Şümrüd və Düriyyə dağ kəndlərinin sakinləri ilə görüş keçirilmişdir.
Pəlikəş inzibati ərazi dairəsi nümayəndəliyinin əhali və ərazisinə görə ikinci böyük kəndi Şümrüd, üçüncüsü Düriyyə kəndidir. Şümrüd kəndində 148 təsərrüfatda 896, Düriyyə kəndində 142 təsərrüfütda 876 nəfər əhali yaşayır. Hər iki kənd rayon mərkəzindən 35 km aralı ucqar dağlıq ərazidə yerləşir. Sıldırım qayaların döşünə səpələnmiş evləri yaşıllıqlar görünməz edir. Bu sərt təbiətin qoynunda məskunlaşan əhali heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olmaqla gün-güzəranını qurmuşlar.
18 iyul tarixində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə bu kənddə əhali ilə görüşü yerli sakinlər tərfindən maraqla qarşılanaraq onlarda böyük razılıq hissi doğurmuşdur.
Şümrüd kənd sakinləri ağsaqqal Həsən Zülfüqarov, birinci qrup hərbi əlil Zamiq Ağayev, Xutkar Zülfüqarov, Düriyyə kənd sakinləri Məmmədhüseyn Dadaşov, Sahil Əhədov, Nüsrət Dadaşov və başqaları çıxışlarında son on ildə əraziyə gələn icra başçılarının onlarla yalnız qonşu Pəlikəş kəndində görüşdüklərini qeyd etmiş, icra başçısının kəndlərinə gəlişini yüksək dəyərləndirmişlər. Son aylarda dağ kəndlərinə, o cümlədən Pəlikəş kəndinə gələn yolların əsaslı təmirini dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qeyd edən sakinlər, buna görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmiş, qarşıdan gələn Prezident seçkilərində yalnız ona səs verəcəklərini birmənalı olaraq söyləmişlər.
Çıxış edənlər həm də Deqədi-Pəlikəş yolundan bu kəndlərə ayrılan 6 km-lik yolun əsaslı təmiri, Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, elektrik xətt təsərrüfatının təmiri, Düriyyə kəndində ümumi orta məktəbin açılmasının vacibliyi barədə təkliflərini də vermişlər.
İcra başçısı Q.Ağayev yerli sakinlərin çıxış və təkliflərini dinləyərək qeyd etmişdir ki, nümayəndəliyin ərazisində bir neçə dəfə olmuş, bu kəndlərin sakinləri də daxil olmaqla əhali ilə görüşərək problemləri ilə maraqlanmış, imkan daxilində həllinə köməklik göstərmişdir. Nəticədə bu ərazilərin əsas problemi olan yolların əsaslı təmiri aparılmış, əhalinin rahat gediş-gəlişi təmin olunmuşdur. Buna baxmayaraq Şümrüd və Düriyyə kəndlərində əhali ilə yerində görüşüb bir daha onları narahat edən məsələləri öyrənmək, həlli yollarını birgə axtarmağı əsas məqsəd kimi qeyd edən Q.Ağayev qüdrətli dövlətimiz üçün bu günkü gündə həlli mümkün olmayan problem yoxdur deyə vurğulamışdır. Bildirmişdir ki, böyük inkişaf və tərəqqi yolunda olan müstəqil Azərbaycan Ulu Öndərimizin müdrikliyi və uzaqgörənliyi ilə müəyyən edilən möhkəm təməl üzərində qurulmuşdur. Bu siyasətin layiqli davamçısı ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərlə daha uğurlu gələcəyə istiqamət götürən dövlətimiz dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə möhkəm əlaqələr qurmuş, güclü dövlətlərin etibarlı tərəfdaşına çevrilmişdir.
İcra başçısı qeyd etmişdir ki, ölkəmizin hərtərəfli inkişafını bir-birinin ardınca qəbul edilən inkişaf proqramlarının uğurlu icrasından görmək mümkündür. Bunun nəticəsidir ki, bu gün ölkəmizin iri şəhərləri ilə yanaşı ən ucqar qəsəbə və kəndlərimiz də abadlaşır, gözəlləşir, insanların rahat güzəranı üçün ideal şəraitin yaradılmasına diqqət yetirilir. Təkcə bunu demək kifayətdir ki, sovet dönəmində rayonumuzda birtipli layihə əsasında cəmi on-on beş məktəb binası tikilmişdisə, hazırda rayonda yeni tikilən və əsaslı təmir olunan məktəb binalarının sayı 30-dan artıqdır. Bunların da əksəriyyəti bu cür çətin relyef şəraiti olan kəndlərdədir. Bu gün dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri də gənclərin təhsilinə dövlət qayğısının artırılması, ölkəmiz üçün ən savadlı, bacarıqlı gənc kadrların, layiqli vətəndaşların yetişdirilməsidir ki, bunun da uğurlu nəticələri görünməkdədir.
Burada söylənən fikirlərə bir də aydınlıq gətirərək yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, yeni məktəb binasının tikintisi ilə yanaşı eyni zamanda daha böyük layihələrin bu ucqar dağ kəndlərində tədricən reallaşacağını tam əminliklə nəzərinizə çatdırıram. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Daha sonra icra başçısı Şümrüd kənd tam orta məktəbin tədris binası, kənd həkim məntəqəsi və klubla tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.
Q.Ağayev qayıdarkən Pəlikəş yolunda çay üzərində yeni inşa edilmiş körpüyə də baxış keçirmişdir.