Rayonun ən ucqar dağ kəndləri olan Toradi və Hamoşam kənd sakinləri ilə görüş.
Dəniz səviyyəsindən 1200 metr hündürlükdə mürəkkəb relyef şəraitinə malik olan Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Toradi və Hamoşam kəndləri rayon mərkəzindən 45 km aralı olmaqla şimal-qərbdə ən ucqar yaşayış məntəqələridir.
Toradi kəndinin ərazisi 497 ha, əhalisi 742 nəfər, təsərrüfatlarının sayı 147, Hamoşam kəndinin ərazisi 1163 ha, əhalisi 2156, təsərrüfatlarının sayı 409-dur. Əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıq olan bu kəndlərin əhalisi zəhmətkeş, dövlətə və dövlətçiliyə sadiq insanlardır.
9 iyul tarixdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşdə son dövrlər dağ kəndlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən razılıqla söhbət açan kənd sakinləri, ölkə rəhbərinin bu diqqət və qayğısına əməli fəaliyyətləri ilə cavab verəcəklərini, ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdə ən yaxın köməkçisi olacaqlarını vurğulamışlar.
Toradi kənd sakini Hacıbaba Babayev, Əvsər Əliyev, Əsgər Babayev, Balazər Əliyev, Hamoşam kənd sakinlərindən kənd ağsaqqalı Mehrəli Fətəliyev, Tərlan Qasımov, Ağarəhim Abdulov, Nadir Qasımov, Asəf Abdulov, Manafəli Kazımov çıxış edərək rayon İcra Hakimiyyəti başçısının ötən il bu kəndə gəlişi zaman qaldırdıqları problemlərin demək olar ki, hamısının həllini tapdığını, bunun üçün ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, son illər ölkəmizdə və rayonumuzda görülən quruculuq-abadlıq işləri – təhsil, səhiyyə, müəssisəslərinin tikintisi və əsaslı təmiri, abadlaşdırılan yollar, salınan körpülər və digər işlər bizi hədsiz sevindirir, ölkəmizin parlaq gələcəyinə inamımızı daha da artırır.
25 km-lik Pensər-Hamoşam-Toradi avtomobil yolunun uzun illərdən bəri əsaslı təmir olunmadığını, rayon mərkəzinə getmək üçün əhalinin xeyli vaxt sərf etməklə əziyyət çəkdiyini, payız-qış mövsümündə yollarda hərəkətin daha da çətinləşdiyini qeyd edən sakinlər, rayon rəhbərliyinin və yerli əhalinin yaxından köməkliyi ilə yolun qısa vaxt ərzində əsaslı təmir edildiyini yüksək qiymətləndirmişlər.
Bu firavan həyata və xoş günlərə görə möhtərəm Prezidentə dərin hörmət və ehtiramımlarını bildirən sakinlər, hər an ölkə rəhbəri ətrafında sıx birləşdiklərini və qarşıdan gələn prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini söyləmişlər.
İcra başçısı Toradi və Hamoşam kənd sakinlərini dinlədikdən sonra növbəti dəfə bu dağ kəndlərində əhali ilə görüşündən məmnun olduğunu, ötən görüşdən keçən müddət ərzində kəndlərin inkişafı, əhalinin rahatlığı üçün müəyyən işlərin görüldüyündən razılığını bildirmişdir. Qeyd etmişdir ki, ötən il bu çətin dağ yollarında aparılan təmir nəticəsində ilin bütün mövsümlərində nəqliyyatın daimi hərəkəti təmin edilməklə xeyli rahatlıq yaradılmışdı. Lakin bununla kifayətlənməyərək, biz sizin də yaxından köməkliyinizlə bu il yenidən bu yollarda əsaslı təmir işinə başladıq. Qısa vaxt ərzində yollar genişləndirilərək çınqıl döşənmiş, kanallar vurulmuş, müəyyən yerlərdə suötürücü borular qoyulmuşdur. Keçən il üç saata gəldiyimiz yolu indi bir saata rahatlıqla gələ bildik. 25 km-lik dağ yolunda indi hər növ avtomobillə rahat hərəkət təmin olunmuşdur. Bu sizin böyük arzularınız, istəklərinizdən birinin gerçəkləşməsidir. Eyni zamanda keçən görüşümüzdə kənddəki elektron ATS-in tutumunun artırılması, sürətli internet şəbəkəsinin açılması, Hamoşam kəndi üçün yeni tədris binasının inşası, kənd üçün təcili yardım avtomobilinin ayrılması barədə müraciətlər etmişdiniz. Gördüyünüz kimi bunların hamısı həllini tapmışdır. Bütün bunlar möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə həyata keçirilmişdir.
Ən ucqar dağ kəndləri olan Toradi və Motlayataq kəndlərində yüksək keyfiyyətlə inşa edilmiş müasir tipli orta məktəb binaları istifadəyə verilmiş, Hamoşam, Asxanakəran kəndlərindəki məktəb binalarının yeni dərs ilində istifadəsi nəzərdə tutulmuşdur. Qonşu kəndlər olan Amboba və Əzərüd kəndlərində də yeni məktəb binalarının tikintisi layihələşdirilir. Belə ucqar dağ kəndlərində bu cür məktəb binalarının inşası, yaxud internet şəbəkəsinin açılması bir neçə il bundan əvvəl yalnız xəyal idi. İndi bunlar gerçəkləşib. Deməli, gündən-günə inkişafı sürətlənən, tərəqqi edən, müstəqil dövlətimiz üçün bu görülən işlər heç də əlçatmaz deyil. Ölkəmizin yalnız bir problemi vardır ki, o da Qarabağ problemidir. İnanırıq ki, ulu öndərimizin siyasi varisi, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu problem də tezliklə həllini tapacaqdır. Bu yaxınlarda, Milli Ordumuzun yaranmasının ildönümündə nümayiş etdirilən hərbi texnikamız və bütövlükdə hərbi potensialımız dediklərimizə əyani sübutdur.
Bu gün müstəqil dövlətimizin sürətli, hərtərəfli inkişafı göz qabağındadır. Ölkəmizin iqtisadi qüdrəti artıqca, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən daha böyük layihələr – ucqar dağ kənd yollarının asfaltlaşdırılması, bu kəndlərə təbii qazın çəkilməsi, elektrik təsərrüfütlarının yenilənməsi və digər bu kimi layihələr də həyata keçiriləcəkdir. Biz bunlara möhkəm birliyimiz, sağlam mənəviyytımız, işgüzarlığımızla nail olacağıq. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Sonda icra başçısı Q.Ağayev Hamoşam kənd tam orta məktəbinin yeni inşa edilən binasında tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.