Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

25 iyul 2013 | 15:00

24 iyul 2013-cü il tarixdə Astara rayon İcra Hakimiyyətində iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Şura iclası keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev məruzəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin nitqinə diqqəti çəkərək qeyd etmişdir ki, 2013-cü ilin birinci yarısında respublikada  ümumi daxili məhsul 5 % artmış, qeyri-neft sektorunun inkişafı 11 % olmuşdur.  Əhalinin pul gəliri isə 7,1% artmışdır. Kənd təsərrüfatında artım 5 % olmuşdur. Ölkənin maddi imkanları, valyuta imkanları artır. İndi valyuta ehtiyatlarımız 48 milyarda çatmışdır. Sosial sahədə xeyli inkişaf vardır. Vətəndaşların pensiya və əmək haqlarının artırılması nəzərdə tutulmuşdur. Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər uğurla icra olunmaqdadır. Respublikanın  bütün rayonlarında ciddi inkişaf, canlanma, xoş əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri hər yerdə üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizlik aradan qaldırılır.

Azərbaycanda keçirilən yüksək səviyyəli mötəbər beynəlxalq tədbirlər beynəlxalq nüfuzumuzu daha da artırır. Bu nüfuzun yüksək səviyyədə olmasının göstəricisi bizim hazırda BMT Təhlükəsizlik Şurasında üzvlüyümüzdür.

Təkcə altı ay ərzində Bakıda ikinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Humanitar Forumu, Dünya Dinlərinin Liderlərinin Zirvə görüşü, Davos Dünya İqtisadi Forumu, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər beynəlxalq qurumların tədbirləri keçirilmişdir.

Dünya Bankı, Valyuta Fondu kimi təşkilatlar Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Rəqabət qabiliyyətinə görə bu gün ölkə iqtisadiyyatı dünya miqyasında 46-cı yerdədir. Xarici siyasətimiz də həmişəki kimi uğurlu olmuşdur. Ölkə başçısının xarici ölkələrə səfərləri, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formada münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir.

Möhtərəm Prezidentimizin son 10 il ərzində 5 dəfə Avropa Komissiyasına səfəri münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür.

Ölkədə görülən işlərlə yanaşı Astara rayonunda da 2013-cü ilin birinci yarısında sosial-iqtisadi sahədə xeyli işlərin görüldüyünü qeyd edən natiq,  xüsusilə, tikinti-quruculuq və yol-abadlıq işlərinin ardıcıl olaraq aparılmasını vurğulamışdır. Qeyd olunmuşdur ki, 2013-cü ildə astaralilar üçün ən əlamətdar və uğurlu hadisələrdən biri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı 15 iyul 2013-cü il tarixli Sərəncamı olmuşdur. Bu sərəncamla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılmışdır. Hazırda həmin yaşayış məntəqələrində yolların asfaltlaşdırılması tamamlamaq üzrədir. Bu da əhalinin hədsiz sevincinə səbəb olmuş, ölkə rəhbərinə  minnətdarlıqlarını bildirirlər. Cənab Prezidentin son illərdə rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl imzaladığı sərəncamlar astaralilara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ayrılmış vəsaitlər hesabına Astara ölkəmizin ən gözəl, abad  rayonuna çevrilmişdir. 

Son altı ayda rayonda abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Heydər Əliyev prospektinin girişində genişləndirmə işləri aparılmış, yolun  hər iki tərəfində  yeni  hasarlar hörülmüş, 8500 m2  travertin materialından üzlüklər çəkilmişdir. Şəhər 1 saylı tam orta məktəbin qarşısında genişləndirmə işləri aparılmış, yeni dizaynda bağ salınmışdır.  Astara Uşaq Musiqi məktəbinin dam örtüyü dəyişdirilmiş, fasadı yenidən işlənmişdir. S.Vurğun küçəsində 2, Z.Bunyadov küçəsində 3 ictimai yaşayış binasının dam örtüyü tam dəyişdirilmiş, Azərbaycan küçəsində 4 ictimai binanın fasadı yenidən qurulmuşdur. Nizami və Qum küçəsindəki hasarlar yenidən hörülmüş, üzlüklər çəkilmiş, Bayraq meydanının  ətrafında geniş abadlıq işləri aparılmışdır. Şəhərin küçə və meydanlarının işıqlandırılmasını daha da yaxşılaşdırmaq məqsədilə Heydər Əliyev prospektində elektrik dirəkləri yenisi ilə əvəz edilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.   

Rayon Mərkəzi  xəstəxanasının poliklinika şöbəsinin əsaslı təmiri davam etdirilir. Ərazidə yeni park salınmış, geniş abadlıq işləri görülmüşdür.

Şəhərin mərkəzində 9 mərtəbəli və sərhədçilər üçün 6 mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir.

Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndlərimizdə  də sürətlə  davam etdirilir.

Dövlət Proqramının icrası ilə əlaqədar Telman, Sağlazüzə və Motlayataq  kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.    Şuvi, Vaqo, Siyaku, Hamoşam,  Suparibağ, Rudəkənar və Asxanakəran, kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.  Asxanakəran ərazi nümayəndəliyinin Əzərud və Anboba kəndlərində 80 yerlik yeni ibtidai məktəb binasının tikintisi ilə əlaqədar hazırlıq işlərinə başlanmışdır. 

Kijəbə qəsəbəsində Heydər Əliyev Parkı tikilib istifadəyə verilmiş, orada Ulu öndərin büstü qoyulmuşdur.

Lovayın su anbarının əsaslı təmiri, və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması davam etdirilir. Ərçivan qəsəbəsində 1 km, Pensər kəndində 1,4 km, Şiyəkəran kəndində 1,6 km kənd ara yollarına asfalt döşənmişdir.  

Rayon icra hakimiyyətinin dəstəyi ilə Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə və Ojəkəran-Pəlikəş-Şəvqo kəndləri istiqamətində gedən yolların təmiri başa çatdırılmışdır. Doli kəndinə elektrik enerjisi verilməsi təmin edilmişdir.  

Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin birinci yarısında  evlərə yeni qaz xətti çəkilmiş, təmir-bərpa işləri aparılmışdır. Şuvi, Sərək və Vəznəş kəndlərində təbii qazın verilməsi təmin edilmiş,  Şahağac, Telman, Səlivə və Deqədi  kəndlərində təbii qazın çəkilişi davam etdirilir. Siyaku kəndindəki yarımstansiyadan Şahağac kəndinə gedən qaz kəməri  polietilen  borusu ilə əvəz edilmişdir.   Təngərüd, Pensər, Bala.Şahağacı və Kakalos kəndlərinin ərazisində yeni yaşayış məntəqələrinə qaz  xəttinin  çəkilişinə başlanmışdır.

Astara Elektrik Şəbəkəsi tərəfindən  transformatorlar təmir edilmiş,      köhnə  dirək yenisi ilə əvəz olunmuş, hava xətlərində xeyli naqil və SİP kabellər yenisi ilə əvəz edilmişdir.

Şəhər  əhalisini narahat edən əsas məsələlərdən biri olan  içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına yaxın günlərdə  başlanması nəzərdə tutulmuşdur.

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlar qazanılmışdır. Çay plantasiyalarından, tərəvəz, taxıl, kartof sahələrindən bol məhsul yığılmışdır.  Ötən illə müqayisədə 188 ton buğda, 2904 ton tərəvəz, 372 ton kartof, 9 ton yaşıl çay yarpağı çox istehsal edilmişdir. Bu il  17 hektar çox çəltik əkilmiş, 23 hektar yeni çay sahəsi salınması üçün şitil yetişdirilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamına uyğun olaraq Ulu Öndərimiz  Heydər Əliyevin və görkəmli alim, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq  rayonun şəhər, qəsəbə və kənd ərazi nümayəndəliklərində, bütün təşkilatlarda, o cümlədən təhsil, səhiyyə və mədəniyyət müəssisələrində  tədbirlər keçirilmişdir. Fərəhli haldır ki, rayonumuzda ilk dəfə olaraq Rusiya, Türkiyə, Özbəkistan və Hindistandan gəlmiş tanınmış alimlərin və Azərbaycanın görkəmli elm xadimlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İKT və Qloballaşma” mövzusunda  konfrans keçirilmişdir  

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurmuş və razılıqla qarşılanmışdır. Xüsusilə, dağlıq ərazidə yerləşən yaşayış məntəqələrində keçirilən səyyar qəbul və görüşlər diqqətəlayiq olmuşdur. Burada vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir çoxu, o cümlədən dağ kəndlərinə gedən yolların təmiri ilə bağlı müraciətlər qısa müddətdə həllini tapmışdır.  Bu əhali tərəfindən razılıqla qarşılanmaqla yanaşı onların dövlət hakimiyyət orqanlarına inamını daha da artırmışdır.

Bu ilin birinci yarısında  23 səyyar qəbul keçirilmiş 106 vətəndaşın müraciətləri əsasında qaldırılan problemlər yerindəcə həll edilmişdir.

İcra başçısı Q.Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısında  sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə ediləcəyini, əhalinin maddi rifah halının və güzəranının daha da yaxşılaşdırılması, rayonumuzun gündən-günə abadlaşdırılması və gözəlləşdirilməsindən ötrü mümkün olan bütün tədbirlərin həyata keçirəcəyini əminliklə söyləmişdir.

 

Keçidlər