Astara rayonunda Ombudsman Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Ombudsman Elmira Süleymanova 28 may 2013-cü il tarixdə Astara rayonunda ictimaiyyət nümayəndələri ilə görüşmüş, dinləmələr keçirmişdir.
İctimai dinləmələrdə rayon icra hakimiyyətinin məsul işçiləri, bələdiyyələrin, rayon məhkəmə, prokurorluq və polis şöbəsinin, dairə seçki komissiyasının, habelə yerli ictimaiyyətin, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələri, iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ombudsmanı salamlayaraq bu ictimai dinləmələrin əhəmiyyətini qeyd etmişdir. O, ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Astara rayonunda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı barədə Sərəncamına uyğun olaraq Astara rayon İcra Hakimiyyətinin tədbirlər planı hazırlanmış, icrasını təmin etmək məqsədilə müvafiq qurumlarla birgə şəhər, qəsəbə və kəndlərdə müxtəlif məzmunda tədbirlər keçirilmişdir.
Astara rayonunda 15 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 18 bələdiyyə fəaliyyət göstərir. Rayonda yaşayan 100 mindən çox əhalinin hüquq və azadlıqlarının müdafiəsi ilə icra strukturları, bələdiyyələrlə yanaşı rayon məhkəmısi, prokurorluq və polis şöbəsinin kollektivi birgə əlaqəli məşğul olurlar.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işi daim diqqətdə saxlanmaqla onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətində hər həftənin III günü əsas idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu aparılır. Bundan başqa tərtib edilmiş qrafikə uyğun olaraq hər həftənin IV günü ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə səyyar qəbul və görüşlər keçirilir. Qəbul zamanı vətəndaşlara tam sərbəstlik verilir, ərizə, şikayət və təkliflərinə həssaslıqla yanaşılır, qaldırdıqları məsələnin vaxtında və operativ həllindən ötrü təsirli tədbirlər görülür.
Son illər əhalinin sosial rifah halının yaxşılaşdırılması, firavan yaşaması üçün ölkə rəhbərinin həyata keçirdiyi çoxmiqyaslı tədbirlər ürəkaçan və sevindiricidir. Təkcə bunu demək kifayətdir ki, 2011-ci ilin aprel, 2012-ci ilin mart aylarında ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev 11 ay ərzində rayonumuza iki dəfə səfər edərək mühüm əhəmiyyətli obyektlərin təməlqoymasında və açılışında iştirak etmiş, əhali ilə görüşərək səmimi söhbətlər aparmış, onları narahat edən məsələlərlə maraqlanmışdır. Dövlət başçısının bu görüşlərdən sonra rayonun sosial problemlərinin həlli üçün əlavə vəsait ayırması barədə Sərəncamları da möhtərəm Prezidentin Astara və astaralılara yüksək diqqət və qayğısı kimi qiymətləndirilməlidir.
Bu qayğı nəticəsində rayonda əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərin miqyası gündən-günə artır. Şəhərin Heydər Əliyev prospektinin girişində genişləndirmə işləri aparılmış, onlarla ictimai yaşayış binasının, inzibati binaların dam örtükləri dəyişdirilmiş, fasadıları yenidən qurulmuş, hasarlar yenidən hörülmüş, üzlüklər çəkilmişdir. Rayon Mərkəzi xəstəxanasının ikinci korpusu və poliklinika şöbəsinin əsaslı təmiri başa çatmaq üzrədir.
Dövlət Proqramının icrası ilə əlaqədar təkcə bu ilin ilk beş ayında rayonun Telman, Sağlazüzə və Motlayataq kənd tam orta məktəbləri üçün yeni bina tikilib istifadəyə verilmişdir. Hazırda Şuvi, Vaqo, Siyaku, Hamoşam, Suparibağ, Asxanakəran kənd tam orta və Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilir. Asxanakəran ərazi nümayəndəliyinin Əzərud və Anboba kəndlərində 80 yerlik yeni ibtidai məktəb binasının tikintisi ilə əlaqədar hazırlıq işlərinə başlanmışdır.
9 may tarixində Kijəbə qəsəbəsində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı və burada Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı olmuş, Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması davam etdirilir.
