Dağ kəndlərinin sakinləri ilə görüş.
Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliynə daxil olan kəndlər rayonun ən ucqar qərb ərazisi olmaqla çətin dağlıq relyefi ilə xarakterizə olunur. Nümayəndəliyin 12 kəndində 1165 təsərrüfatda 6437 nəfər əhali yaşayır. 1 bələdiyyəsi, 4 tam orta, 3 ibtidai məktəbi, 1 kənd sahə xəstəxanası, 2 mədəniyyət evi, 7 klubu, 8 kitabxanası, 2 tibb məntəqəsi və 1 poçtu olan nümayəndəliyin ərazisindən rayon mərkəzinə məsafə 25-40 km-dir və qərb qurtaracaqda İranla həmsərhəddir. Səfalı təbiəti, nadir meşələri, saf havası, mineral bulaqları və sərin suları ilə diqqəti çəkən Talış dağlarına sığınmış bu yaşayış məntəqələrinin ərazisi turizmin inkişafı üçün də əlverişlidir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, arıçılıqdır.
25 iyun tarixində Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev buraya gələrkən əvvəlcə yolunu Kijəbə qəsəbə İƏD-nə daxil olan Ovala kəndinə salaraq əhali ilə görüşmüş, onların arzu və təkliflərini dinləmiş, problemləri ilə tanış olmuşdur. Ovala kəndi dağlıq ərazidə yerləşməklə, 1 ümumi orta məktəb, 1 klub, 1 kitabxana və 1 tibb məntəqəsi vardır. Əhalisi 361 nəfərdir.
Ovala kənd ümumi orta məktəbin direktoru Etibar Baxşıyev, kənd sakinləri Süleyman Tağıyev, Rafiq Mərufov, İlyas Rəhmətov çıxış edərək rayon İcra Hakimiyyəti başçısının rayonun hüquq mühafizə orqanları və əsas idarə, müəssisə rəhbərləri ilə birlikdə əhalinin görüşünə gəlməyini alqışlayaraq minnətdarlıq etdilər. Əhalini yerində dinləmək, problemləri ilə maraqlanaraq həlli üçün tapşırıqlar verməyi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin tərkib hissəsi kimi qiymətləndirən yerli sakinlər bundan razı qaldıqlarını və ölkə rəhbərinə minnətdarlıqlarını dönə-dönə vurğulayaraq qarşıdan gələn prezident seçkilərində yalnız və yalnız İlham Əliyevə səs verəcəklərini söylədilər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev səfalı təbiətin qoynunda əhali ilə görüşdən məmnun olduğunu bildirərək, qeyd etdi ki, Ovala kəndi rayonumuzun ən mənzərəli dağ kəndlərindən biridir. Kənd sakinlərinin birliyi görülən işlərdə özünü göstərir. Yollarda xeyli zəhmət çəkilmiş, ilin bütün fəsillərində avtomobillərin hərəkəti üçün yararlı hala salınmışdır. Bunun davamlı olmasına biz də imkan daxilində köməklik göstərəcəyik. Icra başçısı bildirdi ki, sizin də istifadə etdiyiniz əsas mərkəzi yol olan Ojakəran-Pəlikəş yolunun böyük hissəsində əsaslı təmir işləri aparılmış, bu iş hələ davam edir.
Dövlətimizin iqtisadi gücü və gəlirləri artdıqca ölkədə görülən işlərin miqyası da artır. Bu cür çətin relyef şəraitinə malik olan dağ kəndində müasir tipli məktəb binasının tikilərək istifadəyə verilməsi ölkəmizin gündən-günə artan böyük iqtisadi gücündən xəbər verir. Ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə görülən işlər, həyata keçirilən layihələrlə şəhər, qəsəbə və kəndlərimizin mənzərəsi getdikcə dəyişir. Bütün bunlar insanların normal yaşayışının təmin olunmasına, güzəranlarının yaxşılaşmasına xidmət edir.
