ki, ilk görüşdə verdiyimiz təklif çox qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilmiş, 2 kilometrə yaxın məsafəni əhatə edən yol tam asfaltlaşdırılmışdır. Bu ərazidə yaşayan minlərlə kənd sakini bizə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Şübhəsiz bu işdə müstəsna xidməti olan hörmətli icra başçımıza da razılığımızı ifadə edirik. Yol mədəniyyətdir, yol rahatlıqdır. Bu yüksək mədəniyyət və rahatlığı bizə bəxş edənlər ən xoş sözlərə layiqdirlər.
Kənd sakinlərindən Məmmədşah Məcidov, Yaşar Əliyev, Tarif Həsənov, Hacı Əsgər Zeynalov çıxış edərək son aylarda rayonda və eləcə də Şiyəkəran kəndində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş və ərazidə sıradan çıxmış elektrik dirəklərinin dəyişdirilməsi, kəndin ikinci hissəsinə telefon xəttinin çəkilməsi, asma körpünün və 1 saylı tam orta məktəbin əsaslı təmir edilib yenidən qurulması, məhəllə yollarının asfaltlaşdırılması barədə təkliflər irəli sürmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səyyar qəbuldan sonra bir sıra kənd sakinləri ilə fərdi şəkildə səmimi söhbətlər aparmışdır. Kənd sakini 18 uşaq anası Rəfiqə Qəhrəmanova icra başçısının rayonun bütün yaşayış məntəqələrində olduğu kimi, Şiyəkəran kəndində də qaldırılan təkliflərə həssaslıqla yanaşması və bununla əlaqədar konkret tədbirlər görməsini yüksək qiymətləndirmişdir. O, bu yaxınlarda nəvəsinin qulluq etdiyi hərbi hissədə əsgərlər üçün yaradılmış yüksək şəraitdən hədsiz razılığını bildirmiş, bu sahədə ölkə rəhbərinin gərgin və səmərəli fəaliyyətini xüsusi vurğulamışdır. Kənd sakini, Şiyəkəran kənd dini icmasının sədri Rusif Məmmədov məscidin yardımçı binasının dam örtüyünün dəyişdirilməsi barədə qaldırdığı təklifin icrasına köməklik göstərilməsi barədə xahişi müsbət qarşılanmışdır. Digər kənd sakinlərinin təklifləri də icra başçısı tərəfindən həssaslıqla qarşılanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirin sonunda çıxış edərək son aylarda respublikada, rayonda və eləcə də Şiyəkəran kəndində aparılan geniş quruculuq və abadlıq işləri barədə məlumat vermiş, bütün görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətinin parlaq nəticəsi olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı sahəsində Dövlət Proqramlarının icrası ilə əlaqədar həyata keçirildiyini xüsusi vurğulamışdır.
İcra başçısı qeyd etmişdir ki, əvvəllər respublikamızın hər yerində olduğu kimi bölgələrdə də həlli vacib problemlər, xüsusən əhalinin elektrik enerjisi ilə təminatı sahəsində ciddi nöqsanlar olurdu. Məktəblər, yollar bərbad vəziyyətdə idi. Ulu öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində son illərdə ölkədə, o cümlədən bölgələrdə misilsiz dəyişikliklər baş vermişdir. İndi respublikamızın elə bir bölgəsi yoxdur ki, yuxarıda göstərilən problemlər öz həllini tapmasın. Astarada bu sahədə görülən işlər göz qabağındadır. Rayonumuzun hər yerində olduğu kimi, Şiyəkəran kəndində də əhaliyə fasiləsiz elektrik enerjisi verilməklə, yeni qaz xətti çəkilmiş, məktəb binası tikilmişdir. Əgər əvvəllər magistral yolların asfaltlaşdırılmasından söhbət gedirdisə, indi sakinlər məhəllə yollarının asfaltlaşdırılması barədə təkliflərini verirlər. Bu sahədə də işlərin görülməsinə başlanılmışdır. Qısa müddətdə kəndin ikinci hissəsinə telefon xəttinin çəkilişi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və digər həlli vacib məsələlərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər görüləcəkdir.