Rayonda yol infrastrukturunun yenidən qurulması sahəsində ardıcıl tədbirlər görülür. Ərçivan qəsəbəsində, Şiyəkəran, Pensər kəndində, Şahağac kəndlərində 5 km kənd ara yolu asfaltlaşdırılmış, 30 mindən çox əhalinin istifadə edəcəyi 11 km-lik Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolun asfaltlaşdırılmasına başlanmışdır.
Hazırda rayonumuzun ucqar dağlıq ərazisini əhatə etməklə 40-a yaxın kəndi birləşdirən və 25 min nəfər əhaliyə xidmət edən Pensər-Hamoşam və Deqədi-Pəlikəş yolunun əsaslı təmirinə başlanmışdır.
Əhaliyə fasiləsiz elektrik enerjisi verilməklə qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədilə Şuvi, Sərək və Vəznəş kəndlərinə təbii qazın verilməsi təmin edilmiş, Şahağac, Telman, Səlivə və Deqədi kəndlərində təbii qazın çəkilişi davam etdirilir. Bütün bunlar əhalinin sosial rifah halının yaxşılaşmasına, firavan yaşamasına xidmət edən tədbirlərdir.
77 saylı Astara Dairə Seçki Komissiyasının sədri Hikmət Əkbərov MSK-nın tədbirlər planına və müvafiq təlimatlara uyğun olaraq məntəqələrdə iş aparıldığını, komissiyanın hər cür şəraiti olan yeni tikilmiş binada fəaliyyət göstərdiyini, seçki məntəqələrində lazımi şəraitin yaradıldığını, bir çox məntəqələrdə veb-kameraların quraşdırıldığını söyləmiş, seçici siyahılarının vaxtaşırı yeniləşdirildiyi barədə məlumatları iştirakçılara çatdırmışdır.
Müzakirələrdə rayon Məhkəməsinin sədri İsmayıl Abdurrəhmanlı, rayon Prokuroru Zakir Saatov, Polis şöbəsinin rəisi Rəşid Səfərov, Veteranlar Şurasının sədri Rafiq Əliyev, Qadınlar Şurasının sədri Bəsti Əliyeva, Tüləgüvan bələdiyyəsinin sədri Firudin Abbasov çıxış edərək Astara rayonunda insan hüquq və azadlıqlarının qorunması işində birgə əlaqəli fəaliyyət göstərdikləri, vətəndaşların qəbulu, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi və digər məsələlər barədə məlumat vermiş, vəfat etmiş insanların dəfn pulunun üç gün müddətində verilməsi, eyni zamanda bu yardımın ictimai təbəqənin işləməyən nümayəndələrinə də şamil edilməsi, 16 yaşadək uşaqlara əlavə müvinətin, gənc ailələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi, çoxuşaqlı qadınların pensiya yaşının aşağı salınması, aliment verilmə qaydalarının təkmilləşdirilməsi barədə təkliflərini vermişlər.
Ombudsman E.Süleymanova edilən çıxışlara və verilən təkliflərə münasibət bildirərək problemlərin və çətinliklərin aradan qaldırılmasında dövlət orqanlarının, icmaların, QHT-lərin, ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, sərxoşluqla və narkomaniya ilə mübarizədə daha çox müalicə və məcburi əməklə islah olunma metodlarından istifadə olunmalı, regionlarda dispanserlər və reabilitasiya mərkəzləri yaradılmalı, ictimai nəzarət gücləndirilməli, hər bir rayonda pulsuz hüquq məsləhətxanaları açılmalı, insan hüquqlarına, vətəndaşların qəbuluna və müraciətlərinə diqqət artırılmalıdır.
Müvəkkil insanların seçki hüquqları barədə maarifləndirmənin aparılmasının, seçici siyahılarının müntəzəm olaraq yeniləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, vətəndaşlara öz seçimini etmək və sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının və seçkilərin azad və demokratik keçirilməsinə diqqətin artırılmasının vacibliyini qeyd etmişdir.
Səfər çərçivəsində rayon polis şöbəsinin müvəqqəti saxlama yerlərinə baş çəkərək məhbusların saxlama şəraiti ilə tanış olan Ombudsman, eyni zamnda rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində olmuş, xəstələrin müalicə şəraiti ilə maraqlanmışdır.