Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dağ kəndlərində əhali ilə görüşlər davam edir

24 iyul 2013 | 15:00

Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi  hal alan görüşlərinin təkcə inzibati ərazi dairəsi nümayəndəliklərində, bələdiyyələrdə və iri kəndlərdə deyil, ən kiçik yaşayış məntəqələrində də keçirilməsi mövcud problemlərin həllini tezləşdirməklə sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Təkcə son bir ayda Ovala, Pəlikəş, Toradi, Hamoşam, Şümrüd və Düriyyə kəndlərindən sonra Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xıçaso kəndində Şəmətük və Sipiyəalfətik kənd sakinləri də daxil olmaqla keçirilən görüş, əhaliyə, xüsusən ucqar dağ kəndlərində yaşayan əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Kijəbə qəsəbəsindən yaşıl yamaclı dağlara doğru uzanan yollardan keçdikcə təbiət daha da gözəlləşir, bütün füsunkarlığı ilə gözümüzün önündə canlanırdı. Bu yerlərdən başqa dünyanın heç bir yerində bitməyən şabalıdyarpaq palıd, dəmirağacı, azad və digər nadir ağaclar ətrafa bir sərinlik yayaraq yay gününün istisini unutdururdu. Yolların abadlığı, dağ yamacında sıralanan evlərin səliqəli həyətlərində aparılan əkinlər sakinlərin işgüzarlığından xəbər verir.

Bu üç kəndin 118 təsərrüfatında yaşayan 580 nəfər əhalinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.

23 iyul tarixində rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin bu kəndə gəlişini yerli sakinlər böyük sevinclə qarşıladılar. Kənd sakinlərindən Fazil Məmmədov, Gülbala Hidayətov, Əfrasiyab Məmmədov, Fərhad Eynəliyev, Canağa Hidayətov və başqaları görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq etmiş, bu kəndlərə  heç bir icra başçısının ayağının dəymədiyini xüsusilə vurğulamışlar. Respublikada və rayonumuzda aparılan çoxsaylı quruculuq-abadlıq işlərinin müstəqil dövlətimizin şöhrətini getdikcə artırdığını, dünyanın ən gözəl, ən abad dövlətlərdən birinə çevirdiyini sevinclə vurğulayan kənd sakinləri, bu möhtəşəm işlərdə ölkə başçısı möhtərəm cənab İlham Əliyevin ətrafında hər zaman sıx birləşdiklərini inamla söyləmişlər. Tüləgüvan-Sipiyəalfətik kəndlərini ayıran çay üzərində körpü qoyulması və elektrik dirəklərinin təmirindən başqa kənddə ciddi bir problemin olmadığı qeyd olunmuşdur.

İcra Hakimiyyətinin başçısı Q.Ağayev təkrarsız gözəlliyə malik təbiətə  valeh olduğunu gizlətməyərək dünyanın ən səfalı, mənzərəli yerləri ilə müqayisə oluna biləcək belə bir məkanda yaşayanları xoşbəxt insanlar  adlandırmışdır. Qeyd etmişdir ki, doğma Azərbaycanımızın hər bir guşəsi valehedicidir, gözəldir. Müstəqillik dönəmində əldə olunan nailiyyətlər, aparılan tikinti-quruculuq işləri ölkəmizin hüsnünə xüsusi bir yaraşıq verərək daha da baxımlı etməklə, bu yurda qədəm basan hər bir insanı valeh edir.

Kənd sakinlərinin təşəbbüsü ilə yollarda aparılan təmir işlərini yüksək qiymətləndirən icra başçısı əhaliyə təşəkkürünü bildirmiş, bu birliyin   davamlı olmasını arzulayaraq icra hakimiyyəti tərəfindən də hər cür qayğı ilə əhatə olunacaqlarını söyləmişdir.

Tüləgüvan-Sipiyəalfətik kəndlərini ayıran çay üzərində körpü qoyulması və elektrik dirəklərinin təmiri ilə əlaqədar yerindəcə tapşırıqlarını verən Q.Ağayev sosial problemlərin aradan qaldırılması üçün dövlətin həyata keçirdiyi mühüm tədbirləri əhalinin nəzərinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin son bir ildə rayonumuzun inkişafı ilə əlaqədar imzaladığı Sərəncamlar, xüsusən bir neçə gün əvvəl kəndarası yolların əsaslı təmiri ilə əlaqədar 3,3 milyon manat vəsait ayırması barədə Sərəncamı rayonumuzun sakinlərinə olan böyük diqqət və qayğının parlaq təzahürüdür.

İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcəyini, rahat yaşıyışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman  ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.          

Keçidlər