Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ucqar kəndlərə gedən yollar asfaltlaşdırılır.

28 iyun 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Astara rayonunda da geniş quruculuq və yol abadlıq işləri aparılır. Son aylarda rayonumuzda bu istiqamətdə görülən işlər vətəndaşlarımızın böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Xüsusən, ucqar dağ kəndlərinə gedən yollarda əsaslı şəkildə yenidənqurma və abadlıq işlərinin aparılması illərdən bəri bərbad yollardan əziyyət çəkən dağ kəndləri sakinlərinin ürəyindən olmuşdur. Qısa müddət ərzində Siyaku-Hamoşam-Toradi, Deqədi-Ağkörpü-Pəlikəş istiqamətində 20 kilometrdən çox yol yenidən qurulmuş, çınqıl döşənmiş, hamarlanmışdır. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə istiqamətində dairəvi yol genişləndirilmiş, yol yatağı müasir tələblər səviyyəsində tamamilə qaydaya salınaraq asfaltlaşdırmaq üçün hazırlanmışdır. On minlərlə əhali bu rahat yollardan istifadə edir, görülən işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Artıq bir neçə gündür ki, ucqar kəndlərə gedən Siyaku-Rinə yolunda asfaltlama işlərinə başlanılmışdır. Siyaku, Niləşə, Vıli, Çuəş, Rinə, Miki, Taxtanakəran və digər kəndlərə, o cümlədən dağlıq ərazidə yerləşən Motlayataq, Asxanakaran, Hamoşam və Toradi kəndlərinə gedən                   15 mindən çox əhali müasir tələblər səviyyəsində hazırlanmış rahat asfalt yoldan istifadə etməyə başlamışdır.

Siyaku-Rinə yolunun 5 kilometr hissəsində əsaslı şəkildə yol abadlıq işləri görülmüş, yol yatağı tam hazırlanmışdır. Almaniyadan gətirilmiş ən müasir texniki avadanlıqların köməyi ilə asfaltlaşma işi sürətlə davam etdirilir. Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi “Yoltikintinəqliyyatservis” MMC tərəfindən görülən işlərdə 35-dən çox müxtəlif texnikadan və yüksək ixtisaslı yol mütəxəssislərinin gücündən səmərəli şəkildə istifadə edilir. İş icraçısı Mehman Muxtarov ən müasir asfaltbasan və asfaltyayan avadanlıqlardan istifadə edilməsinin üstünlüklərindən razılıqla söhbət açdı. Yol işçilərindən Natiq Gözəlov, Rüfət Qurbanov, Allahverən Şammədov, Alim Səfərov və başqaları yolun yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində asfaltlaşdırılmasından ötrü var qüvvələrini sərf edirlər.

Niləşə kənd sakini, şəhid atası Mürsəl Kəkəyev böyük razılıq və minnətdarlıq hissi ilə qeyd etdi ki, uzun illərdir Siyaku-Rinə yolunun bərbad vəziyyətdə olmasından ciddi çətinliklərlə üzləşirdik. Bakıdan, Rusiyanın mərkəzi şəhərlərindən gələn qonaqlar bu yollardan xeyli narazı qalırdılar. Son günlər bu ərazidə görülən genişmiqyaslı yol-abadlıq işləri, ən müasir texnikadan geniş istifadə etməklə asfalt işlərinin aparılması bizi hədsiz dərəcədə sevindirir. İndi cəsarətlə deyə bilərik ki, Siyaku-Rinə yolu ən müasir Avropa şəhərlərindəki yollardan da geri qalmır. Bunu ölkəmizin paytaxtı Bakı şəhərindən gələn həmyerlilərimiz açıq etiraf edirlər. Biz bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə, bu işdə xidməti olanların hamısına dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Siyaku-Rinə yolu ərazisində yerləşən bütün kəndlərin sakinləri ölkə başçısı möhtərəm cənab İlham Əliyevə onlar üçün yaratdığı ideal şəraitə görə dərin məhəbbətlərini və yüksək ehtiramlarını ifadə edirlər. 150 nəfərdən çox vətəndaşın imzası ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göndərilən məktubda qeyd olunur ki, son dövrdə Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 3 tam orta məktəb binasının tikintisinin aparılması, 5 kilometrdən çox Siyaku-Rinə yolunun asfaltlaşdırılması bizə dövlət səviyyəsində göstərilən hədsiz diqqət və qayğının parlaq sübutudur. Biz hamımız qarşıdakı prezident seçkilərində ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən İlham Əliyevə səs verəcəyik.

Astaralılar “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda görülən geniş quruculuq və yol abadlıq işlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.      

 

Keçidlər