İcra başçısı Q.Ağayev burada əhali ilə görüşünü yekunlaşdıraraq 12 km aralıda yerləşən Pəlikəş kəndinə yollandı.
Pəlikəş kəndində də eyni səmimiyyətlə qarşılanan icra hakimiyyətinin başçısı Q.Ağayev əhalini salamlayaraq onları narahat edən məsələlər barədə fikirlərini söyləməyi xahiş etdi.
Başçının ənənəvi olaraq yerlərdə əhali ilə görüşünü yüksək qiymətləndirən Sım kənd sakini Nəbi Xalıqov, Zahirəddin Məmmədov, Xaqani Xalıqov, Əsəd Eynəliyev, Mais Məmmədov və başqaları dağ kəndininin sakinlərinə xüsusi diqqət və qayğıya görə icra başçısına minnətdarlıq etdilər. Xüsusilə Ojakəran-Pəlikəş dağ yolunun əsaslı təmirini yüksək qiymətləndirən sakinlər, əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü həyata keçirilən tədbirlərdən razılıqlarını bildirmiş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə etmişlər.
İcra başçısı Q.Ağayev Pəlikəş və Sım kəndlərində əhali ilə görüşündən keçən bir il müddətində ərazidə xeyli dəyişikliklərin olduğunu qeyd edərək bu işgüzarlığa görə kənd sakinlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ötən müddət ərzində nümayəndəliyin Şəvqo, Doli kəndlərinə ilk dəfə olaraq avtomoibil yolu çəkilmiş, eyni zamanda heç vaxt işıq olmayan bu kəndlərə elektrik xətti çəkilərək əhaliyə enerjinin verilməsi təmin olunmuşdur.
Pəlikəş kəndinin əsas mərkəzi yolunda təmir-bərpa işləri aparıalraq yola kanallar çəkilmiş, bir neçə yerdə suötürücü borular qoyulmuş, çınqıl döşənərək hamarlanmışdır. Ərazinin əsas problemi olan bu məsələ həllini tapmaq üzrədir.
Lakin, bu ərazilər dağlıq olduğu üçün çətinlikləri də çoxdur. Yerli əhali bu yolların mühafizəsində fəallıq göstərməli, iri yük maşınlarının yağışlı günlərdə yollarda hərəkəti məhdudlaşdırılmalıdır. Yolların ilin bütün fəsillərində hərəkətli olması üçün təmir işləri davamlı xarakter almalıdır. Əlbəttə, gələcəkdə bu yollarda daha yüksək səviyyədə təmir işləri aparılacaqdır.
Müstəqil dövlətimizin iqtisadi gücü durmadan artır. Bütün sahələrdə qazanılan uğurlar, əsasən ölkəyə gələn gəlirlərin əhalinin sosial problemlərin həllinə yönəldilməsi, möhtərəm Prezidentimizin öz ölkəsinin sakinlərinə yüksək diqqət və qayğısı kimi dəyərləndirilməlidir. Bu inkişafın təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla davam etdirilir.
Digər sadalanan məsələlər də diqqətimizdədir. Elektrik təsərrüfatının bütün respublikada yenidən qurulması üçün dövlət səviyyəsində iş aparılır. Vaxtı çatanda bu məsələ də tam həllini tapacaqdır. Əsas odur ki, əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
Bu kəndlərdə daha yeni-yeni sosial obyektlər, xəstəxana binaları, mədəniyyət müəssisələri də inşa ediləcəkdir. İnsanlarımızın xoşbəxt, firavan yaşaması üçün bütün işlər görüləcəkdir. Əsas məsələ bizim birliyimizdir. İnanıram ki, həmişə olduğu kimi bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək müstəqil dövlətimizin inkişafı naminə apardığı böyük işlərdə ən yaxın köməkçiləri olacağıq. Bu işdə hamınıza uğurlar arzulayıram.