Astarada yol-abadlıq işləri davam edir
Rayonun ucqar dağlıq və dağətəyi kəndlərində yol problemi həmişə bu ərazidə yaşayan insanları narahat edib. Dağınıq yollar yay aylarında toz-torpağı ilə, qış aylarında palçıqlı olması ilə, hər addımda iri su gölməçələri ilə insanların və nəqliyyatın hərəkəti üçün olduqca çətinliklər yaradırdı. Ərçivan qəsəbəsindən başlayıb, Şuvi, Siyatük, Alaşa və Qapıçıməhəllə kəndlərindən keçən dairəvi yolda da belə vəziyyət idi. Neçə illər idi ki, bu ərazidə yaşayan əhali rahat asfaltlaşdırılmış yolu görmək arzusunda idi. Artıq əhalinin arzusu reallaşır.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu ərazidə yaşayan əhali ilə səyyar qəbul və görüş keçirərkən yolların abadlaşdırılması, asfaltlaşdırılması barədə söylənilən təkliflərə həssaslıqla yanaşmış, bu problemin tezliklə həlli üçün tədbirlər görüləcəyini bildirmişdi. Həmin görüşlərdən ötən az vaxt ərzində yolların təmiri və asfaltlaşdırılması işinə başlanılmışdır. Artıq 13,5 kilometr uzunluğunda olan yolun bir hissəsinə asfalt örtük çəkilmişdir. Dairəvi yolun asfaltlaşdırılmasını Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi “Yoltikintinəqliyyatservis” MMC həyata keçirir.
Bu yolun yarısından çoxunun Azərbaycan-İran sərhədi boyu uzanması onun əhəmiyyətini daha da artırır. Asfalt yol bu ərazidə yaşayan əhali tərəfindən hədsiz sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Kənd sakinləri deyirlər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsini Astaranın timsalında da aydın görürük. Astarada görülən tikinti, yenidənqurma və abadlıq işlər hamımızda razılıq doğurur. Rayonumuz son illərdə xeyli inkişaf edib, siması gözəlləşib, yollarımız abadlaşıb. Kəndimizdən keçən bu yolun abadlığını, asfaltlaşdırılmasını illərlə gözləmişik. Bu yolun indi asfalt döşənəkli olmasını görəndə sevincimiz qat-qat artır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bu sevinci bizə bəxş etdiyinə görə dərin minnətdarlığımızı bildiririk.